525.Az

Həmid Həsənov: "Azfen" fəaliyyət göstərdiyi 20 il ərzində öz məqsədinə çatıb"


 

Həmid Həsənov: "Azfen" fəaliyyət göstərdiyi 20 il ərzində öz məqsədinə çatıb"<b style="color:red"></b>

20 il öncə Azərbaycanda neft-qaz sənayesinin aparıcı layihələrini gerçəkləşdirərək bu sahənin inkişafına töhfə vermək məqsədilə bir müəssisə yaradıldı.

Mərkəzi ofisində 15-20, ümumi isə cəmi 300 nəfərlik işçi qrupu ilə fəaliyyətə başlayan müəssisə bu illər ərzində böyük təcrübə qazandı. Müxtəlif layihələr üzrə çalışan təqribən 10 min nəfərin işlədiyi böyük bir müəssisəyə çevrildi. "Azfen" BM işə sədaqət, qayda-qanuna ciddi riayət, güvənlik, mükəmməllik, tərəqqi, ən önəmlisi isə insan təhlükəsizliyinə və rifahına verilən dəyər prinsipləri üzərində fəaliyyətə başladı. "Azfen" BM-nin uğuru təkcə öhdəsinə götürdüyü layihələri zamanında və yüksək səviyyədə yerinə yetirməsi ilə tamamlanmadı.

"Azfen" BM eyni zamanda əldə etdiyi təhlükəsiz iş saatlarının sayının uğuru ilə də dünya şirkətləri arasında nümunə göstərilən aparıçı müəssisələrdən oldu. Bu günə kimi müxtəlif layihələrdə otuz milyon, iyirmi beş  milyon və on beş milyon təhlükəsiz iş saatlarının sayı ilə uğurlara imza atan ən güvənli bir müəssisə kimi tanındı. 20 ildə qazandığı təcrübəsinə söykənib yeni güvənli uğurlar imzalayaraq fəaliyyətini bu gün də davam etdirir.

Bu yaxınlarda yubileyinə hazırlaşan "Azfen" BM-nin direktoru Həmid Həsənovla görüşərək müəssisə haqqında geniş bilgi almağa çalışdıq. Müəssisənin yaranma tarixi, fəaliyyəti, Azərbaycanın iqtisadı inkişafına verdiyi töhfələr barədə söhbətimizi sizə təqdim edirik. 

- Həmid müəllim, "Azfen" BM haqqında məlumat verməyinizi istərdik. Müəssisə nə zaman yaradılıb, məqsəd və vəzifələri nələrdən ibarətdir ?

- "Azfen" BM 1996-cı ilin yanvar ayında yaranıb və Azərbaycanda beynəlxalq səviyyəli, dövlət əhəmiyyətli layihələri icra edən, o cümlədən neft və qaz layihələrində platformaların, boru kəmərlərinin, terminalların və s. tikintisini həyata keçirən bir müəssisədir.

"Azfen" BM-nin məqsədi ölkəmizin neft və qaz sənayesi üçün mühüm əhəmiyyəti olan beynəlxalq səviyyəli layihələrdə uğurla iştirak etməkdən, hər layihədə yüksək göstəricilərə imza ataraq, növbəti beynəlxalq səviyyəli tenderlərdə qalib gəlməkdən və yeni-yeni irihəcmli, mürəkkəb texnologiyalı obyektlərin inşasında iştirak etməyə nail olmaqdan ibarətdir ki, fəaliyyət göstərdiyi 20 il ərzində də müəssisəmiz deyilən  məqsədlərə  yüksək formada çatıb.

"Azfen" BM-nin vəzifəsi isə, iştirak etdiyi bütün mühüm dövlət əhəmiyyətli layihələri müəyyən olunmuş vaxtda və yüksək beynəlxalq standartların tələbləri səviyyəsində icra etməkdən, işə cəlb etdiyi işçilərin professional səviyyəsinin yüksək olmasına, mütəmadi olaraq ölkə daxilində ve ölkə xaricində təlimlər keçməklə işçilərimizin kvalifikasiyasının artırılmasına, mühəndis-texniki işçilərin elm ve texnikanın bütün yeni nailiyyətlərini mənimsəməsinə, işçilər tərəfindən əmək intizamı tələblərinə əməl olunmasına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə, işçilərlə olan əmək münasibətlərinin qanunlara və mənəvi dəyərlərə uyğun olmaqla yüksək səviyyədə qurulmasına nail olmaqdan və işçilərin təhlükəsizliyinin, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.

- İrihəcmli hansı layihələrinizi qeyd edə bilərsiniz ?

