525.Az

Dillər Universitetində Qəşəm Nəcəfzadə ilə görüş


 

Dillər Universitetində Qəşəm Nəcəfzadə ilə görüş <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, şair-publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Universitetdən verilən məlumata görə, görüşdə ADU-nun Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, şairin qələm dostları və universitetin tələbələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq üzrə müşaviri Nuranə Nur bu günün Beynəlxalq Yazarlar günü olduğunu qeyd edib, bu münasibətlə qələm sahiblərini təbrik etdi və onlara bədii fəaliyyətlərində uğurlar arzulayıb. O, Qəşəm Nəcəfzadənin yaradıcılığından danışarkən onun oxucuya özünü müəllif kimi hiss etdirməyi bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus yerə malik olmasından, əsərlərindəki səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs edib. Daha sonra Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun tərcüməçilik sahəsində savadlı kadrlar yetişdirdiyini deyən Qəşəm Nəcəfzadə bu istiqamətdə universitetin rolunu yüksək qiymətləndirib. O, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təmsil olunmasında məhz tərcümə işinin xilas yolu olduğunu söyləyib. Tələbələrə Azərbaycan Yazıçılar Birliyi ilə əlaqələr yaratmaqla ədəbiyyat sahəsində böyük işlər görülə biləcəyindən söz açan Q. Nəcəfzadə, bu istiqamətdə onlara dəstək olacağını sözlərinə əlavə edib. Daha sonra şair tələbələrin istəklərinə uyğun olaraq “Sənin dərsin”, “Evə qayıdıram”, “Bu saat gəlirəm”, “Pis valideyn” və sair şeirlərini səsləndirib.

Vəfa MƏMMƏDLİ

 





04.03.2016    çap et  çap et