525.Az

Yapon alimlər yeni dinozavr növü aşkarlayıblar


 

Yapon alimlər yeni dinozavr növü aşkarlayıblar<b style="color:red"></b>

Yapon paleontoloqlar Fukui prefekturasının mərkəzi hissəsində yerləşən Katsuyama şəhərində qazıntılar zamanı yeni dinozavr növünün qalıqlarını aşkar ediblər.

JIJI PRESS agentliyinin yaydığı məlumata görə, Paleontologiya Muzeyinin və Fukui Universitetinin əməkdaşları qalıqların vəhşi teropod yarımdəstəsindən ikiayaqlı dinozavra aid olduğunu təsdiqləyiblər. Onun planetimizdə 120 milyon il bundan əvvəl yaşadığı güman olunur.
 
Professor Yeiçi Azuma bildirib ki, bu, Yaponiya ərazisində aşkar edilən yeddinci dinozavr skeletidir. Boyun onurğa sümüklərinin xüsusi quruluşu ilə fərqlənən qədim sürünənlərin yeni növünə “Fukuidən olan paradoksal ovçu” (Fukuivenator paradoxus) adı verilib.

Mütəxəssislərin qənaətinə görə, bu dinozavr digər teropodların quşlara təkamülü dövründə yaşayıb. Professor Y.Azumanın sözlərinə görə, bu növ quşa çevrilə bilməyib.

Öz həmcinslərindən fərqli olaraq bədəni tüklərlə örtülü olan bu sürünənin çəkisi təqribən 25 kiloqram, uzunluğu isə 2,5 metr olub. Eşitmə orqanları, pəncəsinin və bud sümüklərinin quruluşu onun quşların əcdadlarından olan sadə tselurozavrlarla morfoloji oxşarlığını deməyə əsas verir.

Agentliyin bildirdiyinə görə, məlumat ictimaiyyətə Fukui prefekturasında 2007-ci ildə aparılmış qazıntılar zamanı naməlum heyvanın əldə edilən qalığının 160 fraqmentinin tədqiqindən sonra çatdırılıb.

AzərTAc

 





01.03.2016    çap et  çap et