525.Az

Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları


 

Abdullah Cövdətin Əli bəy Hüseynzadəyə məktubları<b style="color:red"></b>

“Əli bəy sakit, mütəfəkkir halı ilə, əsrarəngiz vəzi-üzlətpərvəriylə (xəlvətə çəkilməsi, özünə qapanması ilə) üzərimizdə bir rəsul (peyğəmbər) təsiri icra edərdi.

Əvət, o bir rəsuli-haqq idi!” - pərəstiş dolu bu səmimi etirafın müəllifi tanınmış türk ictimai-siyasi xadimi, həkim, şair, mütərcim və jurnalist Abdullah Cövdətdir (1869-1932). Özü də kifayət qədər geniş, hərtərəfli maraq dairəsinə, geniş və əhatəli fəaliyyət sahəsinə malik fikir adamı, qələm sahibi kimi tanınan Abdullah Cövdət müasirlərinin “Şimal fəcrinə” bənzətdikləri Əli bəyə heyranlığını, vurğunluq hissini həyatının sonuna qədər sürdürmüşdü. Azərbaycanlı mütəfəkkir onun nəzərində hər zaman nüfuz sahibi, haqq sözün, haqq əməlin daimi ünvanı kimi qalmışdı. Dəyişən şərtlər, siyasi fırtınalar, üzləşdikləri çətinlik və məhrumiyyətlər bu dostluğa  xələl gətirə bilməmişdi.

İlk tanışlıqları İstanbulda, türk hərbi, siyasi və ədəbi mühitinə, ictimai fikrə bir sıra görkəmli şəxsiyyətlər bəxş edən Məktəbi-Tibbiyyədə olmuşdu. Rusiya imperiyası ilə müqayisədə həqiqi vətən saydığı Türkiyəyə Peterburq universitetinin diplomu ilə gələn Əli bəy qısa zamanda  həmyaşıdları üzərində bir çox paşalardan və müdərrislərdən (generallardan və professorlardan) daha güclü təsir buraxmışdı. Qiymətli məxəzlərlə zəngin “Hüseynzadə Əli bəy” (Ankara, 1998) kitabının müəllifi Əli Heydər Bayatın da yazdığı kimi “Əli bəyin gəlməsinə qədər bir çox şeydən xəbərsiz olan öyrəncilər ondan Mendeleyev sistemini, Xəyyamın rübailərinin Qərb metodları ilə açıqlanmasını öyrəndilər. Artıq tələbənin əllərində fəlsəfə, sosiologiya kitabları, Leon Cahunun türklüyə aid romanları dolaşırdı. Tibbiyyə gəncləri türklərin artıq yalnız Türkiyədə olmadıqlarını, Rusiyada, İranda, Çində də çoxsaylı türkün yaşadığını öyrənərək könüllərində yeni bir ruh - türkçülük ruhu oyanmağa başlamışdı”.

Özünü lider kimi görməyib daha çox pərdə arxasında qalmağa üstünlük versə də, Əli bəy qısa zaman ərzində yeniliyə can atan Anadolu türk gəncliyinin mənəvi rəhbərinə, yol göstərəninə çevrilmişdi. “Əli bəyin Əsgəri Tibbiyyəyə girməsi ilə birlikdə məktəbdə Avropayi bir hava əsməyə başlamışdı, - deyə Əli Heydər Bayat yazır: - Osmanlı yüksək tədris müəssisələri arasında Qərbə açılan ilk qurumlardan olmasına rəğmən məktəb yenə də Avropa çapında olmaqdan uzaqdı. Ayrıca ölkənin çeşidli yerlərindən gələn zəki, fəqət dünyanı tanımayan tələbələr Peterburq Universiteti məzunu, dünya elm və ədəbiyyatından xəbərdar, ərəb, fars, rus, alman, ingilis, fransız və yunan kimi bir çox dilləri onların ədəbiyyatlarını təqib edəcək bir dərəcədə bilən özlərindən daha yaşlı bu Azərbaycan türkünün ətrafında toplaşdılar. O, yaşayış və davranışları ilə tam bir avropalı olması ilə birlikdə dərin, yeni, gözəl, mənalı sözləri, yazdığı şeirlər, Şərq-Qərb ədəbiyyatına aid söhbətləri ilə dostları arasında dünyanın bütün dillərini, elmlərini və ədəbiyyatlarını, gözəl sənətlərini öz şəxsində toplayan və bunları bacarıqla tətbiq edən fövqəladə bir insan kimi əfsanələşmişdi”.        

