525.Az

Ağcakənddə Xocalı əks-sədası


 

GORANBOYUN BU DAĞLIQ KƏNDİNƏ XOCALILARLA BƏRABƏR ONLARIN KƏDƏRİ DƏ KÖÇÜB

Ağcakənddə Xocalı əks-sədası<b style="color:red"></b>

20-ci əsrin ən böyük insan faciələrindən olan Xocalı qətlamının şahidləri artıq 24 ildir ki, o məşhər gecəsinin dəhşətli anlarını yaddaşlarında gəzdirirlər.

Goranboyun Ağcakənd qəsəbəsində 400-dək Xocalı ailəsi yaşayır.

Ağcakəndin hər bir guşəsinə sanki Xocalının narahat, kədərli ruhu hopub. Soydaşlarımızın qətliamına xatirə abidəsinin qara mərməri üstündən heç zaman əskik olmayan al qərənfillər də xocalıların 24 ildir ki, qurumaq bilməyən qan damlalarını bəzəyir.

Ağcakənddəki  evlərdə ailənin üzvləri yalnız dirilərdən ibarət deyil. Onların şəhid olmuş yaxınlarının ruhları da Xocalı geri alınanacan bu evlərdə dolanır, neçə-neçə şəkillərdən bizə boylanır.

60  yaşlı Elmira Allahverdiyevanın  - atası, anası, həyat yoldaşı ,oğlu, qardaşı ,bacısı -  ümumən 14 nəfər əzizi şəhid olub, 4 nəfəri isə itkin sayılır. Onlardan ən kiçiyi  10-cu sinifdə oxuyan oğlu,   öz atası ilə birlikdə Xocalıda qalıb və şəhəri sonacan müdafiə edənlər sırasında olub.

"Kiçik oğlum Mahir 10-cu sinif şagirdi idi. Faciəvi günlər ərəfəsində mənə dedi ki, ana, biz sinif yoldaşlarımızla sözü bir yerə qoymuşuq ki, nə olur, olsun burda qalaq, torpaqlarımızı qoruyaq. Həmin sinfin 7 nəfər şagirdi şəhid  oldu. Oğlumun da nə dirisi, nə ölüsü gəlmədi. Hər dəfə Ağcabədinin Ağdama yaxın kəndindəki qəbiristana, bizim xocalıların qəbirlərini ziyarətə gedəndə məzarlara qoyacağım güllərdən bir pay da artıq, oğlumun gül payını da aparıram. Bütün qəbirlərə gül düzəndən sonra oğlumun gül payını əlimdə saxlayıb, üzümü Ağdama sarı tutub deyirəm, ay Mahir, nə olaydı, sənin də qəbrin olaydı, bu gülləri ora düzə biləydm..."-deyə, kədərli ana söyləyir.

Keçmiş döyüşçü Ramiz Nəsirov da xain ermənilərin törətdikləri vəhşiliklərin canlı şahidlərindəndir.  Savaş meydanında igidliyi ilə ad çıxarmış, "İgidliyə görə" medallı bu zabit düşmənin ən alçaq hərəkətlərdən çəkinməməsinin heç bir müharibə məntiqinə belə sığmadığını vurğulayır.

"Dinc əhalini qırmaq kişilikdən deyil. Adamı da bu yandırır. Meyit meyitin üstündə, eləsi var ki, başının yarısı yox, eləsi var qolu, qıçı yox...Bu insanlıqdan kənar bir vəhşilikdir"-deyə, R. Nəsirov nəql edir.

O dəhşətli hadisələr zamanı 19 yaşında olan  Xumar Səlimova atası və üç qardaşını itirib. Onun xatirələri isə qəlb göynədən dramatizmi ilə ən ağır filmləri kölgədə qoyar. Amma bu film deyil, yaşanmış bir gerçəkdir!

"Atam və qardaşımla bir yerdə idik. Yaxından ermənilərin səsləri gəlirdi. Qardaşım dedi ki, bacı, səni öldürməliyəm ki, erməni əlinə keçməyəsən. Mən razılaşıb, ağlaya-ağlaya gözlərimi yumdum. Qardaşım polis işçisi idi, silahı vardı. Üç dəfə mənə tuşladı...Mən də hönkürürdüm. Atam birdən dedi ki, öldürmə, qoy uzaqlaşsın, bəlkə xilas ola bildi. Mənə dedilər ki, var gücünlə qaç, biz burda qalacağıq. Mən qaçmağa başladım. Sonra qəfil dayanıb onlara son dəfə baxdım. Elə bil, kimsə dedi ki, get onlarla görüş. Qayıdıb onları qucaqladım, ayrıldım. Bu, bizim son görüşümüz oldu.Nə qədər, necə getdiyimi bilmədim...Bir də ayıldım ki, meyitlərin arasındayam. Taqətim də yox idi tərpənməyə. 3-4 saat orda bu cür qaldım. Sonra azərbaycanca səslər eşitdim. Bizi axtara-axtara gələn ağdamlılar qışqırırdılar:-Ey xocalılar, hardasınız? Sağ qalanınız varmı? Səslənin, sizə köməyə gəlirik! Mən başımı qaldırdım...Onlar məni götürdülər...Sağ qalan bircə mən idim..."-deyə, X. Səlimova o günlərin acısını bir də yaşayır.

Kəndin uşaqları ilə ünsiyyətdə olsanız, onların böyüklər kimi ciddi davrandıqlarını hiss edərsiniz. Bu uşaqların əksəriyyəti  babasız, nənəsiz böyüyür. Amma baba ocağını görmək, ora dönmək ən böyük istəkləridir.

Zakir Muradov
Ağcakənd

 





26.02.2016    çap et  çap et