525.Az

Almaniyalı alimlərlə əməkdaşlıq məsələləri müzakirə olunub


 

Almaniyalı alimlərlə əməkdaşlıq məsələləri müzakirə olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenstayn Cəmiyyətinin prezidenti, Bakı Slavyan Universitetinin nəzdindəki Germanistika İnstitutunun professoru Ziqlinde Hartmann və Auqsburq Universitetinin professoru Klaus Volfla görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi istiqamətləri barədə qonaqlara məlumat verib. İnstitut rəhbəri başçılıq etdiyi elmi-tədqiqat müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirildiyini söyləyib.

Qarşılıqlı maraq doğuran elmi fəaliyyət istiqamətlərindən danışan akademik İsa Həbibbəyli bu əlaqələrin ədəbiyyatşünaslıq elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini və böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycan-Almaniya münasibətlərinin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin daima inkişaf etdirildiyini nəzərə çatdıran akademik İsa Həbibbəyli iki ölkə arasında elmi-mədəni əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Professor Ziqlinde Hartman Germanistika İnstitutunun fəaliyyət istiqamətləri, prezidenti olduğu cəmiyyətin yaratdığı elmi əlaqələr, aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Alim elm sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsinin əməkdaşlığın davamlı inkişafına zəmin yaratdığını bildirib.

Auqsburq Universitetinin professoru Klaus Volf da öz növbəsində təmsil etdiyi ali təhsil müəssisəsində keçiriləcək beynəlxalq konfrans və qurultaylardan bəhs edərək Azərbaycan alimlərinin də bu tədbirlərdə iştirakının arzuolunan və məqsədəmüvafiq olduğunu vurğulayıb.

Görüş zamanı almaniyalı qonaqlarla bir sıra məsələlər ətrafında aparılan fikir mübadiləsində Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları S.Sadiyev, X.Zairova, C.Məmmədova və başqaları da iştirak ediblər.

 





05.03.2016    çap et  çap et