Sadalanan yüksək insani və intellektual keyfiyyətlər Məktəbi-Tibbiyyənin bir çox digər tələbələri kimi Abdullah Cövdəti də elə ilk tanışlıqlarından  Əli bəyin heyranına çevirmişdi. Və heyranlıq hissi yalnız romantik duyğularla, mənəvi ideal axtarışları ilə dolu gənclik illəri üçün səciyyəvi sayıla bilməzdi. Məktəbi-Tibbiyyədən başlanan dostluq, türk-islam dünyasına xidmət yolundakı əməkdaşlıq  qırx ildən çox davam etmişdi. Məqsəd ümumiliyi ilə bir sırada hər ikisinin ensiklopedik zəka sahibi kimi tanınmaları, saf və ardıcıl ideya adamı olmaları da qarşılıqlı münasibətlərinin  davamlılığında az rol oynamamışdı.

Bu münasibətlər öz əksini ilk növbədə onların uzun müddətli yazışmalarında tapmışdı. Təəssüf ki, Əli bəyin məktubları qorunub saxlanmayıb. Abdullah Cövdətin 1905-1923-cü illər arasında İsveçrə, Fransa, Misir və Türkiyədən azərbaycanlı dostuna göndərdiyi, ümumi sayı 20-yə çatan məktub və poçt kartları isə (fikrimcə, bu yazışmanın yalnız kiçik bir hissəsidir) mühafizə edilib. Əli bəy Hüseynzadə ilə bağlı digər arxiv sənədləri kimi həmin qiymətli epistolyar irsin  ictimailəşdirilməsində, elmi cameənin diqqətinə çatdırılmasında da görkəmli azərbaycanşünas alim, İzmirdəki Ege Universitetinin professoru Əli Yavuz Akpinarın böyük xidməti olub.  Məhz onun təkid və təlqinləri ilə Əli bəyin həyatdakı sonuncu övladı - qızı Feyzavər Alpsar atasının yalnız kiçik bir hissəsi günümüzə qədər gəlib çatan, yaxud ailəsinin əlində qalan  şəxsi arxivini, habelə kitablarını universitetə hədiyyə verib. Son illər türkiyəli filoloqlar həmin arxiv sənədləri əsasında Əhməd Ağaoğlu, Yusif Akçura kimi görkəmli müasirlərinin, əqidə dostlarının Əli bəy Hüseynzadəyə yazdıqları və böyük qismi  təbii ki, ictimai məzmunu ilə seçilən məktubları çap ediblər. Bu baxımdan ədəbiyyatımızın böyük dostu Yavuz Akpinarın fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir.

Abdullah Cövdətin Əli bəylə həm şəxsi münasibətlərini, həm də qarşılıqlı maraqlarını, birgə ədəbi-ictimai fəaliyyətlərinin müxtəlif aspektlərini açıb ortaya qoyan məktubları isə ilk dəfə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölümünün dosent müavini, xanım Şərifə Çağın səyi və zəhməti sayəsində ərəb əlifbasından transliterasiya olunaraq “Yeni türk ədəbiyyatı dərgisi”nin 2010-cu il mart sayında (s.195-232) dərc edilmişdir.

Həmin materialla tanışlıq hörmətli Şərifə Çağının həqiqətən də ciddi, gərəkli iş görməklə bir sırada oxunuş və transliterasiya zamanı bəzi yanlışlıqlara, qeyri-dəqiqliklərə yol verdiyini də aşkara çıxardı. Türk tədqiqatçısının zəhmətinin və xeyirxah niyyətinin üzərinə əsla kölgə salmaq itəməsəm də, mövcud təhriflərin, çatışmazlıqların məktubların Azərbaycanla bağlı hissələrində özünü daha aydın göstərdiyini qeyd etməliyəm.  Digər tərəfdən, ciddi oxucu marağı doğuran bu tipli mənbələri çapa hazırlayarkən mütləq bəzi şəxs və yer adları, tarixi hadisələrlə bağlı izahat vermək zərurəti meydana çıxır. Əks-təqdirdə haqqında söz açılan mətləblər kifayət qədər aydın olmur. Təəssüf ki, Abdullah Cövdətin Əli bəyə ünvanladığı məktubların çapı zamanı bu mühüm tələb də diqqətdən qaçırılıb.

