525.Az

Qarabağ mövzusu İlyas Əfəndiyev dramaturgiyasında


 

Qarabağ mövzusu İlyas Əfəndiyev dramaturgiyasında<b style="color:red"></b>

XX əsr Azərbaycan ədəbi-bədii fikrinin və ictimai-mədəni həyatının zənginləşməsində diqqətəlayiq xidmətləri olan təkrarsız şəxsiyyətlərdən biri də Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevdir.

İ.Əfəndiyevin yaradıcılığı daim yüksələn xətt üzrə inkişaf edib. 1980-ci illərin əvvəllərindən başlayaraq onun bədii axtarışlarında xalqımızın yaxın tarixi keçmişinə, ziddiyyətli inkişaf yoluna, mədəni və mənəvi həyatın müxtəlif sahələrində qazandıqlarımıza və itirdiklərimizə marağı daha da güclənib. Yazıçının 1970-ci illərin sonu və 80-ci illərin əvvəllərində bir-birinin ardınca tarixi mövzuda yazdığı "Şeyx Məhəmməd Xiyabani", "Xurşidbanu Natəvan", "Mahnı dağlarda qaldı", "Bizim qəribə taleyimiz" və sair pyesləri onun yaradıcılığında sosial-ictimai hadisələrin, daha da genişləndiyini, xarakter və obrazların zənginliyini göstərirdi.

İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən qələmə aldığı hekayə, roman və dram əsərlərinin əksəriyyətini Qarabağ mövzusuna həsr edib. Ömrünün sonuna qədər də bu mövqeyini qoruyub saxlayıb.

Cəfər Cabbarlıdan sonra, İlyas Əfəndiyev dramaturgiyasında da nəcib təbiətli qadın obrazları bir silsilə təşkil edir və onun pyeslərində xüsusi cazibədarlıq və maraq yaradır. Bütövlükdə yazıçının Qarabağ mövzusunda yazdığı həm kiçikhəcmli, həm də nisbətən geniş əsərləri dramatik janra keçmək baxımından əhəmiyyətlidir. İlyas Əfəndiyev insan xarakterində yeniliyi həssaslıqla araşdırırdı. Bədii ideya yeni mərhələdə qarşıya çıxan problemlərin həlli, maneələrin ləğvi ilə bağlı çətinlik və ziddiyyətlərin konflikti maraqla ifadə edilirdi. İlyas Əfəndiyev dramaturgiyası əsərdən-əsərə püxtələşir, müəllif daha dərin, mənalı konfliktlər tapmağa çalışırdı. Bu baxımdan yazıçının axtarışları 1964-cü ildə yeni bir əsərin "Sən həmişə mənimləsən" lirik-psixoloji dramını meydana gətirir. Əsərdəki surətlərin daxili aləmi maraqlı açılsa da, əsərdə gərgin psixoloji situasiyalar yaradır. Digər bir dram əsəri olan "Atayevlər ailəsi" bütövlükdə psixoloji dramdan çox, satirik, publisist dram janrının yüksək nümunəsi sayılmışdır. 

Yazıçının bədii ustalıqla mənəvi-sosial problemləri qaldıran dram əsərləri Azərbaycan Dövlət Akademik Dram Teatırında uğurla oynanılıb. Heç təsadüfi deyil ki, İlyas Əfəndiyevin dram əsərləri müxtəlif xalqların dillərinə tərcümə olunaraq müəllifinə böyük müvəffəqiyyət qazandırıb. İlyas Əfəndiyev "Büllur sarayda" dramında güclü müasirlik ruhu aşılayır. Bu dram Ağa Hüseyn Nəcəfovun yaylaq mülkündə cərəyan edir. Və "Min bir gecə" nağıllarındakı  malikanələri xatırladan bu imarət halal zəhmətlə yox, əyri yollarla mənimsənilən sərvətin, rüşvətin hesabına ucaldılıb...

