525.Az

Milli mətbuatımızın inkişafında dövlət dəstəyi mühüm rol oynayır


 

Milli mətbuatımızın inkişafında dövlət dəstəyi mühüm rol oynayır<b style="color:red"></b>

Müstəqil informasiya agentliyinin iş prinsipi prioritetlərin olmaması üzərində qurulmalıdır. Biz də çalışırıq, bütün problemləri əhatə ədək.

Bu gün dövlət üçün aktual olan məsələlərlə yanaşı, cəmiyyət üçün də əhəmiyyət daşıyan məqamları əhatə etmək işimizin mühüm cəhətidir. Oxucu auditoriyamız cəmiyyətin müxtəlif təbəqələrinə və müxtəlif yaş qruplarına mənsub insanlardan ibarətdir.

Fikrimcə, yazıçı və şairlərdə olduğu kimi, jurnalistin də ən yaxşı dostu onun oxucusudur. Səmimi ünsiyyət qurmaq istəyirsənsə, dostunu mümkün qədər yaxından tanımalısan. Bu baxımdan biz oxucularımızı tanıyırıq. Düzdür, fəaliyyəti yalnız oxucunun istəyindən asılı olaraq da qurmaq olmaz, amma onun maraqları da qətiyyən qulaqardına vurulmamalıdır. Ciddi, keyfiyyətli və etibarlı mənbədən məlumat almaq istəyənlər bizim saytımıza daxil olurlar və bu, məni çox sevindirir. “SalamNews” üçün əsas olan keyfiyyətdir. Oxucularımıza bacardığımız qədər maraqlı, maarifləndirici xəbərlər təqdim edirik. Hər dəfə vurğulayıram ki, işimizi, belə demək mümkünsə, Azərbaycanın dövlət bayrağındakı rənglərə uyğun qurmuşuq: millilik, demokratiya və dini dəyərləri önə çəkməyə çalışırıq. Düşünürəm ki, bizi fərqləndirən də elə bu cəhətimizdir.

Onu da qeyd etmək istərdim ki, “SalamNews” İA-nın yeni saytı üzərində iş gedir və tezliklə oxucularımızın qarşısına tamamilə yenilənmiş, daha müasir dizayn və keyfiyyətli tərtibata malik saytla çıxacağıq. Ümid edirik, yeni saytımız oxucularımızın da ürəyincə olacaq.

Azərbaycanda kifayət qədər oturuşmuş, peşəkar media qurumları var. Fərəhli haldır ki, xəbər agentlikləri arasında sağlam rəqabət mövcuddur.

Həmişə qeyd etdiyim kimi, indi də deməliyəm ki, müasir Azərbaycan mediasında müəlliflik hüquqlarının qorunması və ya agentliklərin bir-birinə istinad etməsi ilə bağlı problemlər də yox deyil, hərçənd dünyanın aparıcı agentlikləri heç bir kompleks yaşamadan qarşılıqlı istinadlara yer verirlər və bu sahədə böyük təcrübəyə malikdirlər. Azərbaycanda isə bu məsələ ilə bağlı vəziyyət bir qədər fərqlidir, bununla belə, inanıram ki, bu da tədricən öz yoluna düşəcək. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan mediası böyük inkişaf yolu keçib. Ölkə mediasına nəzarət-senzura ləğv edilib, mətbuat və söz azadlığı böyük nemət kimi dəyərləndirilir.

1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib, sonrakı dövrdə mətbuatın ictimai özünütənzimləmə qurumu - Azərbaycan Mətbuat Şurası (AMŞ) yaradılıb. Bütün bunlar və reallaşdırılan digər təsirli dövlət tədbirləri milli mətbuatımızın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Ölkə rəhbəri İlham Əliyevin dövründə mətbuatın maddi-texniki imkanlarının gücləndirilməsı, mediaya dövlət yardımının artırılması daha əhəmiyyətli xarakter alıb. Milli Məclisin deputatı, AMŞ sədri Əflatun Amaşov bu yaxınlarda mətbuatda dərc edilmiş açıqlamasında bildirib ki, manatın devalvasiyaya uğraması yazılı mətbuatın ayaqda durmasına problem yaratdığından dövlətdən dəstək istəniləcək və bu maddi dəstək elektron KİV-lərə də şamil olunacaq. Belə bir təcrübə mətbuat həyatımızda artıq var. Belə ki, prezident İlham Əliyevin 2009-cu il martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Dövlətdən həmin qurumun hesabına daxilolmaların artırılması ilə bağlı məsələlər də müzakirə olunur.

Bir sözlə, Azərbaycan dövləti mətbuatın dayağına çevrilib və ona mütəmadi dəstək verir. Müstəqil Azərbaycan mətbuatı da öz növbəsində əhalinin informasiya almasını təmin etməyi, dövlət və vətəndaşlar arasında əlaqələndirici funksiyanı uğurla həyata keçirməyi müqəddəs vəzifə borcu hesab edir.

Məmnunluqla bildirirəm ki, KİV-ə dövlət dəstəyi təcrübəsi, jurnalistlər üçün yaşayış binalarının inşası MDB məkanında yalnız bizim ölkədə həyata keçirilir və mən də bir jurnalist kimi bununla qürur duyuram.

 





29.02.2016    çap et  çap et