Lazımi dəqiqləşdirmələr aparmaq üçün orijinalı (daha doğrusu məktubların foto, yaxud ksero surətlərini) əldə etmək lazım idi. Bu işdə etibarlı dostum professor Yavuz Akpinar yardımını əsirgəmədi. Məktub və poçt kartlarının, eləcə də Əli bəylə Abdullah Cövdətin münasibətlərinə işıq salan digər bir mühüm sənədin surətlərini göndərdi.  Məktubların orijinalı əsasında zəruri dəqiqləşdirmələr aparılan və müvafiq izahlarla təchiz olunan mətnini tezliklə çap etdirəcəyəm. “525-ci qəzet”in oxucularına təqdim olunan bu yazıda isə əsas diqqət türk dünyasının iki görkəmli şəxsiyyəti arasındakı qarşılıqlı əməkdaşlığa və Abdullah Cövdətin milli mətbuatımız, XX əsrin əvvəllərindəki Azərbaycan ədəbi-ictimai mühiti ilə əlaqələrinə yönəldilib. Sənədlər yüz il əvvəlki ədəbi-mədəni əlaqələrimizin zənginliyi və intensivliyi haqda dolğun təsəvvür yaradır.

lll

Müasir türk tədqiqatçısı, Egey Universitetinin professoru Zəki Arıqan Abdullah Cövdəti “insan sevgisi ilə yoğurulmuş gerçək bir özgürlük şairi”, “tarix boyu az yetişdirdiyimiz insanlardan biri”  adlandırır.

Əli bəydən dörd yaş kiçik olan Abdullah Cövdət kürd əsilli Osmanlı ailəsində doğulmuşdu. Atası Hacı Ömər Vasif bəy alay imamı idi. Lakin özü din yolunu seçsə də, oğlunun dünyəvi təhsil almasına böyük önəm vermişdi. Abdullah əvvəlcə Elazıq hərbi rüşdiyyəsində, sonra isə İstanbuldakı məşhur Qülləli hərbi liseyində oxumuşdu. 1888-ci ildə Məktəbi-Tibbiyəyə daxil olmuşdu.

Ədəbiyyata və fəlsəfəyə marağı ilk gənclik dövrünə təsadüf edir. Ömər Cövdət təxəllüsü ilə çap olunan şeirləri hətta dövrün müqtədir sənətkarı Əbdülhəq Hamidin diqqətini çəkmişdi. Onun tövsiyəsi ilə tələbə-şair “Heç” adlı poetik məcmuəsini  1890-cı ildə, 21 yaşında çap etdirmişdi. Maraqlıdır ki, sonralar qatı ateist kimi tanınan Abdullah Cövdətin ilk kitabında dini məzmunlu şeirlərə, Peyğəmbərin şəninə yazılan nətlərə təsadüf olunurdu.

Lakin tələbəlik illərində ədəbiyyat başlıca məşğuliyyəti deyildi. Hər şeydən öncə çağdaş tibb elminə dərindən yiyələnməyə, özünü yaxşı  həkim kimi yetişdirməyə çalışmışdı. Mükəmməl öyrəndiyi fransız dilindən (sonralar fransızca yazdığı şeirlərdən ibarət dörd məcmuə nəşr etdirəcəkdi!) tibbə, xüsusən də fiziologiyaya dair bir sıra əsərləri türkcəyə  çevirmişdi. Çağdaş Qərb mənbələrinə yaxından bələdlik onun ciddi elmi təlim və nəzəriyyələrlə daha ciddi şəkildə   maraqlanmasına yol açmışdı. Avropada mexaniki materializmin banilərindən biri, təbiətşünas və filosof Lüdviq Büxnerin (1824-1899) məşhur “Güc və materiya” əsərinin bir bölümünü türkcəyə çevirib özünün bəzi əlavələri ilə “Filosofiyayi-təfəkkür” adı altında 1882-ci ildə çap etdirmişdi. (Büxnerin kitabının 1905-ci ilə qədər Rusiyada 17 nəşrinin meydana çıxması Osmanlı imperiyasında da inqilabi dəyişikliklər arzusunda olan Abdullah Cövdətin siyasi fəhmindən, düzgün istinad nöqtəsi tapmasından xəbər verməkdədir!) Həm də o, sadəcə hazır mətnlərin tərcüməsi ilə kifayətlənməmişdi. Təhsil illərində Qərb qaynaqlarına istinadən materializm və insan beyninin funksiyalarından söz açan “Fiziologiya və beyin sağlamlığı”, “Ağıl mələkləri” adlı kitablarını hazırlamışdı. Elmi fəaliyyətinin başlanğıc mərhələsində islam və Avropa alimlərinin yaradıcılıq irsi və tədqiqatları arasında müəyyən  əlaqə, bağlılıq tapılmasına böyük diqqət yetirirdi.

