525.Az

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya


 

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Sessiyada AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən qurultay türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb.
 
Birinci Türkoloji Qurultay dövrünün möhtəşəm hadisələrindən biri olub,burada çox mühüm ortaq məsələlər müzakirə edilib.Türkdilli xalqlar içərisində ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu qurultayda nümayiş olunub.

Bu mötəbər tədbirin formatında ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub.

Eyni zamanda, burada türk xalqlarının inkişafı və onların həyatında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı olan qərarı xüsusi qeyd etmək lazımdır. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyinin möhkəmlənməsində çox böyük əhəmiyyətə malik olan tarixi hadisədir.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib. Bildirib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla bağlı AMEA-da bir sıra tədbirlər keçiriləcək.

Tədbirdə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu "Birinci Türkoloji Qurultayın çağırışları və qarşıda duran vəzifələr", akademik Teymur Kərimli "Birinci Türkoloji Qurultayın fəxri nümayəndəsi Əli bəy Hüseynzadə" mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə qurultayın tarixindən, fəaliyyətindən və əhəmiyyətindən danışılıb.

Vurğulanıb ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Səkkiz gün davam edən bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda əsas müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Qeyd olunub ki, bu ilin oktyabrında ölkəmizdə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiriləcək.

Tədbirdə elmi ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

 





04.03.2016    çap et  çap et