525.Az

"Ustad"la ilk görüş


 

YENİ ƏDƏBİYYAT VƏ SƏNƏT DƏRGİSİNİN TƏQDİMATI KEÇİRİLİB

"Ustad"la ilk görüş<b style="color:red"></b>

Mətbuatımıza yeni bir dərgi qədəm qoydu. "Ustad"...

Dərginin yaradıcı kollektivi özünü şagird adlandırmalı idi, ancaq adlandırmadı. Çünki qarşıdakı məqsədləri çox böyük idi - yüksəlmək, ucalmaq, "Ustad"lığa doğru addımlamaq. Elə baş redaktor Şəmil Sadiqin jurnaldakı "Bacarıqlı şagird mütləq bir gün USTAD olacaq" yazısında da bu barədə daha geniş məlumat verilib. Bu ad onları hər zaman məsuliyyətli olub, daim məqsədləri üzərində daha çox çalışmağa sövq edəcək.

"Kitabevim.az" kitab marketində "Hədəf Nəşrləri"nin təsis etdiyi "Ustad" ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı mərasiminə toplaşanlar, dərginin ilk sayında yazılanlarla tanış olanlar da bu fikirdə, bu arzudadırlar. Belə bir jurnalın işıq üzü görməsinin ehtiyacdan doğduğu vurğulanıb.

Jurnalın ilk sayında fərqli qələm, düşüncə sahiblərinin yazıları dərc edilib. "Ustad" ədəbiyyat və mədəniyyət insanları üçün ortaq mövqedə duran bir jurnal olacaq. Jurnalın baş redaktoru Şəmil Sadiq də çıxışında: "İlk sayımız çox böyük alimimiz, akademikimiz İsa Həbibbəylinin xeyir-duası, mənim müəllimim Nizami Cəfərovun yazıları ilə başladı. Sıralama ilə tanış olduqda burada Jurnalistika fakultəsinin III, IV kurs tələbələrinin də yazılarının olduğunu görərsiniz. Oxuduqca həmçinin müşahidə edəcəksiniz ki, ədəbiyyat sahəsində fikir olaraq bir yerə gəlməyən insanlar bu jurnalda bir yerdədir" - deyərək, əsas məqsədlərinin milli ideologiyaya xidmət edəcəyini bildirib.

Ş.Sadiq dərginin ideya və məzmun xüsusiyyətlərindən danışıb: "Bu gün, məncə, ədəbiyyat oxucularının belə bir dərgiyə ehtiyacı var. Çünki Azərbaycanda hal- hazırda dərgilərin sayı çox azdır. Bizim, əslində, elektron dərgimiz (senet.az) artıq bir ildir ki, fəaliyyət göstərir. Əvvəldən bu fikirdə idik ki, belə bir dərgi yayımlanacaq. Bu gün məhz həmin niyyətimizi gerçəkləşdirdik. Adı "Ustad"dır, ancaq biz özümüzü şagird hesab edirik. Məqsədimiz millətə və mədəniyyətə xidmət etməkdir. Əsas hədəfimiz ciddi ədəbiyyatın formalaşmasına, gənclərin milli özünüdərkinə, onlarda ədəbi meyarlarının püxtələşməsinə yardımçı olmaqdır".

Professor Asif Rüstəmli dərginin nəşrinin önəmindən söz açıb: "Dərginin ədəbi aləmə gəlişi böyük hadisədir. Məncə, hər bir mətbuat orqanının öz siması olmalıdır. Arzu edirəm ki, "Ustad" da öz dəsti- xəttini ortaya qoyacaq və burada daim kamil, ustad yazılar dərc olunacaq".

Sosioloq Əhməd Qəşəmoğlu da düşüncələrini bölüşüb: "Fikrimcə, bu dərgi tarixi bir zərurətdən yaranıb. İndiki zamanda bu formatda bir dərginin nəşri çox vacibdir. İnanıram ki, "Ustad" öz missiyasını daha geniş prizmada götürərək doğruldacaq".

İlk sayda dərc edilən yazılar - İsa Həbibbəylinin "Ustadlığa doğru", Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına", Alxan Bayramoğlunun "Dövlət himnimizin söz və mətninin müəllifi kimdir", Elxan Nəcəfovun "Sufilikdən bir az" və digər məqalələrin jurnalla tanış olanlarda yaratdığı müsbət rəy onun gələcəkdə uğurlu bir dərgi olacağından xəbər verir.

Jurnalın redaktoru Nərgiz Cabbarlı da "Ustad"ın öz oxucusunun olacağına inandığını dilə gətirib: "Gənc nəslin içərisində də, yaşlı nəslin içərisində də, ədəbiyyatsevərlərin içərisində də özümüzəməxsus oxucularımız olacaq. Digər jurnallar içərisində bizim də "Ustad"ımızı axtaranlar olacaq".

Jurnalın ilk sayında yazıların rəngarəngliyi də onu göstərir ki, hər kəs burada özü üçün maraqlı yazı ilə tanış ola və öz yazılarını dərc etdirə bilər.

Təqdimat mərasiminin iştirakçıları qarşısına böyük məqsədlər qoymuş jurnalın kiçik kollektivi ilə də tanış olublar. Gələn qonaqlara jurnalın ilk sayı və Ş.Sadiqin yeni çapdan çıxmış "Yuxu maşını" kitabı hədiyyə edilib.

Təqdimat mərasimi iştirakçıların maraqlı fikirləri, "Ustad"ın gələcəyinə böyük ümidlərin olmasının dilə gətirilməsi ilə, xoş arzularla yadda qalıb.

Sonda "Ustad"ın yaradıcı kollektivi ilə fotolar çəkdirilib.

Müşfiq ŞÜKÜRLÜ

 





01.03.2016    çap et  çap et