525.Az

Xalq şairi Süleyman Rüstəm “Əsri” məzarlığında


 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyinə

Xalq şairi Süleyman Rüstəm “Əsri” məzarlığında<b style="color:red"></b>

“Əsri” məzarlığına gedən yolu heç vaxt ot basmayacaq

2002-ci ildə M.Ə.Rəsulzadənin əsərlərinin 2-ci cildi doğma vətənində işıq üzü gördü. Mən onun bir nüsxəsini çoxdan bəri tanıdığım və “Təfəkkür” Universitetinin jurnalistika kafedrasında birgə çalışdığımız Azad müəllim Şərifova da verdim. Məmnun oldu və dedi ki, sənə 1966-1969-cu illərdə, Türkiyədə Moskvanın dövlət qəzeti “İzvestiya”nın xüsusi müxbiri işlədiyim dövrdə M.Ə.Rəsulzadə, Azərbaycan mühacirləri və onların övladları haqqında maraqlı xatirələr danışaram. Əlbəttə məni ən çox M.Ə.Rəsulzadə ilə əlaqədar faktlar maraqlandırırdı. Dedi ki, mən onları hazırlayıram, yəqin ki, “Zerkalo” qəzetində verəcəm, oxuyarsan. Verdi, mən də məmnuniyyətlə oxudum. Tarixi sənəddir: “Ankaranın “Əsri” məzarlığına gedən yolu heç vaxt ot basmayacaq”.

Əziz oxucular, “Zerkalo” qəzetinin 2003-cü il 24 may nömrəsində dərc olunmuş, qüdrətli qələm sahibi, vətəni Azərbaycanı candan sevən, 2009-cu ildə dekabrın 24-də 79 yaşında dünyasını dəyişən Azad Şərifovun bu xatirəsini siz də oxuyun. Əmin olun ki, “Əsri”nin, o cümlədən, Üzeyir Hacıbəylinin “Vətən övladı” adlandırdığı M.Ə.Rəsulzadənin anadan olduğu Novxanı kəndinin də yolunu heç vaxt ot basmayacaq.

Azad Şərifovun məqaləsində diqqətimi cəlb edən məqamlardan biri Xalq şairi, kommunist Süleyman Rüstəmin Ankaranın “Əsri” məzarlığında M.Ə.Rəsulzadənin qəbrini ziyarəti oldu.

Arzu edirəm ki, Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yazdığı şeirindəki “verəmmədik” sözü “verdik”lə əvəz olunsun:

Bu torpağın özü boyda
Bu torpağa məhəbbətlə doluydun.
Bu torpağın yolunda da
Sən öz canın qoydun.
Borclu ikən vətən sənə, xalq sənə
Hər şey döndü tərsinə.
Verəmmədik bu torpaqdan
Bir məzarlıq yer sənə.

Şirməmməd HÜSEYNOV

“Vokruq sveta” kimi uğurlu və maraqlı bir jurnalda baş redaktorun müavini idim. Sonra “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri oldum. Bu işim də əvvəlkitək maraqlı idi, amma onun qədər rahat deyildi. Yerdəyişmə mənim təşəbbüsümlə olmamışdı. İzzəti-nəfsimi oxşayan yeganə şey bu idi ki, mən xaricdə işləyən ilk azərbaycanlı müxbir olacaqdım.

Əhvalat  belə olmuşdu: “İzvestiya” qəzetinin baş redaktoru Lev Nikolayeviç Tolkunov respublikamızın ovaxtkı rəhbəri Vəli Yusif oğlu Axundovla dost idi. Onlar tez-tez qış istirahətlərini Moskva yaxınlığındakı “Barvixa” sanatoriyasında birgə keçirirdilər. O zaman “İzvestiya” qəzetinə Yaxın Şərq ölkələrində müxbir məntəqəsi açmaq imkanı verilmişdi. Bununla əlaqədar, diplomatlar arasında müxbir məntəqəsinin harada, Ankarada, yoxsa Tehranda açılması barədə mübahisə gedirdi. L.Tolkunov bu məsələ ilə bağlı V.Axundovun fikrini soruşanda o, birmənalı şəkildə: “Əlbəttə, Türkiyədə”, - cavabını vermiş və dərhal soruşmuşdu:

- Bəs kimi oraya xüsusi müxbir göndərmək istəyirsiniz? Ümidvaram ki, erməni olmayacaq.

L.Tolkunov gülə-gülə demişdi:

-Hə, belə bir fikir var idi, qarşısını tez aldıq. Türkiyənin özü də erməni jurnalistə, yəqin ki, viza verməzdi.