Müasir türk tədqiqatçısı Hüseyn Akar Abdullah Cövdətin inqilabi ideyalarla maraqlanmasında və bunun təbii nəticəsi kimi siyasətə qoşulmasında  “Rusiyadan gələn populist akımın da etkisinin” böyük olduğunu yazır. 1889-cu ildən sonra Məktəbi-Tibbiyyə tələbələri arasında rus inqilabı hərəkatı haqqında ilk mənbədən götürülmüş gerçək bilikləri yaymağa qadir yeganə şəxs isə heç şübhəsiz, Peterburqda bir sıra siyasi proseslərin şahidi olmuş, hətta Leninin qardaşı Aleksandr Ulyanovu yaxından tanımış Əli bəy Hüseynzadə idi.

Əli bəy özü də həyatının son illərində qələmə aldığı “İttihad və Tərəqqi necə quruldu? İbadullah Əfəndinin oynadığı rollar” adlı faktlarla zəngin, maraqlı xatirəsində Məktəbi-Tibbiyyədəki  dostlarını Rusiyada tələbə hərəkatı ilə bağlı  məlumatlandırmasından bəhs edərək yazırdı: “Mən Peterburq, Moskva, Qazan universitetlərindəki siyasi hadisələr (1885-1886-cı illər) barəsində söhbət açdım. Bütün bunların nəticəsi olaraq tələbə dostlarımın bir qisminin və həmin dövrdə yaxşı kimyaçı kimi ad çıxarmış Saşa Ulyanovun (Leninin böyük qardaşıdır) necə tutulub edam olunmalarından bəhs etdim. Bu münasibətlə bir az da universitet tələbələri içərisindəki gizli inqilabi təşkilatdan, benzinin altı bucaqlı kimyəvi rəmzi şəklindəki altı üzvlü qrupların birləşməsi nəticəsində meydana çıxan və qarşısına rejimi devirməyi məqsəd qoyan geniş özəklərdən danışdım”.

1889-cu ildə Məktəbi-Tibbiyyə tələbələrindən Abdulla Cövdət, İbrahim Temo, İshak Sükuti, Mehmet Rəşid və Hikmət Emin sonralar Osmanlı İttihad və Tərəqqi Cəmiyyəti kimi tanınan “İttihadi-Osmaniyyə Cəmiyyətinin” əsasını qoymuşdular. Qurumun başlıca qayəsi Sultan Əbdülhəmidin istibdad rejiminə qarşı mübarizənin təşkili və geniş miqyaslı maarifçilik işinin aparılması idi. Əli bəyin qurucu üzvlər arasında yer alıb-almaması barədə tədqiqatçı Azər Turanın əsərində geniş bəhs açıldığından həmin məsələnin üzərində dayanmağa lüzum  görmürük.

Digər tərəfdən, yuxarıda adları çəkilən beş nəfər sadəcə yeni siyasi qüvvənin məqsəd və məramını bəyan etmişdi. 1918-ci ilə qədər Osmanlı imperiyasının dövlət həyatında aparıcı mövqe tutmuş İttihad və Tərəqqi hərəkatının, habelə eyni adlı partiyanın yaradılmasında, onun ideya əsaslarının işlənib hazırlanmasında isə Əli bəy Hüseynzadənin mühüm rolunu inkar etmək mümkünsüzdür. Azərbaycanlı  mütəfəkkir bu işləri də “pərdə arxasından” görmüşdü. Lakin 1912-ci ildə onun artıq hakimiyyət partiyası olan İttihad və Tərəqqinin Mərkəzi Komitə üzvü seçilməsi heç şübhəsiz, həmin  xidmətlərin minnətdarlıqla dəyərləndirilməsi idi.

