525.Az

İctimai polisin yaradılması zərurəti


 

İctimai polisin yaradılması zərurəti <b style="color:red"></b>

Doğma Azərbaycanımızda vətəndaşların təhlükəsizliyi, onların mülkiyyət hüquqlarının qorunması sahəsində polis orqanlarının yorulmaz və geniş əhatəli fəaliyyəti ölkəmizdə sabitliyin bərqərar edilməsində mühüm rol oynayır.

Daxili İşlər Nazirliyinin sıravi heyətindən tutmuş yüksək rütbəli zabitlərinə qədər, demək olar ki, bütün kollektivi insanların hüquq və azadlıqlarının qorunmasında fəal iştirak etməklə, polisə olan etimadın yüksəlməsinə, əsl asayiş bastionunun nüfuzunun xeyli böyüməsinə nail olmuşdur.

Son illərdə cinayətkarlığa qarşı mübarizədə polisin əməliyyat-axtarış fəaliyyəti xeyli güclənmiş, əlavə səmərəli çalarlar qəbul etmişdir. Belə vəziyyət cinayətkar ünsürlərin qanun əsasında qisasın qaçılmaz olması mühakiməsinə gəlmələrinə səbəb olduğundan, həm də onlara qarşı dözümsüzlük şəraitinin yaranması ağır cinayətlərin nisbətən qısa müddətdə açılması imkanlarını xeyli artırmışdır. Polis sistemində işləyənlərin qanundankənar hərəkətlərə, nalayiq xətalara yol vermələri halları, faktları da əhəmiyyətli dərəcədə azalmışdır.

"Mənim polisim məni qoruyur" kəlməsi öz mənfi, istehza eyhamını itirərək, DİN-in çoxminli heyətinin iş prinsipinə, əhalinin polisə bəslədiyi münasibətin, etibarın real ifadəsinə çevrilmişdir. Polis öz tərkibini xalqın ən ləyaqətli oğlanlarından formalaşdırdığı kimi insan haqlarını və hüququn qorunması sahəsində, qanun pozuntularına qarşı mübarizədə də əhalinin kömək göstərmək potensialına arxalanır. Lakin əhalinin polisə yardım göstərmək imkanı heç də tükənməmişdir, onu daha da aktivləşdirmək, nəticəli etmək üçün xüsusi səmərə verən vasitələrə əl atmaq mümkündür.

İctimaiyyətin polis orqanlarına göstərdiyi köməyin sanballı və daha səmərəli olması ictimai asayişin qorunması və cinayətkarlığa qarşı mübarizə işini daha yüksək səviyyəyə qaldırmağa şərait yaradardı. Son dövrlərdə həmin kömək imkanlarının genişləndirilməsi sahəsində diqqəti cəlb edən təkliflər irəli sürülmüş və bu, cəmiyyətin həmin mühüm problemə laqeydcəsinə yanaşmamasının parlaq sübutudur. Bu günlərdə elektron mətbuat vasitələrində hüquqşünas, istefada olan polis polkovniki Şəmsəddin Əliyev ictimai polis kimi yeni institutun  yaradılmasına ehtiyac duyulduğunu əsas gətirərək, onun meydana gəlməsi ehtimalını arqumentlərlə əsaslandırmağa çalışmışdır. Təhlil etdikdə görünür ki,  bu təklif heç də lüzumsuz adi bir orqan yaratmaq niyyəti olmayıb, əksinə ictimai asayişin qorunmasını möhkəmləndirmək, cinayətkarlığa qarşı mübarizədə yorulmaz cəbhə kimi çıxış etmək amalından irəli gəlir. Cinayətkar ünsürlər hiss etməlidirlər ki, artıq təkcə polis deyil, ona hər cür yardım göstərməyə hazır olan əhalinin müqavimət qüvvəsini dəf etmək cəhdlərinə "qırmızı xətt" çəkiləcəkdir. Ona görə də bu təklifin müsbət həllinə qalsa, bundan birinci növbədə öz iştirakı ilə mübarizənin daha da sərtləşdirilməsini uman xalqımız fayda götürəcəkdir. İctimai polisin vəzifəsi, ümumiyyətlə mahiyyəti nədən ibarət olmalıdır? Əvvəlcədən bunu bütünlüklə əhatə etmək mümkün olmasa da, bəzi cəhətlərinə diqqət yetirmək olar. Əlbəttə ki, bu yeni dəstə polisi heç də əvəz etmək məqsədini güdmür, yalnız ona hərtərəfli kömək göstərmək niyyətilə yaradılır və onun tərkibi, heç şübhəsiz, cəmiyyətin fəal üzvlərindən təşkil olunmalıdır. Bura fiziki, mənəvi və psixoloji cəhətdən sağlam, möhkəm iradəli, mübarizə üçün fədakarlıq göstərməyə hazır olan gənclər qəbul edilməlidir. Bu yeni institut heç də köhnə Sovet dövrünün könüllü drujinasını bərpa etmək cəhdi kimi qəbul edilməməlidir, axı onun faydalı iş əmsalı da  olduqca kiçik idi.  İctimai polis isə hansısa qrafanı doldurmaq məqsədini güdmür, öz qüvvəsini xalqdan aldığından, xalq qarşısında da öz fəaliyyətinə görə məsuliyyət daşıyacaqdır.