- "Azfen" BM fəaliyyət göstərdiyi 20 il ərzində bir çox beynəlxalq səviyyəli və mühüm dövlət əhəmiyyəti kəsb edən irihəcmli layihələrin icrasını həyata keçirmişdir ki, həmin layihələrin bir neçəsinin adlarını nəzərinizə çatdırmaq istərdim:  Qərb Marşrutu layihəsi (Bakı-Supsa boru kəməri), Yataqların Tammiqyaslı İşlənməsi çərçivəsində Səngəçal Terminalının Genişləndirilməsi layihəsi, Supsa Terminalı layihəsi, Çıraq-1 Su İnjeksiyası layihəsi, Qaradağ-Severnaya DRES Boru Kəməri layihəsi, Kompressiya və Suvurma Platforması layihəsi, Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları Platforması layihəsi, Qərbi Çıraq Neft Platforması layihəsi.

"Azfen" BM tərəfindən vaxtında və yüksək keyfiyyətlə başa çatdırılan həmin layihələrin yekununda və platformaların dənizə buraxılması prosesində Azərbaycan Respublikasının Prezidenti də iştirak etmişdir ki, bu da öz növbəsində, Müəssisəmiz tərəfindən həyata keçirilən layihələrin ölkəmizin iqtisadiyyatı üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini və bu səbəbdən də daim dövlətimizin ciddi nəzarəti altında olduğunu bir daha sübut edir.

"Azfen" BM hazırda AMEC-TEKFEN-AZFEN konsorsiumu tərkibində fəaliyyət göstərməklə Bayıl sahəsində Şahdəniz, mərhələ-2 Layihəsində platformaların tikintisi ve istismara hazırlanması üzrə öhdəsinə düşən irihəcmli tikinti-quraşdırma işlərini yerinə yetirməkdədir. Mühüm dövlət əhəmiyyətli bu layihə "Əsrin Müqaviləsi" çərçivəsində həyata keçirilərək ölkənin iqtisadi strategiyasına xidmət edən beynəlxalq səviyyəli layihədir.

Bundan başqa, "Azfen" BM hazırda İtaliyanın "SAİPEM" şirkəti ilə birgə  SCPX-Cənubi Qafqaz Boru Kəmərlərinin genişləndirilməsi layihəsi üzrə Azərbaycanda və Gürcüstanda işləri davam etdirməkdədir. Eyni zamanda Şahdəniz-2 layihəsi üzrə Quru Terminalı, Səngəçal Terminal Qurğularının inşası həyata keçirilir.

- "Azfen" xarici ölkələrdə layihələr həyata keçiribmi ?

- Bu günə kimi müəssisəmiz tərəfindən xarici ölkələrdə də bir sıra layihələr həyata keçirilib. 1997-ci ildə Gürcüstanda Supsa Terminalını həyata keçirdik, orada bir sıra məntəqə tikildi. Bu gün də Gürcüstanda 63 kilometrlik bir boru xəttinin tikintisini həyata keçiririk. Xarici ölkələrdə layihələr gercəkləşdirmək bizim üçün çətin deyil, sadəcə olaraq Azərbaycanda həyata keçirilməli bir çox işlər var. Əsas məqsəd bütün işlərin keyfiyyətli görülməsidir. Gələcəkdə isə Xəzər bölgəsi ərazisində ən tanınmış şirkət olmağa iddialıyıq.

- Hər işin başlanğıcında müəyyən çətinliklər olur. "Azfen"dəki fəaliyyətinizin ilk illərini necə xatırlayırsınız?

- Sualınızla bağlı bir xatirəni danışmaq istərdim. Bu gün qürurla qeyd edə bilərəm ki, Bayıl istehsalat ve emalat sahəsi inkişafına görə dünya birincilərindəndir. Bayıl sahəsinin əvvəlki və indiki halını müqayisə etdikdə inkişafa  inanmamaq bir qədər çətin olar. Burada yenidenqurma ve tikililərin başlanmasına 1998-ci ilin sonunda start verdik.  O zaman hər tərəf neftlə çirklənmişdi. Həmin vaxt mən işin tikinti rəhbəriydim. "Tekfen" şirkətindən gələn  layihə rəhbəri sahəni gəzərək "Biz bu platformanı harada tikəcəyik?" - deyə soruşdu. Mən cox hissəsində göllər əmələ gəlmiş, neftlə əhatələnmiş sahəni göstərdim. Ümidsizcəsinə "Burada nəsə  tikmək olarmı? - deyə vurğuladı. Biz isə "Azfen" BM olaraq qərarımızda tam qəti idik. Gecə-gündüz işlədik, hətta gecə saat 12-də belə sahədə olurduq. Nəticədə həmin gördüyünüz Bayıl sahəsinin yenidenqurma ve tikinti işlərini uğurla yekunlaşdırdıq.  Bayıl sahəsini SOCAR-ın bizə olan çox böyük dəstəyi ilə iki dəfə genişləndirdik.

