Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" qanun layihəsi ilə bağlı növbəti müzakirələr aparılıb.
Komitənin sədri Əli Hüseynli qanun layihəsi haqqında məlumat verərək bildirib ki, son dövrlərdə məhkəmə hüququ islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Onun sözlərinə görə, məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə edilməsi, habelə məhkəmələrin hakimiyyətin bir qolu kimi cəmiyyət üçün daha açıq olması məsələləri daim gündəmdə olub.
Komitə sədri eyni zamanda deyib ki, bu sahədə problemlər də mövcuddur.
Ə. Hüseynlinin dediyinə görə, problemlərin bir çoxu məhkəmənin fəaliyyətinin spesifikliyi ilə bağlıdır:
"Məhkəmə orqanlarının fəaliyyəti, məhkəmə prosesi, onun haqqında informasiya əldə olunması cəmiyyət üçün nə qədər vacibdirsə, bu informasiyanın obyektiv olması da bir o qədər əhəmiyyətlidir".
Ə.Hüseynli bu sahədə mövcud olan bir sıra ziddiyyətli məsələlərin həlli üçün belə bir qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.
O bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2009-cu ilin iyununda parlamentə daxil olan qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir.
Sənəd məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı hər hansı bir informasiya əldə etməsinin mümkünlüyünü və şəffaflığını tənzimləyəcək.
Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması, istifadəçilərin hüquqları, informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq, sorğu verilməsi, informasiyanın dərc edilməsi və digər bu kimi əsas prinsiplər əksini tapıb.
Müzakirələrdə çıxış edən Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyev və deputatlar qanun layihəsi barədə fikirlərini bildiriblər.
Qanun layihəsi müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə edilib.
K.HƏMZƏOĞLU
çap et