“Son vaxtlar evlərin yarılması, pullların oğurlanması hallarının sayı artıb. Kimsə eşidəndə də filankəs bankda olan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə “əməliyyat keçirirlər”, pulları oğurlayırlar”.
Bu sözləri Milli Məclisin (MM) plenar iclasında müzakirələr zamanı parlamentin komitə sədri Siyavuş Novruzov Milli Məclisin plenar iclasında paket halında daxil olan 24 qanun layihəsinin birgə müzakirəsi zamanı dilə gətirib.
O, qeyd edib ki, müzakirəyə çıxarılan dəyişikliklər paketi, Maliyyə Bazarlarına Nəzarət Palatası adlı qurumun yaradılması məqsədi ondan ibarətdir ki, vətəndaş evdə olan pullarını bankda saxalyacaq:
“Vətəndaş da bankda saxladığı puldan əlavə gəlir əldə edəcək, eyni zamanda kiçik və orta sahibkarlığın inkişafına yardım edəcək”.
Millət vəkili Qüdrət Həsənquliyev isə Azərbaycanda kazinoların yaradılması təklifi ilə çıxış edib.
Millət vəkili bildirib ki, bir çox ölkələr kazinolar vasitəsilə xarici turustləri cəlb edir.
Onun sözlərinə görə, Azərbaycan da bu təcrübədən yararlanaraq turizm regionlarında kazinolar yaratmaqla ölkəyə xarici turistlər cəlb edə bilər:
“Bir çox insanlar öz ölkələrində deyil, başqa ölkələrdə kazino oynamağa üstünlük verirlər. Bu baxımdan da Azərbaycanda kazinolar açmaqla əlavə gəlir əldə etmək olar”.
"Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır". Bunu da çıxışında millət vəkili Fəzail Ağamalı deyib. Millət vəkilinin sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var:
“Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər”.
Birinci vitse-spikeri Ziyafət Əsgərov öz növbəsində millət vəkilinin təklifə münasibət bildirib:
“Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, maliyyə amnistiyası olsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?”
Millət vəkili Vahid Əhmədov dollarla kredit probleminin hələ də həllini tapmamasından şikayətlənib.
V.Əhmədov qeyd edib ki, dollarla kredit məsələsi çox ciddi problem olaraq qalmaqdadır:
“Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir. İnsanları bu problemdən qurtarmaq lazımdır”.
Deputat Əli Məsimli həmkarının fikirlərinin davamı olaraq bildirib ki, ölkədə problemli kredit məsələsi həll olunmalıdır.
Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var. “Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır.
Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla korrdinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin”.
O, eyni zamanda qeyd edib ki, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa maliyyə blokunda olan problemlər iqtisadiyyatın real sahələrinə keçə bilər:
“Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çətin olacaq.
Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır”.
Kamil HƏMZƏOĞLU
çap et