- Müəssisəniz tərəfindən işəgötürülmə qaydaları necə həyata keçirilir ?

- Layihədə icra olunan bütün iş prosesləri, o cümlədən işçilərin işə qəbulu sifarişçi şirkət tərəfindən təsdiq olunmuş və icrası mütəmadi olaraq audit olunan prosedur qaydaları əsasında aparılır ki, "Azfen" BM də konsorsiumun tərkib hissəsi olaraq bu prosedurlara ciddi şəkildə riayət etməyə borcludur və bunu da uğurla yerinə yetirməkdədir.

İşçilərin işə qəbulu prosesi qüvvədə olan "Səriştəliliyin təmini" (CDCA) və "İşə qəbul" prosedurlarına tam ciddi riayət olunmaqla aparılır. Bunun üçün ilk növbədə planlama üzrə müəyyən olunmuş say və peşə tərkibli personal tələbləri dəyərləndirilir və bu tələblərə uyğun olan işçi heyəti (namizədlər) aşkar və demokratik şəkildə toplanmış CV bazamızdan (həm ərazi kənarında yerləşən "İşə düzəltmə bürosu" qutularından, həm də müvafiq internet səhifəsinə daxil olan CV-lərdən) müəyyənləşdirilərək müvafiq mütəxəssislərin iştirakı ilə müsahibələrə dəvət olunur, müsahibədə namizədliyi təsdiq olunmuş şəxslər növbəti mərhələ olaraq yazılı və praktiki testlərə göndərilirlər. Qaydalara uyğun olaraq testdən uğurla keçmiş namizədlər qeydiyyata alınır və personal tələbləri daxilində "işə qəbul"a dəvət olunurlar. Bütün bu proseslər (həm müsahibələr, həm qəbul prosesi) kollektiv şəkildə həyata keçirilir. Bu prosesdə dəvət olunmuş bütün namizədlər birlikdə tam aşkarlıq şəraitində iştirak edirlər.

- İşə qəbul zamanı hər hansı bir məhdudiyyət qoyulurmu? Azərbaycanın bütün regionlarından iş üçün müraciət etmək mümkündürmü?

- Sözsüz ki, müsahibələrdə və işə qəbullarda Azərbaycanın bütün regionlarından olan vətəndaşlar iştirak edirlər. Hazırkı tarixədək layihəyə CV göndərmiş namizədlərdən 61.1 faizi müvafiq testlərdən keçib, 38.9 faizi isə testlərdən keçə bilməyib və ya ixtisası, peşəsi, iş təcrübəsi layihənin tələblərinə uyğun olmayıb.

İşə qəbul olunacaq işçilər Layihənin tələblərinə uyğun gələn ixtisas və peşələrə, həm də iş təcrübəsinə malik olmalı, göstərilən müsahibələrdən və testlərdən keçməli və yüksək əmək intizamı ilə seçilən vətəndaşlar olmalıdırlar. Əks halda dövlətin etimad etdiyi beynəlxalaq səviyyəli layihədə uğur qazanmaq mümkün deyil.

- Sizcə, nə üçün müəssisənizdə işləmək istəyənlərin sayı günbəgün çoxalır?

- Müsahibələrə və qəbula dəvət olunanlar arasında sorğu keçirilərkən "Niyə "Azfen" BM-də işə düzəlmək üçün müraciət etmisiniz? " sualını verdikdə hər dəfə belə cavablar verildiyinin şahidi oluruq: "Bu şirkətdə dövlət qanunları qorunur, işçilərlə əmək müqavilələri bağlanır, əmək kitabçası üzrə müvafiq qeydlər aparılır, əmək mühafizəsinə, işçilərin sağlamlığına ciddi diqqət göstərilir, işçilər tibbi sığorta ilə təmin olunurlar, işçilər əmək haqqlarını vaxtında ala bilirlər, işçilər nahar fasiləsində çeşidli yeməklərlə təmin olunurlar, işçilərə iş günü ərzində iki dəfə isti çayla təmin olunmaqla çay fasiləsi verilir, işçilərin yüksək standartlara cavab verən servis vasitələri ilə iş yerlərinə gəlib-getmələri təmin olunur".

- "Azfen" işçilərin təhlükəsizliyi necə təmin edir?

- Bildiyiniz kimi, "Azfen" BM tərəfindən icrası həyata keçirilən layihələrin sifarişçisi BP şirkətidir. BP şirkəti işçilərin təhlükəsiz şəraitdə işləməsi üçün gördüyü tədbirlərlə bütün dünyada tanınmaqdadır. "Azfen" BM tərəfindən icrası həyata keçirilən layihələr zamanı işçilərin sağlam, təhlükəsiz şəraitdə işləməsi ən önəmli prinsip kimi rəhbər tutulmaqdadır. "Azfen" BM-nin fəaliyyətində ən mühüm amil insan faktoru olduğundan, Müəssisəmiz ilk öncə işçilərimiz üçün sağlam, təhlükəsiz iş şəraiti yaradılmasına və yalnız bundan sonra işlərin keyfiyyətlə və vaxtında icra olunmasına önəm verməkdədir. Məhz bunun nəticəsidir ki, Bayıl sahəsində təhlükəsiz iş saatlarının sayı hazırda on beş milyona çatmışdır.

