525.Az

Dünya birliyi Xocalı soyqırımına ədalətli qiymət verməlidir


 

AZƏRBAYCAN DÖVLƏTİ ÜÇÜN BU İSTİQAMƏTDƏ HƏYATA KEÇİRİLƏN FƏALİYYƏT PRİORİTET MƏSƏLƏDİR

Dünya birliyi Xocalı soyqırımına ədalətli qiymət verməlidir<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 26-sı ölkəmizə qarşı işğal siyasətini hələ də davam etdirən Ermənistan Silahlı Qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi terror aktı -Xocalı soyqırımının 24-cü anım günüdür.

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalandıqdan sonra dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması istiqamətində həyata keçirdiyi fəaliyyətlə yanaşı, daha da geniş miqyasda işğalçı ölkənin törətdiyi vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatıdırılması, xarici dövlət və beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçı dövlət kimi tanınması, Xocalı soyqırımına hüquqi qiymətin verilməsi istiqamətində də iş aparmağa başlayıb.

Xocalıda törədilən faciənin beynəlxalq miqyasda tanıdılması, başda Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan olmaqla, bu terror hücumunu törədən ermənilərin beynəlxalq hərbi tribunala çıxarılması və ən ağır cəzalara məhrum edilməsi Azərbaycan dövləti üçün prioritet təşkil edir.

Qeyd edək ki, Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə "Justice for Khojaly" ("Xocalıya Ədalət") kampaniyasına start verilib. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq, demək olar ki, hər il dünyada Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artır. Bugünədək bu amansız terror aktını 8 ölkə - Pakistan, Kolumbiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Sudan tanıyıb, Rumıniya isə Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib. Bundan əlavə, hazırda ABŞ-ın 20 ştatı bu faciəni tanıyaraq, Ermənistanın törətdiyi bu vəhşilikləri pisləyib.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində fəaliyyət aparan qurumlardan biri də Xocalı Soyqırımını Tanıtma İctimai Birliyidir. Təşkilat 2007-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan həqiqətlərinin dünya insanına çatdırılması istiqamətində geniş fəaliyyət aparmağa başlayıb.

İctimai Birliyin sədri, müharibə veteranı Şamil Ələkbərli qeyd edib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas məqsədi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Rusiyaya məxsus 366-cı motoatıcı alayın şəxsi heyəti və erməni hərbi birləşmələri tərəfindən törədilən Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən bu faciəyə əsl hüquqi - siyasi qiymət verilməsinə nail olmaqdan ibarətdir: "Soyqırım zamanı vəhşicəsinə qətlə yetirilənlərin və itkin düşənlərin əziz xatirələrinin mütəmadi olaraq yad olunması, təsadüf nəticəsində sağ qalanlarla ictimaiyyət nümayəndələrinin görüşlərinin keçirilməsi, bu faciəyə həsr olunmuş sərgilərin, simpoziumların, brifinqlərin, mətbuat konfranslarının təşkil edilməsi, dədə - baba yurdlarına qayıdanadək xocalıların statusunun dəqiqləşdirilməsi qarşıda duran ən ümdə vəzifələrdəndir".

Ş.Ələkbərli bildirib ki, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi yarandığı gündən Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində bir çox layihələrə imza atıb.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkli Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva ermənilərin azərbaycanlılarla qarşı Xocalıda törətdiyi terror aktının dünya miqyasında tanıdılması istiqamətində ciddi fəaliyyət apardığını xatırladan birlik sədri qeyd edib ki, bu, onların Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərini daha da stimullaşdırır: "Ona görə də, biz bütün gücümüzü səfərbər edərək bu istiqamətdə məqsədyönlü fəaliyyətimizi davam etdiririk. Dünya birliyi Xocali hadisəsinə ədalətli qiymət verməlidir".

Ş.Ələkbərli deyib ki, rəhbərlik etdiyi İctimai Birlik keçən il qardaş ölkə olan Türkiyənin bir neçə şəhərində Xocalı soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər keçirib: "Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə əldə olunan razılığa əsasən, bu il Türkiyənin İzmir şəhərində Xocalı park və abidəsinin açılışı olacaq".

QHT sədri bildirib ki, onların fəaliyyəti təkcə ölkə daxilində və qardaş ölkədə həyata keçirdikləri tədbirlərlə kifayətlənmir: "Bundan əlavə biz dünyanın bir çox ölkələrində Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparırıq".