- Lev Nikolayeviç, niyə xarici müxbirlər sırasında azərbaycanlı jurnalistlər yoxdur? Axı bizdə də ərəb, fars, türk dillərini gözəl bilən qabiliyyətli insanlar çoxdur. Ermənilər isə, xüsusən televiziyada, üzr istəyirəm, it xılı kimidirlər (Yəni çoxdurlar - red.).

- Haqlısınız, Vəli Yusifoviç, məsələ burasındadır ki, redaksiya xaricə yaxşı tanıdığı jurnalistləri göndərir. Şübhə etmirəm ki, Sizin respublikada da maraqlı jurnalistlər çoxdur, amma biz onları tanımırıq. Moskvada işləyənlərdən göndəririk.

- Olsun. Rusiyanın ən qədim jurnalı olan “Vokruq sveta”da baş redaktorun müavini var: Azad Şərifov. Yeri gəlmişkən, bu yaxınlarda İstanbulda olub. Maraqlı bir yazısı da çıxmışdı. O niyə bu vəzifəyə layiq olmasın ki?

Onların bu söhbətini xeyli sonra Lev Nikolayeviç mənə danışdı. O, azərbaycanlılara böyük rəğbət bəslədiyini heç vaxt gizlətmirdi.

Bir müddət keçdi, Lev Nikolayeviç Tolkunov iş yerimə zəng elədi. Dedi ki, “İzvestiya”nın müxbir məntəqəsinin yeri barədə məsləhətləşmək istəyir. Bir aydan sonra... mən artıq Ankarada idim.

“İzvestiya”da ilk yazım dərc olundu. Yadımdadır, adı “Anadoluda bahar” idi. SSRİ-nin Türkiyədəki səfiri A.Smirnov dedi ki, qəzetin vəsaiti hesabına “İzvestiya”nın Ankarada müxbir məntəqəsinin açılması münasibətilə tədbir keçirmək lazımdır. İlk maaşım bütövlükdə bu mərasimə sərf olundu. Türkiyənin və başqa ölkələrin məşhur jurnalistləri, siyasi partiyaların nümayəndələri çağırılmışdılar. Məni onlara təqdim etdilər. Bir nəfər ucaboy kişi mənə yaxınlaşıb gözləmədiyim halda azərbaycanca dedi: “Mən icmalçı Səməd Ağaoğluyam”. Yanımda dayanmış, çoxdan Türkiyədə işləyən diplomatlardan biri izah elədi ki, bu, Azərbaycan mühaciri, Türkiyənin tanınmış dövlət xadimi, Atatürkün dostu və onun nazirlərindən biri olmuş Əhməd bəy Ağayevin oğludur. Sovet hakimiyyətinə mənfi münasibətdədir.

- Bəs onu səfirliyin qəbuluna niyə dəvət etmisiniz?

- Diplomatiya elə budur, dəə... O, nüfuzlu icmalçılardan biridir.

Ona göz qoymağa başladım. Başqa qonaqlar kimi arağa, kürüyə cummadı, turş çaxırdan ləyaqətlə bir udum alıb bakalı yerə qoydu. Sonra səfirliyin kinotekasından təsadüfən tapdığım “Arşın mal alan” filmini qəbulun proqramına uyğun olaraq qonaqlara nümayiş etdirdik. Bu populyar kinokomediya onların əksəriyyətinə tanış olsa da, axıracan ləzzətlə baxdılar. Həmyerlimiz isə gedərkən ümid etdiyini bildirdi ki, indən belə Azərbaycan filmlərini görə biləcək.

Evimin yaxınlığında qənnadı mağazası vardı, uşaqlarımla tez-tez oraya gedib şirniyyat alır, əsl Türkiyə qəhvəsi içirdik. Düzdür, biz dərhal gördük ki, bizim paxlava Türkiyə baklavasından daha dadlıdır. Mağazanın yanında yeni tanışım, yerlimiz Səməd Ağaoğlu ilə bir neçə dəfə rastlaşmışdım. Sonra öyrəndim ki, mağazanın üstündəki mənzillərdən birində yaşayır. Bir axşam mağazadan nəsə alırdım, o mənə yaxınlaşdı, söhbətə başladıq. Təbii ki, mən Azərbaycan Demokratik Respublikasının ideya rəhbəri Məhəmməd Əmin Rəsulzadənin Ankarada dəfn olunduğunu bilirdim. O vaxtlar onun adını Azərbaycanda pıçıltı ilə çəkirdilər. Bilirdim ki, 1955-ci ilin martında Ankarada vəfat edib, burada da dəfn olunub.

