525.Az

“Xocalıya ədalət” kampaniyası CAR mətbuatında


 

“Xocalıya ədalət” kampaniyası CAR mətbuatında<b style="color:red"></b>

Cənubi Afrika Respublikasının (CAR) gündəlik “Pretoria News” qəzetinin “Diplomatik güşə” bölməsində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.

Azərbaycanın CAR-dakı səfirliyindən 525.az-a verilən məlumata görə, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə CAR-dakı səfirliyimizdə təşkil edilmiş sərgidə iştirak etmiş müəllif Xocalı faciəsini Soyuq müharibədən sonrakı dövrün “ilk soyqırımı” kimi xarakterizə edir və Ermənistan tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədilməsini insanlıq əleyhinə cinayət adlandırır.

Məqalədə 600-dən çox mülki azərbaycanlının öldürülməsinin və Xocalı şəhərinin yerlə-yeksan edilməsinin Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu xüsusi vurğulanır.

Həmçinin, Xocalı soyqırımı fonunda torpaqlarımızın iyirmi faizindən çoxunun işğalı və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin yurd-yuvalarından didərgin düşməsi ilə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsi barəsində məlumat verilir.

Sonda 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət” kampaniyasının soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli olduğu bildirilir.

 





03.03.2016    çap et  çap et