525.Az

Leonid Markoviç: "Ermənilər Xocalıda yaralıları güllələyirdilər"


 

XOCALI SOYQIRIMININ İLK ŞAHİDİ UKRAYNALI PİLOT LEONİD MARKOVİÇİN İŞTİRAKI İLƏ MƏTBUAT KONFRANSI KEÇİRİLDİ

Leonid Markoviç: "Ermənilər Xocalıda yaralıları güllələyirdilər"<b style="color:red"></b>

Xocalı soyqırımının ilk şahidi, jurnalistləri bu hadisənin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin iştirakı ilə mətbuat konfransı keçirilib.

O, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəvəti ilə Bakıya gəlib.

Mətbuat konfransında ilk olaraq çıxış edən diaspor rəhbəri Hikmət Cavadov təşkilatın fəaliyyətindən danışıb. O qeyd edib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən məsuliyyəti dərk edir və bu istiqamətdə fəaliyyət aparır.

H.Cavadov bildirib ki, 2 il bundan əvvəl Ukraynada Kraveç Leonid Markoviç adlı pilotun Xocalı hadisəsinin canlı şahidi olduğu haqda məlumat əldə ediblər. Onun sözlərinə görə, dərhal pilotla əlaqə yaradaraq, görüşməyə nail olublar: "Leonid Markoviçin xatirələrindən məlum olub ki, o Xocalı soyqırımının ilk şahididir. Onunla geniş söhbət apardıq və daha sonra bu barədə film çəkmək qərarına gəldik". 

"Ermənilər Xocalıda yaralıları güllələyirdilər" 

Xocali hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz rolu olan ukraynalı pilot L.Markoviç qeyd edib ki, təsadüf elə gətirib ki, o Azərbaycan xalqının başına gələn bu, müsibətlərin şəxsən şahidi olub: "1989-92-ci illərdə Gəncədə SSRİ qoşunlarının tərkibində hərbi xidmətimi yerinə yetirirdim. Gəncə aeroportu Dağlıq Qarabağa yaxın aeroport idi. Mən helikopter komandiri idim. 1991-ci ilin dekabrına qədər dinc azərbaycanlıları Dağlıq Qarabağdakı müharibə ocaqlarından ekstradisiya edirdim. 1992-ci ilin fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 kilometr məsafədə dağın ətəyində rəngli paltarlı dinc əhalini gördüm. Müəyyən qədər aşağı endikdən sonra gördüm ki, ermənilər yaralıları güllələyirlər. Onlar idarə etdiyim helikopteri görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məlumat verdim. O zamankı prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gələrək məndən bir qrup mətbuat nümayəndəsini hadisə yerinə aparmağı xahiş edib. Çünki mən hadisənin baş verdiyi ərazini tanıyırdım. Həmin əraziyə apardığım jurnalistlər arasında Çingiz Mustafayev də var idi. O zaman Çingizə çox böyük inam vardı. Əhali onun doğru məlumatlar çatdırdığına inanırdı. Çəkiliş üçün cəmi 5 dəqiqə vaxt var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həmin çəkiliş sayəsində dünya ictimaiyyəti bu qətliam haqda məlumat əldə edib".

Pilotun sözlərinə görə, helikopterin ondan başqa iki ekipaj üzvü də var idi: "Təəssüf ki, nə Aleksandr Şevçenko, nə də Viktor Zenin barədə məlumatım var. Onları müxtəlif sosial axtarış sistemləri vasitəsilə nə qədər axtarsam da heç bir informasiya əldə edə bilməmişəm".