Bir dəfə SSRİ-nin Ankaradakı səfirliyinin Konsulluq şöbəsinin müdiri, yerlimiz, gözəl insan Rza Məmmədovla bu mövzuda söhbətimiz olmuşdu. O mənə diqqətlə qulaq asaraq demişdi:

- Hə, o, Ankaranın “Əsri” məzarlığında dəfn olunub, amma biz oraya getmirik. Sən nəyə görə maraqlanırsan ki?

- Elə-belə. Bir jurnalist kimi maraqlanıram. Axı bu bizim tariximizdir.

Üzümə mənalı-mənalı baxıb dedi:

- Bilirsən, Azad, mənə çox xoşdur ki, “İzvestiya”nı burada mənim yerlim olan jurnalist təmsil edir, amma sən vəziyyəti hələ öyrənməmisən, vəziyyət mürəkkəbdir. Tələsmə, götür-qoy elə. Sənin uğursuzluğun bizim ümumu uğursuzluğumuz ola bilər.

Başqa bir səfirlikdə keçirilən qəbulda (vəzifəmə görə məni qəbulların hamısına dəvət edirdilər) Səməd Ağaoğludan soruşdum:

- Düzdürmü ki, Məhəmməd Əmin Rəsulzadə Ankarada dəfn olunub?

- Siz nəyə görə bununla maraqlanırsınız?

- Məni oraya apara bilərsiniz? Mən yolu tanımıram.

Bu mövzu ilə maraqlanmağım və sualına sualla cavab verməyim, deyəsən, ona qəribə gəldi. Az qala həyəcanla xəbərdarlıq etdi:

- Ciddi xoşagəlməzliklərlə üzləşə bilərsiniz.

- Mənə görə narahat olmayın. Nə diplomatam, nə də siyasətçi. Mən jurnalistəm.

Bazar günü qəbiristanlığa getməyi qərara aldıq. Vədələşdiyimiz saatda bir az əvvəl Almaniyadan aldığım “Ford”umla onu da götürüb qəbiristanlığa getdik. Yolboyu respublikamızdakı vəziyyət barədə məni həvəslə sorğu-suala tutdu. Mən deyəndə ki, bizdə təhsil və müalicə pulsuzdur, yüksək vəzifələrin çoxunda azərbaycanlılar çalışırlar, onu səmimi bir təəccüb bürüdü. Görünür, bir çox məsələlərlə bağlı onda fərqli informasiya varmış. Məzarlıq, həqiqətən, “Əsri” adlanırdı və burada bir çox görkəmli xadimlər dəfn olunmuşdular. Qəbir səliqəli idi, mərmər plitənin üstündə “Bir kərə yüksələn bayraq bir daha enməz”, bir qədər aşağıda isə “İnsanlara hürriyyət, millətlərə istiqlal” sözləri yazılmışdı. Sükut içində dayanmışdıq, gözlərimlə molla axtarırdım ki, gəlib “Yasin” oxusun. Sonra yadıma düşdü ki, Türkiyə müsəlmanları sünnüdürlər, bəlkə, onlar bunu başqa cür edirlər. Bir qədər də durduqdan sonra paytaxta qayıtdıq. İkimiz də fikirli görünürdük.

Ertəsi gün Rza Məmmədov məni evlərinə kətə yeməyə dəvət etdi. Yoldaşı Sima xanımın bişirdiyi kətələr çox dadlı idi. Rza kətə yeyə-yeyə dedi:

- Deyirlər, dünən novxanılı yerlimiz Rəsulzadənin məzarını ziyarət etmisən...

