525.Az

“Azərbaycanda məni nadir alicənablıq və istiqanlılıqla qarşılayırlar”


 

FRANSANIN AZƏRBAYCANDAKI YENİ SƏFİRİ AURELİYA BUŞEZ: “ARTIQ DÖRD AYDIR, BAKINI VƏ AZƏRBAYCANI KƏŞF EDİRƏM”

“Azərbaycanda məni nadir alicənablıq və istiqanlılıqla qarşılayırlar”<b style="color:red"></b>

Müsahibimiz Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi, iqtisadi münasibətlər, Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolu və digər məsələlərdən danışıb.

- Xanım Buşez, artıq bir neçə aydır Azərbaycandasınız, ilk təəssüratlarınız nədən ibarətdir?

- Bakıya 2015-ci ilin oktyabr ayının 27-də gəlmişəm. Artıq 4 aydır, Bakını və Azərbaycanı kəşf edir, yüksək səviyyəli görüşlər sayəsində mövcud vəziyyətlə tanış oluram.

Gəldiyim günün axşamı məni ən çox valeh edən Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionunun gözəllikləri oldu, hər ikisi elə işıqlandırılmışdı ki, onların forma və ölçülərinin nə dərəcədə orijinal olduğu nəzərə çarpsın. Xalça Muzeyinin kolleksiyasının zənginliyi də məni heyran etdi.

Bu yaxınlarda Qubaya getmişdim və orada, yerli icra orqanları, sahibkarlar, tələbələr və müəllimlərlə görüşlərdə hiss etdim ki, Azərbaycanda ümumən hər şeyə və eyni ilə də Fransaya həqiqi bir sevgi və böyük bir maraq var. Azərbaycanda məni hər yerdə nadir alicənablıq və istiqanlılıqla qarşılayırlar. Bütün bunlar, mənim yalnız iqtisadi deyil, həm də təhsil və mədəniyyət sahələrində də ikitərəfli münasibətlərin artırılması istiqamətində işləmək niyyətimi daha da gücləndirir. Hesab edirəm ki, birlikdə çox iş görməliyik.

- Siz Azərbaycanla Fransa arasında hansı sahələrdə əməkdaşlığı prioritet hesab edirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin inkişafını gücləndirmək istəyirəm. İqtisadi sahədə ona görə ki, neftin qiymətinin kəskin düşməsi, bir sıra ekspertlərin qiymətin azalmasının davam edəcəyi ehtimalı, Azərbaycanda vəziyyəti dəyişir və məncə, karbohidrogenlərdən başqa bir çox digər sahələrdə əməkdaşlıq perspektivləri yaradır.

Xatırladım ki, Prezident İlham Əliyev dəfələrlə neft qiymətinin asılılığından xilas olmaq üçün, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinin lazım olduğunu vurğulayıb. Azərbaycan şəffaf biznes mühitinin inkişafına şərait yaradaraq, hüquqi dövlətə əsaslanaraq və struktur islahatları həyata keçirərək davamlı inkişafa nail olacaq. Fransa Azərbaycan bazarının potensialına fransız şirkətlərin iqtisadiyyatın diversifikasiyasına töhfə verməyə cəlb edərək və təcrübə mübadiləsini təşviq edərək bu prosesdə öz rolunu oynamağa hazırdır.

COP21( 21-ci Paris İqlim Konfransı) uğur qazandıqdan sonra, bütün iştirakçı ölkələr aprelin 22-də, Nyu-Yorkda Paris sazişinin imzalanması ilə öz öhdəliklərini təsdiq etməyə dəvət olunublar. Fransa bərpa olunan enerji, ətraf muhitin mühafizəsi və idarə olunması sahələrində Azərbaycanla tərəfdaşlığın inkişafında çox maraqlıdır. Bu əməkdaşlıq “Təmiz” avtobuslar və yaxud karbon-dioksid qazının (CO2) atmosferə atılmasını məhdudlaşdıran dəmir yol xətti və metro, kənd təsərrüfatı, turizm kimi bir çox sahələri əhatə edə bilər.

Təhsil və mədəniyyət sahəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Heydər Əliyev Fondu ilə birgə Bakı Fransız məktəbinin yaradılması iki ölkə arasında əməkdaşlığın ilk mərhələsidir. Onun davamı olaraq 2016-cı ilin sentyabr ayında - əgər hər şey yaxşı olarsa - Azərbaycan Neft və Sənaye Universiteti ilə birlikdə Fransız-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

- Azərbaycan ilə Fransa arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Mənim fikrimcə, bizim münasibətlərimiz iqtisadi, mədəni və təhsil sahələrində davamlı tərəfdaşlıq qurmaq və səmərəli əməkdaşlıq etmək istəyi, açıq və səmimi dialoqa və inamına əsaslanır. Prezident Fransua Ollandın 2014-cü ilin may ayında Azərbaycana səfəri bizim tədricən həyata keçirdiyimiz yol xəritəsinin müəyyən edilməsinə imkan verdi. Bu səfər zamanı Azərbaycan və Fransa şirkətləri arasında iqtisadi sahədə ikitərəfli əlaqələrin gücləndirilməsinə şərait yaradan 11 sənəd imzalanmışdır. Fransa Azərbaycanda 5-ci xarici investordur.

- İqtisadi və ticarət əlaqələri barədə nə deyə bilərsiniz?

