525.Az

Qərb Azərbaycanın təşəbbüsünü dəstəkləyir


 

"CƏNUB QAZ DƏHLİZİ" AVROPA İTTİFAQININ ENERJİ STRATEGİYASI ÜÇÜN HƏYATİ ƏHƏMİYYƏTƏ MALİKDİR

Qərb Azərbaycanın təşəbbüsünü dəstəkləyir<b style="color:red"></b>

Məlum olduğu kimi, fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin Məşvərət Şurasının ikinci iclası keçirilib.

Toplantıda iştirak edən bir çox dövlət və təşkilatların rəsmi nümayəndələri layihəyə tam dəstəklərini ifadə ediblər. Avropa İttifaqı (Aİ) və ABŞ-ın tədbirdə yüksək çinli nümayəndələri ilə təmsil olunması da Qərbin bu layihəyə verdiyi böyük önəmi özündə ehtiva edir.

Toplantıda iştirak edən Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi göstərib:

"Belə tədbirlər davamlı olacaq. Əminəm ki, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcək".

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç isə Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətini qeyd edərək bildirib ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub:
 
"Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq".

Tədbirdə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirib. Aİ nümayəndəsi bildirib ki, təmsil etdiyi qurum Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir, "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımır:

"Avropa İttifaqı status-kovunu qəbuledilməz hesab edir, münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır".

Bu baxımdan "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclasının ardından Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramuntun Bakıya səfər etməsi diqqət çəkən məqamlardandır. Belə başa düşmək olar ki, Aİ Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirməklə bərabər siyasi müstəvidə də münasibətləri yüksələn xətdə görməkdə maraqlıdır. Təbii ki, bu da Aİ-nin Dağlıq Qarabağ münaqişəsində tutacağı mövqe və oynayacağı rolundan asılıdır.

Azərbaycan ABŞ ilə əlaqələrə də böyük əhəmiyyət verir və qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Öz növbəsində, ABŞ da Cənubi Qafqazın lider dövləti olan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyan Azərbaycanla çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. İki dövlət arasındakı münasibətlərin inkişaf tarixinə nəzər salsaq görərik ki, ABŞ - Azərbaycan əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla davam etdirilir.

ABŞ Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bunun ən bariz nümunəsidir.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə səfir təyin olunmasının 1 illiyi münasibətilə "ABŞ-Azərbaycan münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər" adlı məqaləsində bildirib ki, ABŞ həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib:
 
"Azərbaycanla davamlı və uzun müddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyi ilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir".

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. O, ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləməkdə davam edəcəyini deyib.

Bu o deməkdir ki, həm ABŞ-Azərbaycan, həm də Aİ-Azərbaycan əlaqələri qarşılıqlı maraqlar, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.

Məsələ ilə bağlı hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli bildirib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlər tərəfindən imzalanan Birgə Bəyannamə sübut edir ki, Azərbaycan Qərblə inteqrasiya istiqamətindən çəkilmək fikrində deyil:
 
"Bu çərçivədə həyata keçirilən layihələr də bizə bu qənaətə gəlməyə əsas verir. Arada yaranmış bir sıra anlaşılmazlıqlar isə müzakirələr yolu ilə həll olunacaq. Bizə müsbət divident gətirən məqam isə regionda siyasi manevr etmək imkanına malik olmağımızdır. Yəni Rusiya-İran amilini nəzərə alan Qərb Azərbaycanla bağlı siyasətində səhvə yol verməməyə çalışır. Lakin bəzən avropalılar bu amili nəzərə almırlar. Hətta Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rola da qiymət vermirlər. Lakin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır" deməsi, bundan başqa onun status-kvonun qeyri-sabit məsələ olduğunu söyləməsi, bir növ Avropadan Azərbaycana "sizə qarşı deyilik" ismarıcıdır".

R.Məmmədli inanır ki, Azərbaycanın hərbi-siyasi, coğrafi önəmini dərk edən Avropa bu günə qədər bizə qarşı etdiyi yanlışlıqları təkrarlamayacaq:

"Qərb gücləri açıq şəkildə münaqişədə tərəflərin adını açıqlayacaq və Ermənistanın Rusiyanın dəstəyi ilə işğalçılıq siyasəti həyata keçirdiyini bəyan edəcək. Məhz bundan sonra münaqişənin həllində hansısa müsbət nəticə əldə etmək olar. Lakin etiraf edim ki, Qərbin, beynəlxalq təsisatların səmimiliyinə inanmıram.

Məlumdur ki, biz indiyə qədər ancaq bu beynəlxalq strukturun danışıqlar prosesindəki passiv fəaliyyəti və qeyri-təşəbbüskarlığının şahidi olmuşuq. Bu mənada, hələ ki, həmsədrlər tərəfindən münaqişənin sülh yolu ilə həllinə yönəlmiş hansısa aktiv iştirakından danışmaq mümkün deyil".

Siyasi şərhçi Arzu Nağıyev isə bildirib ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısında diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı və digər maraqlı tərəflərin layihə ilə bağlı söylədiyi müsbət fikirlərdir.

Onun sözlərinə görə, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak öz çıxışında layihənin Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını, Türkiyənin layihənin reallaşdırılmasını qətiyyətlə dəstəkləyəcəyini bildirib.
 
Maraqlı fikirləri ilə yadda qalanlardan biri də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini olub.

O deyib ki, layihənin reallaşdırılması Avropa İttifaqının enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir.

"Cənub Qaz Dəhlizi" regionda Azərbaycanın xeyli sayda tərəfdaşlarla siyasi, iqtisadi və sosial əlaqələri dərinləşdirməsinə kömək edəcək. Bu Avropa İttifaqının Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihəyə böyük önəm verdiyini göstərir. Bundan başqa xanım Mogerini danışıqlarda Azərbaycan iqtisadiyyatının dünya bazarında neftin aşağı qiymətləri fonunda yeni reallıqlara uyğunluğu məsələsinə də toxunub və danışıqları müsbət qiymətləndirib. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də görüşlərə müsbət hal kimi dəyər verib və bir sıra narazılıqların da müsbət həll ediləcəyinə əmin olduğunu bildirib. Yəni, bütün bu verilən qiymətlər Azərbaycanın necə ciddi bir oyunçuya çevrildiyinə əyani bir sübutdur. Düşünürəm ki, buna görə də layihənin baş tutacağı artıq görünür".

A.Nağıyev əlavə edib ki, Avropa Azərbaycan vasitəsilə enerji təhükəsizliyini təmin etməklə bir sıra siyasi təhdidlərdən də sığortalanır:

"Məhz buna görə də Azərbaycan və Aİ arasında istər siyasi, istərsə də iqtisadi əlaqələr daha da intensiv şəkildə inkişaf edəcək. Bu layihənin gerçəklənməsi buna böyük bir təkandır. Yəni, bu layihənin həyata keçməsi regional münaqişələrin həllində də mühüm rol oynaya bilər. Çünki belə layihələrin həyata keçməsi üçün əsas şərtlərdən biri təhlükəsizlik məsələsidir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi isə regionda təhlükəsizliyə təhdiddir. Bu baxımdan Avropa İttifaqı problemin aradan qaldırılması üçün bütün rıçaqlarından istifadə etməlidir. Təbii ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür".

Ceyhun ABASOV

 





04.03.2016    çap et  çap et