525.Az

İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərənlərə xəbərdarlıq


 

İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərənlərə xəbərdarlıq<b style="color:red"></b> “Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev XİN-in hazırladığı “İşğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabata dair keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir:

“Bu baxımdan Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm ermənilərin, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini, Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmağa və gələcəkdə belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.

Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır”.
 
XİN sözçüsü qeyd edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur.

Onun sözlərinə görə, münaqişənin davamlı və uzunmüddətli həllinə nail olmaq üçün yeganə yol BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində tələb edildiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır:

“Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünün, xüsusilə işğal olunmuş ərazilərində hər hansı bir yol və vasitə ilə qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və ya onda iştirak daxil olmaqla, pozulmasına imkan verməyəcək.
 
Beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü, eləcə də vətəndaşlarının hüquqları və qanuni maraqlarını qorumaq üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı özünün milli hüquq sistemi və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş üçüncü ölkənin yerli məhkəmələri vasitəsilə fərdlər və şirkətləri təqib etmək məcburiyyətində qalması kimi hər hansı bir fəaliyyətin nəticələrinin məsuliyyəti bütünlüklə Ermənistanın və qeyri-qanuni fəaliyyətə cəlb olunmuş fiziki və hüquqi şəxslər, şirkətlər və qurumların üzərinə düşəcək”.
 





02.03.2016    çap et  çap et