- Azərbaycanla Fransa arasında iqtisadi əlaqələr əhəmiyyətlidir. Azərbaycan Rusiya, Qazaxıstan və Ukraynadan sonra MDB məkanında bizim dördüncü ixrac istiqamətimizdir və o, uzun müddətdir Fransanın Qafqazda birinci ticarət tərəfdaşıdır. Fransa əsasən enerji, maliyyə, nəqliyyat, ətraf mühit, kənd təsərrüfatı məhsulları və paytaxtda açılan yeni franşizalar vasitəsilə daha çox artan istehlak malları sahəsində təmsil olunur.

Hazırda qırxadək fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir və bu artmaqda davam edir. Son müddət ərzində bizim şirkətlər bir sıra əhəmiyyətli müqavilələr əldə ediblər: CNİM (tullantıların emalı və enerji səmərəliliyi), İveco (avtobuslar), Spot 7 (peyk), Arianespace (ikinci rabitə peykinin buraxılması), Thales (hava nəqliyyatının idarə edilməsi+metro avadanlıqları), Axens (Bakı Neftayırma Zavodunun yeniləşdirilməsi).

Yeni iqtisadi şərait Azərbaycanda Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi arzusuna uyğun olaraq turizm, kənd təsərrüfatı, coğrafi mövqeyə əsaslanan nəqliyyat və nəhayət yenilənən enerjilər kimi əsl imkanların mövcud olduğu yeni əməkdaşlıq perspektivləri vəd edir.

- Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bildiyimiz kimi Minsk qrupu bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çıxış yolu tapmağa nail olmayıb. Münaqişənin həlli üçün Paris hansı əlavə səylər göstərə bilər?

- Xatırlatmaq istərdim ki, Fransa münaqişə tərəfləri, amerikalı və rusiyalı həmsədrlərlə birgə bu münaqişənin danışıqlar və sülh yolu ilə uzunmüddətli həlli üçün öz səylərini davam etdirir. “Silahlı münaqişənin dayandırılmasına imkan verən siyasi razılaşmanın əldə olunması məqsədilə münaqişə tərəfləri ilə danışıqlar aparmaq” mandatına uyğun olaraq, Minsk qrupunun həmsədrliyi münaqişənin həlli üçün Madrid prinsipləri çərçivəsində, xüsusən də xalqların öz müqəddəratını təyinetmə hüququ və dövlətlərin ərazi bütövlüyü prinsiplərinin uzlaşdırılmasına əsaslanan bərabər yanaşma təbliğ etməyə çalışır.

Prezident Fransua Olland özü 2014-cü ilin oktyabrında Parisdə prezidentlər Əliyev və Sarkisyanı bir araya gətirən zirvə toplantısının təşkil olunmasının təşəbbüskarı olub. Dialoq davam etməlidir və o bundan daha yaxşı davam etdiriləcək ki, təmas xəttində toqquşmalara son qoyulsun.

- Parisdəki terror aktlarından sonra bir çox turistlər Parisə getməkdən ehtiyat edir. Hazırda vəziyyət necədir və terror aktları ilə bağlı hansı tədbirlər görülüb?

- Sualınıza cavab vermək üçün, 2015-ci il noyabrın 23-də, Xarici Ticarət, Turizm və Xaricdəki Fransızlar üzrə dövlət katibi Mattias Fekin turuzm sahəsində fəaliyyət göstərən peşəkarlarla təşkil etdiyi görüşdə Fransanın Baş naziri Manuel Valsın söylədiklərini xatırlatmaq istəyirəm. Baş nazir çıxışında iki məsələni xüsusilə qeyd edib. Birincisi o idi ki, Fransa hökumətinin qayğısı, yerli və ya xarici olmasından asılı olmayaraq Fransanı gəzən turistlərin təhlükəsizliyini təmin etmək və xatırlatmaqdır ki, Fransa elə bir ölkədir ki, terror aktlarından sonra orada təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib.

Yeri gəlmişkən, rəqəmlər özü də buna əyani sübütdur. Onlar göstərir ki, 13 noyabr hadisələri ilə əlaqədar olaraq 2015-ci ilin noyabr ayında sifarişlərin ləğv olunması prosesi başlayıb, 2014-cü illə müqayisədə Fransa ərazisində mehmanxanalarda gecələmələr 1,7 %, Parisdə isə 11,9 % aşağı düşüb. Fransa ərazisində xarici turistlərin sayının azalması (-3,6 %) yerli turistlərə nisbətən daha çox olub (-0,9 %). Amma noyabrın 20-dən sonra sifarişlərin ləğvi həmişəki normaya düşüb. 2014-cü ildə Fransaya 85 milyon turist gəlib.

Baş nazir bunu da xüsusilə vurğuladı ki, sərhədlərdə nəzarətin gücləndirilməsi yalnız Fransaya daxil olanların və ya onu gəzənlərin təhlükəsizliyini təmin etmək məqsədi güdürdü.

Fransanı gəzməyə hədsiz maraq göstərən çoxsaylı Azərbaycan vətəndaşları bizim ölkəmizə səfərlərini davam etdirə bilərlər. Arxayın olsunlar ki, onların təhlükəsizliyini daha yaxşı təmin etmək üçün hər şey edilir və vizalar, mövcud qanunlara uyğun olaraq, onlara Şengen məkanında sərbəst hərəkət etmək təminatı verir.

PƏRVANƏ

 





05.03.2016    çap et  çap et