Arada qısa fasilə (müvafiq olaraq 1894 və 1895-ci ildə) ilə hər ikisi - həm Abdullah Cövdət, həm də Əli bəy Hüseynzadə ali tibb təhsilini hərbi həkim ünvanı və yüzbaşı (kapitan) rütbəsi ilə başa vurmuşdular. Bundan sonra yolları ayrılmışdı. Arada hərbi təmayüllü tədris müəssisəsi ilə uyuşmayan fəaliyyətinə görə təhsildən uzaqlaşdırılsa da, sonda diplom almağa müvəffəq olan  Abdullah İstanbuldakı Heydərpaşa Nümunə xəstəxanasında oftolmologiya ixtisası üzrə doktor yardımçısı kimi çalışmağa başlamışdı. Lakin bir neçə aydan sonra Şərq əyalətlərində yayılan vəba epidemiyası ilə əlaqədar Diyarbəkirə göndərilmişdi. Burada gələcəkdə türkçülüyün fikir atalarından biri kimi məşhurlaşacaq Ziya Göyalpla tanış olmuşdu. Onu artıq imperiyanın müxtəlif yerlərində şöbə və özəkləri yaranan İttihad və Tərəqqi sıralarına cəlb etmişdi. Böyük mürşüd dərin ruhi sarsıntılardan çıxış yolu tapmayıb intihara əl atanda həkim kimi yardımına ilk yetişən və həyatını xilas edən də  Abdullah Cövdət olmuşdu.

Təxminən həmin ərəfədə  Əli bəy Hüseynzadə də təhsilini başa vurub Heydərpaşa Nümunə  xəstəxanada dəri-zöhrəvi xəstəlikləri həkimi kimi fəaliyyətə başlamışdı. Amma eyni ali məktəbi bitirib eyni xəstəxanada çalışmalarına baxmayaraq ixtisas və məslək etibarı ilə biri-birinə son dərəcə yaxın olan iki dostun yolları uzun müddətə ayrılmışdı. Məktublaşma vasitəsi ilə ünsiyyət qurana qədər  hər ikisi təqib, macəra və təhlükələrlə dolu həyat yaşamışdı.

Artıq hökumətin “qara siyahısına”  düşən Abdullah Cövdət 1895-ci ilin ortalarında İstanbula dönsə də, paytaxtda yaşaması məqbul sayılmadı. Onu əvvəlcə hərbi həkim kimi Adabazarına göndərmək nəzərdə tutulurdu. Lakin “pozuculuq fəaliyyətinə” dair yeni məlumatlar ortaya çıxdığından 1896-cı ilin yanvarında həmin dövrdə Osmanlı imperiyasının vilayətləri sırasına  daxil olan Trablüsqərbə  (indiki Liviyaya) sürgün etmək qərarı verildi. Burada da özünü sakit aparmadığı bilinincə daha əlçatmaz yerə - adı Əli bəy Hüseynzadənin Məktəbi-Tibbiyyə haqqındakı həcvində  çəkilən Liviyanın səhralıq Fizan əyalətinə (“Araşdırsan bunun sirrin, sürərlər bəlkə Fizanə”) göndərilməsinə hökm edildi.

Bu zaman Abdullah Cövdət artıq Avropadakı “gənc türklərin” liderləri Əhməd Rza və Murad Mizançı ilə əlaqə qurmuşdu. Onların nəşrlərində -”Mizan”, “Məşvərət” və “Məşvərət-Supplement” (fransızca) qəzetlərində ardıcıl çap olunurdu. Qərbdə təşkilanan əqidə dostları yolunu gözləyirdilər. Odur ki, sultan xəfiyyələrinin hökmünə boyun əyməkdənsə Avropaya sığınmağı daha üstün tutdu. Həyatını təhlükəyə ataraq gizli yollarla Tunisə qaçdı, oradan isə Parisə gəlib ittihadçıların -”gənc türklərin” sıralarına qoşuldu.