Yazıçının "Tənha iydə ağacı" dramında hadisələr Türkiyədə mühacirətdə olan Kərim bəyin malikanəsində cərəyan etsə də, əsas ideya və süjet Azərbaycanın tərkib hissəsi olan Qarabağla sıx əlaqədardır. Əsərdə Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü problemi ön plandadır. Diqqət mərkəzində olan iki nüfuzlu şəxsin - həkim Kərim bəylə, Professor Behbud bəyin obrazı, nəcib arzu və xəyallarla yaşamış iki səmimi dostun görüşü və söhbətləri bir çox tarixi və həyati həqiqətləri yazıçı kəskin drammatik məqamlarla açıqlayır. Biri vətəni tərk etməli, digəri vətəndə qalmalı olduğu üçün xoşbəxtliyini itirən bu iki şəxsin taleyi Sovet rejiminin fəlakətli nəticələrini real faktlarla əyaniləşdirir. Qarabağa ata-baba yurduna səyahətə getmiş Sürəyya xanım da (Kərim bəyin böyük qızı) mülklərində salamat qalmış tənha iydə ağacının doğurduğu hisslər, yaratdığı təsirli vətən məhəbbəti ilə dolu motivlər əsərə daha da  rəngarənglik vermişdir.

Sovet imperiyasının dağılma ərəfəsində xalqımızın taleyinə işıq salmaq, ən ibrətli hadisələri gənc nəslə çatdırmaq ədibin ümdə vəzifələrindən biri idi. Şeyx Məhəmməd Xiyabani ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəri idi. Sovetlər dövründə Şeyx Məhəmməd Xiyabani hərəkatına milli deyil, dini hərəkat kimi baxırdılar. Əslində isə yazıçının təbirincə desək, Xiyabani hərəkatı bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə cənubda yaşayan azərbaycanlıların hüquqları uğrunda mübarizəyə qalxmışdır. Xiyabaninin pyesdə səslənən monoloqları milli qeyrət və mübarizə ruhu, Azərbaycan sevgisi ilə doludur. O, deyir :-"Ey qüdrətli Azərbaycan xalqı! Ey azadlıq uğrunda çarpışan mücahidlər! Bu alqışlar verdiyin qurbanların səsidir. Qoy bu qüdrətli səslər sənin ürəyində güclü tufanlar qopartsın! Mənim əzablar, sitəmlər çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə, heç bir hədə-qorxu bu qiyamı sarsıda bilməyəcəkdir! Biz şəhid olacağıq, lakin bu yoldan dönməyəcəyik":

Alovlu sözlərlə xalqa üz tutan Xiyabani oxucu və tamaşaçı tərəfindən hədsiz bir məhəbbətlə qarşılanırdı. Bu qarşılanma yazıçının qələbəsi və uzaqgörənliyi idi. Cəmi iki il sonra Ermənistanın Qarabağ torpağına işğalçı hücumu başlananda Xiyabaninin bu sözləri gəncləri torpaq uğrunda döyüşlərə səfərbər edən çağırış kimi səslənirdi. Şeyx Məhəmməd Xiyabani obrazı azadlıq və müstəqillik uğrunda şəhidliyi belə şərəf kimi qəbul edən  misilsiz bir vətənpərvər obrazı idi.

İlyas Əfəndiyevin xalqımızın taleyi və birliyi problemini əks etdirən ən yaxşı tarixi əsərlərindən biri də Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyatına həsr olunmuşdur. Bu əsər səksəninci illərin əvvəllərində böyük ədəbi hadisəyə çevrilir. Geniş auditoriyasının rəğbətini qazanır. İlyas Əfəndiyev ilk dəfə olaraq qadın surətini tarixi dramın baş qəhrəmanı kimi seçmişdir.

Dramın uğur qazanmasının bir səbəbi tarixi hadisələrin müasir səslənməsidirsə, digəri yazıçının yetkin sənətkarlıq məharəti olmuşdur.

Xurşidbanu Natəvan sonuncu Qarabağ xanının qızı, təmiz və bəşəri hisslərin qadın duyğularının incə nəğməkarı olan bir şairədir. Onun hüzn və kədərlə yazdığı qəzəlləri öz ağır taleyinin, həmçinin Qarabağ xanlığının XIX əsrin birinci yarısındakı süqutunun ağırlığını ifadə edir. Onun əsərlərindəki kədər sosial səciyyə daşıyır. Elə yazıçını da Natəvanın taleyinin məhz bu tərəfi daha çox cəlb etmişdir. Dramaturqun əsas niyyəti Natəvanın həm ictimai xadim, həm də elinə-obasına bağlı şairə kimi dolğun obrazını yaratmaqdır. Əsərdə dramatik konflikt ən çox Natəvanın taleyi üzərində qurulur.

