525.Az

Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - Fotoreportaj


 

Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - <b style="color:red">Fotoreportaj</b>

Bilik Fondu Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçiribAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı erməni qəsbkarlarının vəhşiliklərindən danışıb. Xocalıda törətdilən faciələrin heç vaxt yaddan çıxmayacağını diqqətə çatdıran akademik Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Xocalıda yalnız azərbaycanlı olduqlarına görə soyqırıma məruz qalmış insanların acı taleyindən danışıb, Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Mərasimdə Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi, Qafqaz Universiteti, Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində təhsil alan xarici ölkələrdən olan tələbələr iştirak ediblər.

Xocalı faciəsini əks etdirən sənədli filmin nümayişi, xüsusilə Pakistan, Əfqanıstan, Zimbabve, Çexiya, Fələstin, Polşa, İtaliya, Portuqaliya, Rusiya, Türkmənistan və Yəməndən olan tələbələri təsirləndirib.

Tədbir Binəqədi rayon 244 nömrəli orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya ilə davam edib.

Sonra Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqili Dram Teatrının ifasında Xocalı həqiqətlərindən bəhs edən “Ağ qayıq” tamaşası təqdim edilib. Elnurə Abdullayevanın pyesi əsasında Samir Qulamovun quruluş verdiyi tamaşaya Fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Bakı şəhər 245, 45, 18 nömrəli orta məktəblərin şagirdləri, BSU və BDU-nun tələbələrindən ibarət könüllülər baxıblar.

 





25.02.2016    çap et  çap et