Kətə boğazımda qaldı. Beynimdən bir fikir keçdi ki, yəqin səfirlik işçiləri məni güdürlərmiş. Bu fikir hələ başımda dolaşırdı ki, Rza sakitcə dedi: “Türklər sənin maşınını qəbiristanlığın yanında görüblər. Heç olmasa, “bələdçinin” maşını ilə gedəydin. İndi artıq “ekrandasan”. Bəlkə o, qəsdən belə edib. Amma... niyə etsin ki? Sən çox ölkədə olmusan. Bu, bir başqa, bir ölkədə daimi işdə olmaq isə bir başqa şeydir. Heç bir rejim əcnəbiləri sevmir. Onlara “qara yabılar”, yəni nə işlə məşğul olduqları, hansı təşkilata xidmət etdikləri bilinməyən insanlar, deyirlər. “İzvestiya” qəzetinin xüsusi müxbiri kimi sənə viza tələb olunanda türklər dedilər ki, bu, 100 faiz kommunistdir. Və birdən... səni Məhəmməd Əmin Rəsulzadənin məzarı yanında görürlər, bələdçin də anti-sovetçi.  Bu yerdə türklər çaşdılar ki, görən, sən kimsən. Bəlkə genlərin baş qaldırıb, oraya getmisən, bəlkə də?.. Axı onlar bu informasiyanı Moskvadakı səfirliklərinə, oradan da müvafiq orqanlara ötürə bilərlər. Xüsusi xidmət idarələrində belə şeylər olur. Ən pis halda səni bir müddətdən sonra geri çağıra bilərlər, amma bundan sonra heç bir azərbaycanlını Şərq ölkələrinə göndərməzlər...

Türkiyəlilər isə bildikləri kimi hərəkət etdilər. Onlar hər bir konsulluq əməkdaşının “keçmişini” bilirlər. Rza Məmmədova qarşı da çoxlu iddiaları vardı. Buna görə də bir dəfə sağ təmayüllü “Son havadis” qəzetinin bazar günü nömrəsində onun bir şəklini vermişdilər: sinəsi orden-medallı bir polkovnik. Altından da yazmışdılar: “Azəri Rza Məmmədov Rusiyanın casusudur”. Vəssalam. Xarici İşlər Nazirliyinin heç bir rəsmi notası, ölkəni tərk etmək tələbi də olmadı. Sadəcə, Rza Məmmədov sakitcə, ingilissayağı yığışıb Bakıya getməli oldu. Həmin şəkil açıq-aydın Rza Azərbaycan DTK-sının Gəncə şəhər bölməsinin rəisi işləyərkən çəkilibmiş. Əvəzində Türkiyə diplomatlarından biri Moskvadan Ankaraya qaytarıldı, Demə, Qorki küçəsini icazə verilməyən yerdən keçibmiş. Moskvada küçə hərəkəti qaydaları çox ciddidir...

Bir müddət keçdi, mətbuat sakitləşdi, Moskva mənim çoxdan yoldaşlıq etdiyim, yüksək mədəniyyətli, savadlı, ünsiyyətcil Arif Nəzər oğlu Heydərovu SSRİ-nin Ankaradakı səfirliyinin Konsulluq şöbəsinə müdir göndərdi. O, təcrübəli kəşfiyyatçı idi, uzun müddət Almaniyada və İranda işləmişdi. İlk gündən, rəislərə xoş gəlməsə də, o mənim himayədarıma çevrildi. Mən onunla əməkdaşlıq edirdim, jurnalist dostlarımla tanış olurdu. Bir gün mənə dedi:

- Gəl gedək o tarixi tapıntını mənə göstər.

Yəqin bunu Rza Məmmədov ona deyibmiş. Birlikdə Məhəmməd Əmin Rəsulzadənin qəbrinin üstünə gedib gül dəstəsi qoyduq. Yolda mənə dedi:

- Azad, səndən xahiş edirəm, Bakı turistlərini buraya gətirmə, bütün şəhərə xəbər yayılacaq, xoşagəlməzliklərdən yaxa qurtara bilməyəcəksən. Əslində mən burada elə bir qəbahət görmürəm. Mənə bəllidir ki, o, II Dünya müharibəsi illərində azərbaycanlı əsirlərin çoxunu ölüm düşərgəsindən xilas edib. Bundan əlavə, Hitlerin azərbaycanlıları kölələşdirmək planından xəbər tutan kimi özündə cəsarət tapıb Hitlerlə əlaqəni kəsib. Həyatını riskə qoyaraq, demək olar ki, gizlicə Türkiyəyə keçib. Bu, faktdır.

Arif Nəzər oğlu qısa müddətdə səfirliyin ən nüfuzlu, ən hörmətli əməkdaşına çevrilmişdi. Türklər ona “Siz” deyə müraciət edirdilər, adını da “Qaraqaş” qoymuşdular. Ona səmimi-qəlbdən söz verdim ki, dediklərinə əməl edəcəm. Amma bir dəfə vədimi pozmalı oldum. Respublikamızdan Ankaraya bir qrup ziyalı gəlmişdi. Süleyman Rüstəm də onların arasında idi. Mən onu uşaqlıqdan tanıyırdım. Elə birinci axşam bizim evin qonağı oldu və məndən xahiş etdi ki, onu Məhəmməd Əmin Rəsulzadənin məzarı üstünə aparım. Əlbəttə, mən imtina etməyə çalışdım, dedim, onun məzarının yerini bilmirəm. Qayıtdı ki:

- Fikrin nədir, istəyirsən, Bakıya qayıdanda məni doğma Novxanı kəndimə buraxmasınlar (M.Ə.Rəsulzadə də əslən həmin kənddəndir - A.Ş.)?

