525.Az

Macar partiyasından Xocalı bəyanatı


 

Macar partiyasından Xocalı bəyanatı<b style="color:red"></b>

Macarıstanın parlamentdə təmsil olunan ikinci böyük siyasi partiyası Daha Yaxşı Macarıstan Uğrunda - Yobbik partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı press-reliz yayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən 525.az-a verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu mühüm sənəd ölkənin aparıcı KİV-lərində dərc edilib.

Press-relizdə Azərbaycan xalqının 1988-ci ildə elan olunmamış müharibə nəticəsində erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubluğa görə 83 nəfəri uşaq, 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur.

Ermənistanın bu gün də Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı sənəddə törədilən qanlı cinayətlərə baxmayaraq ölkəmizin münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsi ilə həllinə çalışdığı bildirilir.

Daha yaxşı Macarıstan uğrunda- Yobbik partiyası mətbuat üçün yaydığı press-relizdə ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınadığını, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişəni həlli  və uzun müddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirir.

Sənəddə eyni zamanda, Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsaqlığı verilir.

Bundan başqa, partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü münasibəti ilə Azərbaycan rəhbərliyinə rəhbəri olduğu partiyanın kədər və təəssüfünü çatdırmağı xahiş edib.

 





03.03.2016    çap et  çap et