Bu yeni ictimai orqan yeni vəzifələr fövqündə meydana gəldiyindən, onlara cavab vermək missiyasını daşımalıdır, başqa sözlə, asayişin qorunmasına özünün sanballı töhfəsini verməlidir. Bu töhfə öz ifadəsini cinayətkarlığa qarşı mübarizə sahəsində polisin əldə etdiyi müsbət göstəricilərdə öz əksini tapmalıdır. Bu dəstənin üzvləri cinayətkarlığa, asayişi pozan xətalara qarşı mübarizə yollarına və vasitələrinə yiyələnməli, polisin ən yaxşı ənənələrindən qidalanmalıdır.

İctimai polisin sıralarına daxil olma tam könüllü xarakter daşımaqla yanaşı, onun heyətinə adamlar həm də vətəndaş cəmiyyəti təşkilatlarının zəmanəti əsasında qəbul oluna bilərlər. Daxili İşlər Nazirliyi onların seçilməsinə, formalaşmasına rəhbərlik və nəzarət etməlidir. Nazirlikdə bu məsələ ilə məşğul olan bir qurumun yaradılması işlərin professionallığa yaxın qaydada aparılmasına xeyli köməklik etmiş olardı. Yəqin ki, bu dəstə müəyyən hüquq və vəzifələr çərçivəsində fəaliyyət göstərəcəkdir, onun səlahiyyət dairəsi qanunvericilik aktı ilə müəyyən edilsə, bu onun yaradılmasına və fəaliyyətinə dövlətin göstərdiyi diqqətin və qayğının parlaq ifadəsi rolunu oynayardı.

İnsan fəallığı müəyyən motivlərə əsaslandığından, ictimai polisin üzvlərinin mənəvi və maddi cəhətdən maraqlandırılması da heç də az əhəmiyyət daşımır. Bu tədbirlər həm də bu institut üzvlüyünə əlavə cəzbedicilik xüsusiyyəti bəxş edərdi. Belə həvəsləndirmə vasitələrindən biri ən fəal üzvün gələcəkdə polis orqanlarında xidmətə götürülməsi, yeni zabit kadrlarının yaradılması üçün ondan bir ehtiyat fondu kimi  istifadə edilməsidir. Müəyyən ölçülərdə və qrupun daha fəal üzvlərinin həm də fəaliyyətin nəticələrinə görə maddi cəhətdən mükafatlandırılması da bu gənc insanların coşan fəallığı üçün əlavə impuls rolunu oynayardı.

İctimai polisin fəaliyyəti dövlət polis orqanlarının istiqamət vektorundan fərqlənməməli, həm də polisi əvəz etməməklə yanaşı, onun fəal köməkçisi vəzifəsini yerinə yetirməlidir. İctimai polisin fəaliyyəti DİN tərəfindən hazırlanmış əsasnaməyə uyğun olaraq nizamlanmalıdır. Həmin sənəddə onun strukturu və fəaliyyət dairəsi öz əksini tapmalıdır.

Xalqdan mənbəyini götürən bu yeni dəstə respublika DİN orqanları ilə əhali arasında ardıcıl əlaqə yarada bilən ötürücü qayış rolunu oynamalıdır. Onun üzvlərinin fəaliyyət arealı daha yaxşı tanıdıqları, xüsusiyyətlərinə bələd olduqları ərazilər-şəhər məhəllələri, qəsəbələr, kəndlər və digər yaşayış məntəqələri olmalıdır.   Onların həmin ərazilərlə yaxşı tanışlığı ictimai asayişin qorunmasının daha səmərəli olmasına şərait yaradardı.

Nəzərdə tutulan bu orqan vətəndaşların özfəaliyyətinin, cəmiyyətin ehtiyac duyduğu fəallığın yeni nümunəsi olmaqla  əhali arasında hüquq və vəzifələrin təbliğində də mühüm rol oynamaqla vətəndaşların ölkədə sabitliyin  qorunması işinə göstərdikləri münasibətin və məsuliyyətin yeni, daha cazibədar mənzərəsini yaradardı.

Ölkəmizdə həqiqi vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm tədbirlər görülür. Qeyri-hökumət təşkilatlarına və mətbuata dövlətin göstərdiyi maddi və mənəvi qayğı öz müsbət nəticələrini verir. Vətəndaşların fəallığına meydan yaradılması  üçün də əlavə imkanlar işə salınır. Uzun müddət davam edən təcavüzə məruz qalmış ölkəmizdə ərazi suverenliyinin bərpası üçün də sabitlik heç də az əhəmiyyətli bir  məsələ deyil. Sabitlik həm də ictimai asayiş deməkdir. Onu bərqərar etməkdə polisə xalqın kömək göstərməsi, dəstəyi müsbət təsir edən bir amilə çevriləcək. İctimai polisin yaradılması da  bu nəcib məqsədi güdür və ümid etmək olar ki, bu təşəbbüsə dövlət orqanları adekvat münasibətlə cavab verəcək.

Məmməd XANAYEV, əmək veteranı
Balakən rayonu

 





03.03.2016    çap et  çap et