525.Az

Böyük elmin hüdudları və sübutları


 

Böyük elmin hüdudları və sübutları<b style="color:red"></b>

Çağdaş Azərbaycan ədəbiyyatşünaslığının istedadlı və məhsuldar nümayəndələri sırasında xüsusi yeri olan filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri Himalay Ənvəroğlunun (Qasımovun) imzası elmi-ədəbi ictimaiyyətə yaxşı tanışdır.
 
Görkəmli alim Naxçıvan şəhərində dünyaya göz açıb, ilk təhsilini burada alıb, Bakıda ali təhsili başa vurduqdan sonra Naxçıvandakı 2 saylı orta məktəbdə bir neçə il müəllim işləyib, 1970-ci ildən taleyini indiki Azərbaycan  Dövlət Pedaqoji Universiteti ilə bağlayıb, bu ali təhsil ocağında baş laborantlıqdan kafedra müdirliyinə, professorluğadək şərəfli elmi-pedaqoji yol keçib.

Himalay  müəllim uzun illərdir ki, klassik və müasir ədəbiyyatımızın yaradıcılıq problemlərini, məşhur nümayəndələrinin ədəbi irsini yüksək professionallıqla tədris və tədqiq etməkdədir. Onun fundamental araşdırmalarının ən mühüm özəlliklərindən biri budur ki, həmin tədqiqatlar diqqət mərkəzinə çəkilən bədii mətnlərə, ümumən ədəbi prosesə orijinal və konseptual elmi yanaşmanın yeni, həm də kifayət qədər dolğun, hərtərəfli  və mükəmməl səviyyəsi ilə xarakterizə olunur. Görkəmli alim haqqında söz açdığı problem və şəxsiyyətlərə doqmatik gəlib və stereotiplərdən yox, mətnin özünün mahiyyətindən doğan elmi-ədəbi prinsiplər prizmasından münasibət bildirir, istər klassik, istərsə də müasir ədəbiyyatın ayrı-ayrı nümayəndələrinin yaradıcılığından danışarkən hər bir əsərin əsl mahiyyətinə nüfuz edir, onun səciyyəvi məziyyətlərini, ələlxüsus da əvvəllər diqqət yetirilməmiş məqam və detalları, onların ideya-bədii arxitektonikadakı mövqeyini, funksiyasını zərgər dəqiqliyi ilə aşkarlayır. Başqa sözlə deyilsə, haqqında əvvəllər az, yaxud çox yazılmasından asılı olmayaraq Himalay müəllimin elmi-ədəbi təhlil müstəvisinə gətirərək yeni təfəkkür işığında incələyib dəyərləndirdiyi bədii əsərlər, bütövlükdə ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələrinin yaradıcılığı bu yolla sanki bir daha kəşf olunur - özünün bütün tematika, problematika özəllikləri ilə.

Bütün bunlar isə təsadüfi xarakter daşımayıb, tanınmış ədəbiyyatşünasın elmi üslub və konsepsiyasının təyinedici əlaməti kimi üzə çıxmış, filologiyamızın bir çox dəyərli tədqiqatlarla zənginləşməsinə rəvac vermişdir. Ustad alimin müxtəlif illərdə çap olunmuş “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası”, “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri”, “Müasir Azərbaycan romanının qaynaqları”,” Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri”, “Səməd Vurğunun poetik dünyası”, “Azərbaycan şeirinin poetikası”,  “Azərbaycan dramaturgiyası: tarixilik və müasirlik”, “Hüseyn Cavidin lirikası və dramaturgiyası”, “Şəhriyarın lirikası və etiqadı”, “Azərbaycan romanının inkişaf problemləri”, “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” və digər qiymətli kitabları ədəbiyyatşünaslığımızın ciddi uğurları sırasındadır.

Bu dəyərli tədqiqatlardan alınan mükəmməl, həm də heyrətamiz təəssürat professor Himalay Ənvəroğlunun universal ədəbiyyatşünas təfəkkürünün, mötəbər elmi fəaliyyətinin geniş hüdudlarına (əslində hüdudsuzluğuna) sübutdur. Belə ki, Himalay müəllim klassik söz sənətimizi də çağdaş ədəbi prosesi də eyni bələdlik və professionallıqla incələyir, bədii yaradıcılığın ən müxtəlif sahələrindən bəhs edərək sanballı ədəbiyyatşünaslıq konsepsiyası ortaya qoyur.