Ukraynalı pilot jurnalistlərin ümumilikdə 10 dəqiqə çəkiliş apara bildiklərini deyib: "Onlar şəkliş apardıqları müddətdə mən helikopteri havada hazır vəziyyətdə saxlamışdım ki, ermənilər gələndə dərhal həmin ərazini tərk edə bilək. Heyət aşağı enəndə bir neçə dəqiqə şok yaşadı. Jurnalistlər 2-3 dəqiqə ərzində çəkiliş edə bilmədilər. Çünki insanların əsəb sistemi bu faciəni qəbul etmək imkanında deyil. Meyitlər bir-birindən 200 metr aralı düşmüşdü. Göydən aydın görünürdü, ancaq jurnalistlər üçün onları çəkmək çətin idi. Hətta helikopterdə gələn polis kapitanı meyitlər içərisində öz oğlunu gördü. O ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən uşağını qucağına alıb helikopterə gətirdi. Həmin an biz göyə qalxmağa başlayırdıq. Öz övladını helikopterə qoydu, əlləri boşaldı. Deyəsən ağlını itirmişdi. Ekipaj üzvlərinin köməyi ilə onu helikopterə mindirə bildik".

L.Markoviç qeyd edib ki, onun jurnalistləri hadisə yerinə gətirdiyi helikopteri müşaiyət edən ikinci helikopter də olub: "Bizim helikopter mülki təyinatlı olduğu üçün erməni silahlılarınından qorunmaq üçün hərbi helikopterə də ehtiyac var idi. İkinci helikopterdəki Azərbaycan hərbçiləri ermənilərə müqavimət göstərək yaxınlaşıb bizə atəş açmalarının qarşısını almağa çalışıblar. Lakin bu uzun müddət davam gətiə bilməzdi. Ermənilər getdikcə bizə yaxınlaşırdılar. Həmin helikopterdə də 5 nəfər jurnalist olardı. O bizdən hündürdə olduğu üçün daha aydın müşahidə-çəkiliş apara biliblər".

Ukraynalı pilot təəssüflə qeyd edib ki, Xocalıda yaşanan bu qədər müsibətlərə baxmayaraq beynəlxalq ictimaiyyət bu hadisəyə hələ də ciddi reaksiya göstərməyib".

Pilot onu da qeyd edib ki, Xocalı soyqırımı haqda beynəlxalq məhkəmə olarsa, şahid qismində ifadə verməyə hazırdır: "Mən Xocalıda gördüklərimi danışmağa hazıram. Ermənilərin törətdiyi vəhşilikləri mən öz gözlərimlə görmüşəm. Çəkilən foto və video kadrlar da bunu sübut edir".

Daha sonra Xocalı soyqırımının ilk şahidi olan Leonid Markoviçin hadisə barədə xatirələrinə həsr olumuş "Cəhənnəmi görmüş pilot"dur sənədli filminin treyleri nümayiş olunub.

Ukraynada yaşayan azərbaycanlı rəssam Xocalı soyqırımı ilə bağlı çəkdiyi rəsmləri ölkəmizə bağışlamaq niyyətindədir

Tədbirin sonunda Ukrayna Rəssamları İttifaqının üzvü, azərbaycanlı rəssam Rasim Sevdimovun Xocalı soyqırımına həsr olunan rəsm əsərlərinin sərgisi olub.

R.Sevdimov bildirib ki, çəkdiyi rəmsləri Azərbaycanda muzeylərə bağışlamaq istəyir: "Bu əsərləri məndən satın almaq istəyənlər olub. Lakin mən buna qeyrət məsələsi kimi baxıram. Əlbəttə ki, hər şeyi pulla almaq, satmaq olmaz. Mənim istəyim budur ki, bu əsərlərim Azərbaycanda Qarabağ hadisələri, xüsusilə Xocalı soyqırımı ilə bağlı muzeylərdə saxlanılsın və nümayiş olunsun".

Qeyd edək ki, Xocalı soyqırımının ilk şahidi olan Leonid Markoviçin hadisə barədə xatirələrinə həsr olumuş "Cəhənnəmi görmüş pilot"dur sənədli filmi bu gün nümayiş olunacaq. Film Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın dəstəyi ilə çəkilib. "Cəhənnəmi görmüş pilot"un rejissoru Elmar Məlikovdur. Bu filmin ikinci versiyasıdır. Filmin ilk versiyası isə 2014-cü ildə çəkilərək Moskvada geniş auditoriya qarşısında nümayiş olunub.

Ceyhun ABASOV

 





26.02.2016    çap et  çap et