525.Az

Fransa Milli Assambleyasında Xocalı soyqırımıyla bağlı tədbir


 

KONFRANS "XOCALIYA ƏDALƏT!" KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNUB

Fransa Milli Assambleyasında Xocalı soyqırımıyla bağlı tədbir <b style="color:red"></b>

Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə "Xocalı - qırğın haqqında həqiqət" adlı konfrans-debat keçirilib.

"AZƏRTAC"ın məlumatına görə, Konfrans Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" sənədli filminin nümayişi ilə başlayıb.

Assosiasiyanın sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək bildirib ki, konfransın əsas məqsədi Xocalı faciəsi haqqında həmvətənlərinə ətraflı məlumat verməkdir.

Tədbirdə iştirak edən deputat Cavanşir Feyziyev isə konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları çatdırıb. O, erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal etməsindən və xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb.

Tarixçi Maksim Quen isə erməni ASALA terror təşkilatından, onun türk xalqlarına qarşı törətdikləri kütləvi qırğınlardan, qanlı cinayətlərdən söz açıb. O, Parisdə Orly aeroportunda baş verən terror aktının, eləcə də Xocalı soyqırımının lazımi səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib, Azərbaycanın regionda güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.

Tədbirdə məruzələrdən sonra müzakirələr aparılıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 -cü ildönümünə həsr edilmiş konfransa görə təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır. Səfir Ermənistanın qeyri-konstruktiv və təcavüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı ciddi təzyiqləri olmadıqca vəziyyətin belə davam edəcəyini bildirib.

Türkiyənin Fransadakı səfiri Hakki Akil çıxışında Xocalı hadisələri zamanı Parisdə olduğunu və bu soyqırımın fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib.

 





02.03.2016    çap et  çap et