- Layihədə müxtəlif vəzifə və peşələr üzrə işlə təmin edilən işçilərin əmək müqaviləsi necə tənzimlənir?

- Bir qayda olaraq beynəlxalq layihələrdə, o cümlədən Şahdəniz-2 layihəsində də işçilərin işi daimi xarakter daşımır. Layihənin ümumi işinin müddəti, o cümlədən hər bir ixtisas (peşə) üzrə işə cəlb ediləcək, habelə iş həcminin azalması ilə əmək müqaviləsinə xitam veriləcək işçilərin sayı mərhələlər (aylar, rüblər) üzrə müəyyənləşdirilərək müvafiq sənədlərdə əvvəlcədən təsdiq olunur. İşə qəbul ərəfəsində bütün işçilərə bu proseslər izah olunur və müvafiq məsələlər işçilərlə rəsmi qaydada bağlanmış əmək müqavilələrində öz əksini tapır. Bütün işçilər əmək haqqlarını onlara verilmiş pul kartları ilə müvafiq bankomatlardan vaxtında alırlar. İşçilərin əmək müqaviləsi işin yerinə yetirilməsi qrafikinə uyğun şəkildə tənzimlənir. Yəni hər vəzifə və peşə üzrə namizədlər qrafikə uyğun şəkildə işə qəbul olunur və əvvəlcədən xəbərdar edilməklə, qrafikə uyğun şəkildə işdən azad edilirlər.

- Əmək müqaviləsinə əsasən işçilərdən hansı qaydalara riayət etmələri tələb olunur?

- Layihəyə işə cəlb olunan işçilər dövlət əhəmiyyətli bu layihədə əmək qanunvericiliyinə uyğun olaraq yüksək əmək intizamı nümayiş etdirməli, öz əmək funksiyalarını dəqiqliklə və vicdanla yerinə yetirməlidirlər. Bu səbəbdən də, işçilərin bu istiqamətdəki fəaliyyəti öz iş rəhbərləri tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əmək intizamını pozmuş, işə gecikmiş, üzürsüz səbəbdən iş buraxmış işçilər barədə əmək qanunvericiliyinə müvafiq şəkildə intizam tədbirləri görülür.

- Çox nüfuzlu və böyük bir müəssisənin rəhbəri kimi deyə bilərsinizmi şirkətinizin üzləşdiyi hər hansı bir problem olubmu?

- "Azfen" BM günbəgün nüfuzu artaraq irəliləyən Azərbaycanın ən nümunəvi şirkətlərindən biridir. Lakin təəssüflər olsun ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da bir qrup - ölkəmizin dayanıqlı inkişafını gözü götürməyən insanlar, nümunəvi, ölkə iqtisadiyatının inkişafında öz xüsusi çəkisi olan öncül şirkətlərə böhtan atmaqla məşğuldurlar. Məhz bunun nəticəsidir ki, "Azfen" BM-nin günbəgün artan nüfuzu həmin qrup insanlardan bəzilərini narahat edir və həmin şəxslər tərəfindən internet səhifələrinə, redaksiyalara reallığı qətiyyən əks etdirməyən, böhtan məqsədli informasiyalar göndərilir. Reallıqdan tamamilə uzaq olan bu tip məlumatların internet səhifələrində yerləşdirilməsi müəssisəmizdə heç bir narahatçılığa səbəb olmur. Çünki "Azfen" BM öz fəaliyyətində daima şəffaflıq prinsipinə riayət etdiyindən, mətbuat orqanları tərəfindən verilən bütün suallara ətraflı cavablar verilir və jurnalist araşdırmaları üçün müvafiq şərait yaradılır.

- "Azfen" BM tərəfindən yaxın gələcəkdə hansı planların həyata keçirilməsi nəzərdə tutulub?

- "Azfen" BM hər zaman olduğu kimi, bundan sonrakı fəaliyyətində də, irihəcmli layihələrin icrası üçün keçiriləcək müvafiq tenderlərdə iştirak edərək, həmin tenderlərdə qalib olmağa və layihələrin icrasını təhlükəsiz, yüksək keyfiyyətlə və qrafikə uyğun şəkildə müvəffəqiyyətlə yerinə yetirməyə çalışacaq.

Gülnar MƏSİMLİ
“Naşir” jurnalının baş redaktoru

 





01.03.2016    çap et  çap et