525.Az

Banklara nəzarəti daha çox hansı qurum həyata keçirəcək?


 

Banklara nəzarəti daha çox hansı qurum həyata keçirəcək?<b style="color:red"></b>

Milli Məclisin (MM) martın 4-də növbəti plenar iclası keçirilib. İclasda Maliyyə bazarlarına nəzarət Palatasının yaradılması ilə bağlı "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununa dəyişilik edilib.

Belə ki, qanunun 4-cü və 80-ci maddələrinə “maliyyə bazarları tənzimləyicisinin qərarları" sözləri əlavə edilib.

Sonra gündəliyə paket şəklində daxil olan digər 24 qanun layihəsinin birgə müzakirəsi keçirilib.

Müzakirələr zamanı iclasa qatılan Maliyyə Bazarlarına Nəzarət Palatasının İşçi Qrupunun rəhbəri Rüfət Aslanlının qurumla bağlı da ilkin hesabatı dinlənilib.

R.Aslanlının bildirdiyinə görə, ötən ayın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə sərəncam imzalanıb:

“Ötən müddətdə beynəlxalq təcrübə öyrənilmiş və təkliflər zərfi hazırlanaraq ölkə prezidentinə göndərilib.

Həmin bu təkliflərin məntiqi davamı olaraq 24 qanun layihəsi zərf şəklində parlamentə göndərilib. 

Burada bir neçə məsələlər qeyd olunub ki, bunlardan birincisi fəaliyyətin lisenziyalaşdırılması, ikinci tənzimləyici normativlərin qəbul edilməsidir. Palata bu sferada hesabatlar alacaq, yoxlamalar aparacaq.

Nəzarət nəticəsində qanun pozuntuları aşkar olunarsa, bu zaman sanksiyalar və digər tədbirlər həyata keçirəcək. Maliyyə sisteminin sabitliyini təmin etmək üçün stress-testlər aparacaq. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, ayrı-ayrı qurumların tərkibində olan funksiyalar yaradılmış qurumun tərkibinə verilir.

Mərkəzi Bank pul siyasətini müəyyən edərək həyata keçirəcək. Bank sisteminin tənzimlənməsi ilə bağlı bütün funksiyalar isə Palatanın səlahiyyətində olacaq. 

Sistem əhəmiyyətli daşımayan banklarda qısa müddətli likvidlik problemi yaşana bilər. Bu zaman Palata onlara müəyyən zaman verərək Mərkəzi Banka müraciət edəcək.

Mərkəzi Bankın İdarə Heyəti mənfi qərar qəbul edərsə, hökumət yenə də məsələyə baxacaq. Onu da qeyd edim ki, 24 qanunun qəbul olunması ilə qurumun nizamnaməsinin qəbul olunması eyni vaxtda mümkün olacaq”.

R. Aslanlı əlavə edib ki, qurumun maliyyələşməsi müstəqil olacaq.

Müzakirələrdən sonra qanun layihələri qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





04.03.2016    çap et  çap et