525.Az

Xarkovda Xocalı qurbanlarının anım gecəsi


 

Xarkovda Xocalı qurbanlarının anım gecəsi <b style="color:red"></b>

Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulluğunun təşəbbüsü ilə "Xarkov Palas" mehmanxanasının konfrans salonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Konsulluqdan 525.az-a verilən məlumata görə, anım mərasimində Xarkov Vilayət admnistrasiyasinın nümayəndələri, nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspora və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Ermənilərin son 2 əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətini tarixi faktlarla mərasim iştirakçilarının diqqətinə çatdıran Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov 24 il bundan öncə erməni silahli birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımdan bəhs edib.

Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bəşəri cinayətə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul son illər Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kompaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xarkovdakı fəxri konsulluğumuz  tərəfindən Ukrayna dilinə tərcümə olunmuş "Qarabağ həqiqətləri" filminə baxıblar.

Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlmiş faşizm nümunəsi adlandıran Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Valeri Sokurenko, belə ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıb.

Tədbirdə dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyən Xarkov Şərqşünaslıq İnsititunun direktoru Tatyana Karpo, Ukraynanın tanınmış jurnalisti Darya Radçenko və digər şəxslər Xocalını yerlə yeksan edən erməni canilərinin ən ağır cəzaya məhkum olmalarının zəruriliyini bildiriblər.     

Sonda Xocalı soyqrımına hüquqi siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 





26.02.2016    çap et  çap et