“Davranış” qaydasını pozmalı oldum, onu “Əsri” qəbiristanlığına apardım. Uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturdu. Xeyli sonra öyrəndim ki, onlar bir-birilərini yaxşı tanıyırlarmış.

1969-cu ilin payızında Bakıya qayıdandan sonra Süleyman Rüstəmə dedim:

- Bəs söz vermişdiniz ki, bu barədə heç kimə...

Mənim əziz şairim həmişəki kimi siqaretini tüstülədərək cavab verdi:

- Mən sözümə əməl etdim, Bakıda heç kimə heç nə demədim. Təkcə Novxanıda... yerlilərimə danışdım.

Bundan sonra Səməd Ağaoğlu ilə normal münasibətlərimiz yarandı. Görəndə ki, mən ailəmlə kafedə oturmuşam, enib yanımıza gəlirdi, amma heç vaxt evinə dəvət etmirdi, bilirdi ki, getməyəcəm.

1967-ci ilin payızında Türkiyənin Baş naziri Süleyman Dəmirəl birinci dəfə SSRİ-yə səfər edəndə yerlim həyəcanlanırdı ki, görəsən, onu jurnalistlər qrupuna salacaqlarmı? Anlayırdı ki, bəzən SSRİ-nin siyasətinə obyektiv yanaşmır. Bununla belə, diplomatik mülahizələrə əsaslanaraq onu da siyahıya daxil etdilər. Uçmağa qanad axtarırdı. Səfərin ən intizamlı, hər şeylə maraqlanan iştirakçısı o idi. Gördüklərinin və əvvəllər qəbul etmədiklərinin hamısını hava kimi ciyərinə çəkirdi.

Üç gün Moskvada qaldıqdan, yüksək səviyyədə söhbətlərdən və görüşlərdən sonra nümayəndə heyəti Leninqrada getdi. Türklər bu şəhərdə heyrətlərini gizlədə bilmirdilər. Sonra Kiyevdə və Daşkənddə oldular. Səməd Ağaoğlunun gözlərindən oxuyurdum ki, gördüklərinə heyran olmaqla yanaşı, günləri və saatları sayırdı ki, nə vaxt Bakıya gələcək. Soyuq və yağışlı Leninqraddan, isti Daşkənddən sonra Azərbaycan paytaxtında qonaqları cah-cəlallı, məxməri, həm türkiyəliləri, həm də moskvalıları heyran qoyan bir payız qarşıladı.

Dənizkənarı parkı seyr edərkən qonaqlardan biri rəğbətlə buranın İzmirə bənzədiyini söylədi. Bu, Səməd Ağaoğlunun xoşuna gəlmədi: “İzmir hara, Bakı hara”? Özünü Sovet ədəbiyyatının bilicisi kimi göstərərək ucadan: “Maksim Qorki Bakı buxtasını Neapol buxtası ilə müqayisə etmişdir”, - dedi. Bakıda qonaqları gündüzlər elmi institutlara, mədəniyyət müəssisələrinə, ali məktəblərə, axşamlar isə evlərə aparırdılar. Ev məsələsi bəzi moskvalı “yoldaşları” bir qədər narahat edirdi. Biz onları sakitləşdirərək deyirdik:

- Dincəlin, narahat olmayın, hər şey normal olacaq. Hamı evinə sağ-salamat gedəcək, heç kəsi heç yerə cəlb etməyəcəklər.

Səməd Ağaoğludan tez-tez pıçıltı ilə Məhəmməd Əmin Rəsulzadənin qəbrinin nə vəziyyətdə olduğunu soruşurdular. Bir dəfə o, cavab verdi:

- Niyə hamınız bunu soruşursunuz? Mənə inanmırsınızsa, öz jurnalistiniz Azad bəydən xəbər alın. O tez-tez orada olur.

O, haqlı idi. Hətta ən mürəkkəb dönəmlərdə belə, “Əsri” məzarlığına gedən yolu ot basmamışdı.

Azad ŞƏRİF, “Zerkalo” qəzeti, 2003, 24 may.
Tərcümə edən: Nəsir Əhmədli

 





07.03.2016    çap et  çap et