Himalay müəllim tanınmış ədəbiyyat nəzəriyyəçisidir. Onun “Bədiiliyin meyarı”, “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr” və s. kitabları bilavasitə nəzəri problemlərdən bəhs edir. Alimin klassik və müasir ədəbiyyata həsr olunmuş çoxsaylı araşdırmaları da məhz özünün elmi-nəzəri mükəmməlliyi və siqləti ilə səciyyələnir.

Professor H.Ənvəroğlu çoxəsrlik Azərbaycan poeziyasının mötəbər və nüfuzlu tədqiqatçılarından biridir. Təkcə elə süjetli lirikamızın təşəkkülü, inkişaf yolu və yaradıcılıq problemlərinə həsr olunmuş fundamental araşdırması kifayətdir ki, onun bu sahədəki ciddi xidmətləri əyani şəkildə göz önünə gəlsin. İ.Nəsimi, M.Füzuli, M.Şəhriyar, B.Vahabzadə kimi böyük şairlərimizin lirikasının tematika və problematikasını, poetik özünəməxsusluğunu yeni təfəkkür işığında araşdırması, S.Vurğunun poema yaradıcılığını onun süjetli şeirlərini də diqqətə çəkərək əhatəli kontekstdə incələməsi də alimin geniş elmi erudisiyasından soraq verir.

Hörmətli professorun dəyərli elmi araşdırmalarının mühüm bir qolu da bədii nəsrimizlə bağlıdır. Heç təsadüfi deyil ki, ədəbiyyatşünaslığımızda müasir Azərbaycan romanının poetika və tipologiyası, o cümlədən, janrın əsas nəzəri-estetik problemləri, inkişaf mərhələləri, yaradıcılıq təmayülləri, tipoloji prinsipləri, üslub rəngarəngliyi, çağdaş roman poetikasında folklordan, klassik ənənədən gələn mənbələr və s. barədə ən mötəbər tədqiqatlar sırasında  Himalay müəllimin monoqrafiyaları xüsusi çəkiyə və mövqeyə malikdir. Bu aspektdə onun S.Rəhimov, İ.Əfəndiyev, Anar kimi ustad yazıçıların bədii nəsrini ən müxtəlif məqamlarına qədər incələyən tədqiqatlarını da yada salmaq yerinə düşər. İstedadlı ədəbiyyatşünas dramaturgiyamızın da kamil bilicisi və tədqiqatçısıdır. H.Cavid, S.Vurğun, İ.Əfəndiyev və Anarın dramaturji yaradıcılığı barədə əhatəli araşdırmaları ədəbi prosesə və bədii mətnlərə konseptual elmi yanaşmanın diqqətəlayiq uğuru kimi ortaya çıxmışdır.

Himalay müəllim elmi-ədəbi prosesi müntəzəm izləyir, ədəbiyatşünaslığın və ədəbi tənqidin aktual problemlərinə, müxtəlif alimlərin əsərlərinə diqqət yetirib mükəmməl dəyərləndirmələr aparır. Onun Mir Cəlal, B.Nəbiyev, T.Kərimli, N.Paşayeva, Y.Axundlu, Q.Paşayev, E.Quliyev, G.Əliyeva və digərlərinin tədqiqatları barədə qələmə aldığı məqalələr bu baxımdan səciyyəvidir. Öz növbəsində müxtəlif ədəbiyyatşünaslar da professor H.Ənvəroğlunun elmi fəaliyyəti barədə diqqətəlayiq məqalələr yazmış, yüksək fikirlər ifadə etmişlər: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor N.Paşayeva, professorlardan Y.Axundlu, E.Quliyev, T.Salamoğlu, M.Allahmanlı, dosentlərdən N.Nəcəfov, Y.Rzayev, T.Rəhimli, F.Əsgərli və digərləri.

Himalay müəllim yeni elmi nəsillərin formalaşmasına da böyük əmək sərf edir. Xarakterindəki alicənablıq və xeyirxahlıqla xoşniyyətli tələbkarlığın vəhdəti neçə-neçə gənc elm adamının formalaşması və inkişafında önəmli rol oynamış və oynamaqdadır. Bu gün ölkəmizin ən müxtəlif elm və təhsil ocaqlarında professorun çoxsaylı yetirmələri uğurla fəaliyyət göstərirlər. Bilavasitə auditoriyada tələbəsi olmasam da böyük ziyalımız   Himalay Ənvəroğlu mənim üçün də həmişə əsl müəllim ucalığındadır...

Hörmətli Himalay müəllimə möhkəm cansağlığı, yeni elmi uğurlar diləyirik!

Hüseyn HƏŞİMLİ
Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi

 





29.02.2016    çap et  çap et