525.Az

“Cənub Qaz Dəhlizi” - XXI əsrin layihəsi


 

“CƏNUB QAZ DƏHLİZİ” ARTIQ QLOBAL ƏHƏMİYYƏTLİ LAYİHƏYƏ ÇEVRİLİB”

“Cənub Qaz Dəhlizi” - <b style="color:red">XXI əsrin layihəsi</b>

Xəbər verdiyimiz kimi, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının ikinci iclası keçirilib, layihənin reallaşması istiqamətində mühüm qərarlar alınıb.

Bu toplantının qəbul olunan Birgə Bəyannaməsində keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Əldə olunan nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilib. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, “Cənub Qaz Dəhlizi”nə yeni tədarükçülər cəlb etmək niyyətindədir. Bu layihə təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox əhəmiyyətli strateji layihədir. “Cənub Qaz Dəhlizi” Məşrəvət Şurasının hər iki toplantısının da Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. “Cənub Qaz Dəhlizi”nin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin yaradıb.

Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan verəcək.

Məşvərət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi “Cənub Qaz Dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər

regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.

“Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan üçün Bakı-Tbilisi-Ceyhan layihəsi nə qədər önəmlidirsə, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən TANAP və TAP layihələri də bir o qədər əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev layihəni 21-ci əsrin böyük layihəsi kimi qiymətləndirib: “Bu, layihənin nə qədər böyük əhəmiyyətə malik olmasından xəbər verir. Önəmli olan faktorlardan biri Bakı-Tbilisi-Ceyhan layihəsindən fərqli olaraq, “Cənub Qaz Dəhlizi” Azərbaycanının tranzit ölkə kimi əhəmiyyətini ortaya çıxarır. Məlum olduğu kimi, layihəyə bəzi qonşu ölkələrin də cəlb olunması istiqamətində danışıqlar aparılır. Bu baxımdan, İran qazının Azərbaycandan keçən kəmərlər vasitəsilə Avropaya çatdırılması məsələsi gündəmdədir. Cənub qonşumuz da layihəyə qoşulmaq haqda öz istəyini ortaya qoyub. Əgər gələcəkdə “Tranz Xəzər” layihəsinin gerçəkləşdirilməsi istiqamətində addımlar atılarsa, o zaman Türkmənistan qazının da bu layihə çərçivəsində Avropaya çatdırılması mümkün ola bilər. Ona görə də, “Cənub Qaz Dəhlizi” layihəsi təkcə Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Bu layihədən həm Xəzər, həm Qara, həm də Aralıq dənizi regionları fayda görəcək. “Cənub Qaz Dəhlizi” artıq regional deyil, qlobal əhəmiyyət daşıyan layihəyə çevrilib”.

Politoloq bildirib ki, Azərbaycan həm öz təbii qazından, həm də tranzitdən əldə edəcəyi gəlir hesabına büdcəsini artıracaq: “Bu, ölkənin iqtisadi potensialını daha da gücləndirməyə zəmin yaradacaq”.

E.Mirzəbəyli əlavə edib ki, layihə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir: “Cənub Qaz Dəhlizi” Azərbaycanın Qərb ölkələri ilə əlaqələrinin inkişafına xidmət edir. Çünki iqtisadi əlaqələr digər əlaqələrin təməlini təşkil edir. Bəşəriyyət yarandığı gündən ticarət həm mədəniyyətin yayılması, həm də dövlətlərarası əlaqələrin inkişafında əsas amil olub”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsini əhatə edən dövlətlər arasında əlaqələndirmə işləri və məsləhətləşmələr genişlənib: “Bakı toplantısının bir əhəmiyyəti də məhz bu birləşdirici funksiyanı daşımasıdır”.

Federioka Mogerininin Bakıda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə etdiyini deyən politoloqun sözlərinə görə, Avropa Komissiyasının vitse-prezidenti bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü səmərəli addım olardı:
 
“Bu, Brüsselin Bakıya mesajıdır ki, əgər Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və ticarət əlaqələrini genişləndirmək istəyirsə, Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü sürətləndirməlidir. Əslində indiki iqtisadi vəziyyət şəraitində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü xeyli aktuallaşıb.

Neft pullarının çox olduğu dövrdə bu üzvlük rəsmi Bakı üçün arxa planda idi. İndi isə rəsmi Bakı yerli malların xarici bazarları ixracatını təşkil etmək istəyir. Bunun üçün isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü əsas şərtlərdən biridir. Elə Mogerinin “Ümumdunya Ticarət Təşkilatına üzvlük daha dərin iqtisadi inteqrasiyaya gətirib çıxaran bir addımdır. Bu, Azərbaycanda keçirilən iqtisadi islahatlara da öz töhfəsini vermiş olardı” açıqlaması bu deyilənlərə sübutdur”.

Həmçinin, xatırlatmaq lazımdır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının ikinci iclasından bir neçə gün əvvəl Prezident İlham Əliyevin İrana rəsmi səfəri baş tutub. İranın dövlət rəhbəri Həsən Ruhani ilə İlham Əliyevin görüşündə cənub qonşumuzun “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək imkanları dəyərləndirilib.

Dünən isə Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana səfər edib. Əldə olunan məlumata görə, səfər çərçivəsində İranın TANAP-a qoşulması da müzakirə mövzusu olacaq.

E.Şahinoğlu bildirib ki, Türkiyə də İran bazarı uğrunda yarışa qoşulub: “Davudoğlu Tehrandakı danışıqlarda İranın TANAP layihəsinə qoşulmasını təklif edəcək. Bu mənada Davudoğlunun İrana səfəri və bu ölkədə aparacağı danışıqlar Azərbaycanın da xeyrinədir. Doğrudur, Suriya məsələsində Ankara ilə Tehranın baxışları fərqlidir, ancaq bu iqtisadi və ticarət əməkdaşlığının genişlənməsinə, birgə regional layihələrin icrasına mane olmamalıdır. İran hakimiyyəti

Kremldən fərqli olaraq Türkiyə ilə körpüləri yandırmır, tərəfdaşlıq imkanlarının hərəkətə gətirilməsini mümkün sayır. Düşünürəm ki, Davudoğlunun Tehran danışıqlarının nəticəsi olaraq üçtərəfli Türkiyə-Azərbaycan-İran formatının toplanması da mümkündür”.

Ceyhun ABASOV

 





05.03.2016    çap et  çap et