525.Az

Sahibkarlar Konfederasiyasında iki yeni komissiya yaradılıb


 

Sahibkarlar Konfederasiyasında iki yeni komissiya yaradılıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) iki yeni - “Tikinti materialları istehsalı müəssisələri ilə iş” və “Rabitə informasiya kommunikasiya və texnologiya müəssisələri ilə iş” komissiyaları yaradılıb.

Konfederasiyadan bildirilib ki, bu barədə qərar ASK-nın Rəyasət Heyətinin növbəti iclasında qəbul edilib.

Konfederasiyanın prezidenti Məmməd Musayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında səsləndirilən fikirlərlə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə çoxsaylı tapşırıqlar verilib.

M.Musayev ötən il Azərbaycan Sahibkarlar Konfederasiyasının həyata keçirdiyi layihələrin əhəmiyyətindən, ölkənin iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb. Qeyd edib ki, ASK gələcəkdə də sahibkarların hüquq və mənafelərini qorumaq istiqamətində səmərəli fəaliyyətini tələb olunan səviyyədə davam etdirəcək.

Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dünyada baş verən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına təsirindən danışaraq bildirib ki, artıq zaman dəyişib, özəl sektorun inkişafı xüsusi əhəmiyyət kəsb edir. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu deyən Z.Səmədzadə sahibkarları cəmiyyətdə fəal mövqe nümayiş etdirməyə səsləyib.
Bildirilib ki, onlar iş adamlarının təkliflərini gözləyir, qanunların qəbulu zamanı bu təkliflərin nəzərə alınmasında maraqlıdırlar.

Çıxışçılar müxtəlif təkliflər səsləndirib, bu təkliflər ətrafında fikir mübadilə aparılıb. İclasda bu ilin birinci rübü üzrə Azərbaycan Sahibkarlar Konfederasiyasının iş planı və ASK-nın büdcəsi təsdiqlənib. Həmçinin, ASK-nın nəzdində fəaliyyət göstərən komissiyaların işinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

SAMİRƏ

 





27.02.2016    çap et  çap et