Yazıçı əsərdə Natəvandan başqa Knyaz Xasay, Seyid Hüseyn, şair Mamayı, Nəvvab, Qafqaz canişini və başqa obrazlara da xüsusi yer vermişdir. Xurşidbanu Natəvan dramında yazıçını Sovet dövlətinin dağılma ərəfəsində cəmiyyəti narahat edən əsas məsələ - xalqımızın azadlığı və gələcək taleyi düşündürüb. Müəllif bu problemi xalqımızın tarixi keçmişinə münasibət baxımından yenilikçi və cəsarətli bir obrazın iştirakı ilə işıqlandırıb. O, Qarabağda yuva salmış mənfur erməni millətçiliyinin fitnəkar təbiətini, bunun xalqımız üçün təhlükə olmasını göstərib. Sovet ideologiyası şəraitində bu mövzunun yazıçı tərəfindən qələmə alınması, sözsüz ki, təqdirəlayiq bir hal kimi qiymətləndirilməlidir. Ter-Vahan surəti torpaqlarımıza göz dikən, xristian dünyasına özünü qurban kimi qələmə verən erməni fitnəkarlarının ümumiləşdirilmiş obrazıdır. Onun yaltaqlığı, hər dəqiqə bir cildə girib ağı qara kimi qələmə vermək xüsusiyyəti erməni millətçiliyinin əsas obrazı kimi ümumiləşir. Əsərdə İlyas Əfəndiyev Xan qızı Natəvanın şəxsi taleyini ümumən Qarabağın taleyi ilə eyniləşdirmişdir. Onun yaratdığı Natəvan  obrazı şimali və cənubi Azərbaycanın taleyi və dərdi ilə yaşayır. İmperiyaların süngüsü ilə ikiyə parçalanmış vətəni bütöv görmək istəyir. Bu motiv pyesdə Natəvanın həm Rusiya imperiyası, həm də İran dövlətinin səfirləri ilə görüşlərində daha açıq və qüvvətli səslənir.

Natəvan bu iki qonşu dövlətinin planlarını Azərbaycanın azadlığı və müstəqilliyi üçün təhlükə sayır və bu təhlükənin dəf edilməsi üçün böyük diplomatik məharət göstərir. O, Qafqaz canişini ilə görüşüb Qarabağ xanlığının bütün torpaqlarını və mülkünü tələb edəndə canişin soruşur:

- Bu qədər torpaq sənin nəyinə lazımdır?

Natəvan  ona belə cavab verir:

- Mənim xalqım var...

Bu ideya əsər boyu Natəvanın fəaliyyətinin qayəsi kimi diqqəti cəlb edir.

Natəvan xalq üçün Şuşaya su çəkdirir, kəndli balaları üçün məktəb açdırır, yollar saldırır.

Pyesin əvvəlindəki monoloqunda Natəvan  deyir:

- Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır.

Bu sözlər "Xurşidbanu Natəvan " tarixi dramında müəllif fikrini yığcam şəkildə əks etdirir.

İlyas Əfəndiyevin sonuncu dram əsəri olan "Hökmdar və qızı" onun Qarabağa sonsuz məhəbbətindən, dramaturgiyaya tükənməz sədaqətindən xəbər verir. Yazıçının İbrahim xanın həyatına həsr etdiyi faciə dramı Milli Akademik Dram Teatrının səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Əsərdə cərəyan edən hadisələr XVIII əsrin ictimai-siyasi mühitini əks etdirir. Dramaturq Azərbaycanın müstəqil xanlıqlardan ibarət olduğu bir zamanı təsvir etmişdir. Azərbaycanı öz tabeliyinə almaq üçün Rusiya ilə İran arasında amansız müharibə gedir. Rusiya-İran müharibəsi Rusiyanın xeyrinə bitir. Rusiya Azərbaycanı öz himayəsinə keçirmək adı altında xanlıqların torpaqlarını zəbt edir. Milli bütövlük uğrunda mübarizə, xanlıqların birləşməsi ideyası gerçəkləşmir.

Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, İlyas Əfəndiyev dramaturgiyası və ədibin Qarabağ mövzusuna həsr etdiyi əsərləri zaman keçdikcə nəinki dəyərini və aktuallığını itirmir, əksinə, oxucuların, tamaşaçıların nəzərində daha da yüksəlir.

Ədalət RƏSULOVA

 





04.03.2016    çap et  çap et