Birlik sədri qeyd edib ki, fevralın 8-də təşkilatın üzvləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüblər: "Amerikalı səfir bizi çox məmnunluqla qarşılayıb. Biz Robert Sekutaya Ermənistan Silahlı Qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, düşmən ölkənin işğalçılıq siyasəti barədə məlumat verdik. Biz çalışırıq ki, bu yaxınlarda ABŞ-da Xocalı soyqırımının anım günü ilə bağlı tədbir keçirək. Artıq bu istiqamətdə danışıqlar gedir".

Ş.Ələkbərli deyib ki, rəhbərlik etdiyi təşkilat Hollandiya və Almaniyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirmək üçün dəvət alıb".

Birlik sədri vurğulayıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən fəaliyyət Azərbaycan dövləti üçün prioritet məsələdir: "Bu, dövlətin milli təhlükəsizlik konsepsiyasına daxil edilib. İnanıram ki, dövlət səviyyəsində aparılan fəaliyyətin nəticəsi olaraq, Ermənistan ən azından Xocalıda törətdiyi soyqırıma görə, Azərbaycana təzminat ödəməli olacaq. Lakin bizim üçün əsas məsələ bu hadisənin törədilməsində birbaşa iştirak edən ermənilərin beynəlxalq məhkəmə qarşısına çıxarılması və törətdikləri vəhşiliklərə görə ən ağır cəzalara məhkum edilmələridir".

Ş.Ələkbərli əlavə edib ki, o və rəhbərlik etdiyi təşkilatın üzvləri Azərbaycan dövlətinin Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf yeddi rayonun qaytarılması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirirlər: "Əminəm ki, danışıqlar prosesi heç bir nəticə vermədiyi təqdirdə yaxın vaxtlarda biz öz torpaqlarımızı hərbi yolla düşmən tapdağından azad edəcəyik".

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə bildirib ki, günahsız, əliyalın insanların hüquq və azadlıqlarının kütləvi şəkildə vəhşicəsinə pozulması ilə nəticələnən, bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, bu cinayətin törədilməsində səbəbkar olan ermənilər hələ də layiqli cəzalarını almayıblar: "Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir. Buna baxmayaraq,  bəşəriyyət öz susqunluğunu qoruyur".

M.Seyidov vurğulayıb ki, bütün çətinlik, ikili standart və haqsızlıqlara baxmayaraq bizim ölkə olaraq dayanmaq niyyətimiz yoxdur: "Ölkəmizin yeritdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, artıq dünya birliyi Xocalıda törədilən faciə haqqında məlumatlıdır. Bildiyiniz kimi bu yaxınlarda ABŞ-ın bir neçə ştatı  Xocalı soyqırımını tanıdıqları ilə bağlı sərəncam imzalayıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına dünyanın bir sıra ölkələri qoşulur və təbliğat xarakterli işlər görülür. Bütün bunlar onu göstərir ki, bizlər səsimizi dünyaya eşitdirə bilirik".

İnternet mediasının hökm sürdüyü bir vaxtda yaşadığımızı deyən birlik sədri qeyd edib ki, özümüzə düzgün hədəf, düzgün istiqamət götürsək, gördüyümüz işi sosial mediada düzgün təbliğ etsək səsimiz daha da uzaqlara çatacaq: "Beynəlxalq birlik qəbul edəcək ki, Xocalı faciəsi bütün dünyaya qarşı törədilmiş bir cinayətdir və bu cinayətə göz yummaq cinayətkara yardım etməkdən başqa bir şey deyil. UBM Qrupun yaratdığı "Justice for Khojaly" bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir. Ölkə olaraq böyük işlər görürük və mən inanıram ki,  istəyimizə nail olacağıq".

M.Seyidov əlavə edib ki, "İrəli" İctimai Birliyi olaraq onlar da bu istiqamətdə üzərlərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirməyə çalışırlar: "İlk olaraq təşkilatımız tərəfindən hazırlanan, faciənin 24 illiyinə həsr olunmuş informativ xarakterli sosial video-çarx ictimaiyyətə təqdim olunacaq. Ardınca 200-300 nəfərlə birgə yürüş təşkil edəcəyik. Xocalı şəhidlərimizin xatirəsinə həsr edilmiş yürüş Dənizkənarı Milli Parkdan başlayacaq və "Ana Fəryadı" abidəsinin önünə qədər davam edəcək". 

Ceyhun ABASOV

 





25.02.2016    çap et  çap et