525.Az

"Xocalı faciəsi bəşər tarixində misli görünməmiş cinayətdir"


 

"Xocalı faciəsi bəşər tarixində misli görünməmiş cinayətdir"<b style="color:red"></b>

Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə İraqın Azərbaycandakı səfiri Fədhil Əl Şuvaili, Fələstin səfiri Nasir Əbdül Kərim Əbdül Rəhimi, Sudan səfiri Məhəmməd Elias Məhəmməd Əl Haq da iştirak ediblər.

ADPU-nun rektoru Yusif Məmmədov anım mərasimini giriş sözü ilə açaraq Xocalı soyqırımı haqqında ətraflı danışıb: "Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. Bu soyqırımı həm də bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq hərbi cinayət aktıdır. Xocalı faciəsi bəşər tarixində misli görünməmiş bir cinayətdir".

Y.Məmmədov çıxışının sonunda qeyd edib ki, Azərbaycana qarşı yürüdülən ikili standartların nəticəsində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələr bugünədək icra edilməyib: "Dünya ictimaiyyəti nəinki bunu görmür, hətta Xocalı faciəsini soyqırımı kimi tanımaq istəmir".

Tədbirdə iştirak edən səfirlər də çıxış edərək Xocalı faciəsini soyqırımı kimi səciyyələndirib, təmsil etdikləri ölkələrin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib və dünya ictimaiyyətini Xocalı faciəsini soyqırımı kimi tanımağa çağırıblar.

Anım mərasimində Xocalı soyqırımını əks etdirən film nümayiş olunub, Filologiya fakültəsi tələbələrinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

 





26.02.2016    çap et  çap et