525.Az

Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan seminar-müşavirə


 

Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan seminar-müşavirə <b style="color:red"></b>

Martın 4-də Bakıda Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq yaradılmış Apellyasiya Şuralarının fəaliyyətinə həsr olunan ümumrespublika seminar-müşavirəsi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak edirlər.

Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə Apellyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, digər məsələlər kifayət qədər dolğun və ətraflı təsbit edilib. Apellyasiya Şurası dövlətimizin başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Seminar-müşavirədə şuraların qarşısında duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib. Əsasnamənin və qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən hazırlanan metodiki təlimatların təqdimatı keçirilib.

Seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyətlərində yaradılmış şuraların fəaliyyəti üçün zəruri olan texniki-təşkilati, informasiya təminatı və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Daha sonra tədbir qarşılıqlı diskussiya şəraitində davam etdirilib.

 





04.03.2016    çap et  çap et