Sonuncular qarşıya eyni məqsəd qoysalar da aralarında birliyə nail ola bilməmişdilər. Əhməd Rza qrupu axıra qədər mübarizə aparmaq əzmində idi. Murad Mizançının tərəfdarları isə Sultan Əbdülhəmidlə anlaşmağa daha çox meyl göstərirdilər. Hökmdarın tapşırığı ilə Parisə gələn Təşkilati-Məxsusə şefi Əhməd Cəmaləddin Paşa bu fikir ayrılığından məharətlə yararlandı. Kiçik Contrexeville şəhərində əldə olunan anlaşmaya əsasən Murad Mizançı qrupunun üzvləri bəzi güzəştlər alıb Türkiyəyə qayıtdılar. Abdullah Cövdət “barışmazlarla” - Əhməd Rza qrupu ilə əməkdaşlıq yolunu üstün tutdu. “Osmanlı” qəzetində sultan rejimini kəskin tənqid edən yazılarla sanki bütün körpüləri yandırmağa çalışdı.

Mübarizlik əhval-ruhiyyəsi uzun sürmədi. 1898-ci ildə o, ayda 1500 frank maaş və ömrünün sonuna qədər aylıq 12 altın təqaüd qarşılığında həm mətbuat, həm də  ittihadçılarla əlaqələri kəsmək barəsində sultan təmsilçiləri ilə anlaşmaya girdi. Lakin bir müddət sonra “Osmanlı”ya gizli imzalar altında yazılar göndərdiyi aşkara çıxdı və təbii ki, pul təminatı dayandırıldı. Bunun ardınca isə, təbii ki, maddi sıxıntılar başlandı. Prinsiplərini dəyişməkdə heç vaxt xüsusi qəbahət görməyən Abdullah Cövdət 1899-cu ildə Ulduz sarayı ilə yeni bazarlığa girdi. Əldə edilən anlaşmaya görə, üsyankar doktor Osmanlı imperatorluğunun Vyana səfirliyində həkim vəzifəsinə təyin edildi və üzərinə tibbə dair məqalələr xaricində ictimai-siyasi məsələlərlə bağlı heç nə yazmamaq öhdəliyi götürdü. Doğrudur, əl altından ara-sıra müxalif mətbuata yazılar göndərsə də, 1899-1903-cü illərdə  əsasən şeir yaradıcılığı və bədii tərcümə ilə məşğul oldu.

Lakin tezliklə oyun oynadığının, siyasi fəaliyyətdən uzaqlaşmadığının üstü açıldı. Abdulla Cövdət saraya bu barədə xəbər çatdıran Vyana elçisi Mahmud Nədim Paşa ilə səfirlikdə yumruq davasına çıxdı. Nəticədə Avstriya-Macarıstan hökumətinin qərarına əsasən 1903-cü il sentyabrın 17-də  ölkə hüdudlarından çıxarıldı. Əfvlə bağlı Sultan Əbdülhəmidə müraciətinə rədd cavabı verildi. Parisə qayıdıb yenidən Əhməd Rza qrupuna qoşulmaq niyyəti də baş tutmadı - keçmiş əqidə dostları fikir ştreykbexerçiliyini ona bağışlamadılar. 

Fransa paytaxtında tamamilə təkləndiyini görən Abdullah Cövdət 1904-cü ilin başlanğıcında İsveçrəyə yerləşdi. “Osmanlı” qəzetinin nəşrini bərpa etdi. Köhnə ittihadçılardan Ədhəm Ruhi Balkan ilə birlikdə anarxizmə meylli Osmanlı İttihad və İnqilab Cəmiyyətini qurdu. Lakin hər iki təşəbbüsündə uğursuzluğa düçar oldu.  Nəhayət, 1904-cü iin sentyabrında artıq özünün də Sultan Əbdülhəmidlə münasibətləri pozumuş əski Təşkilati-Məxsusə şefi Əhməd Cəmaləddin Paşanın yardımı ilə Cenevrədə  “İctihad” məcmuəsini və eyni adlı nəşriyyatı qurdu. 16 səhifəsi türk, 16 səhifəsi isə digər (əsasən fransız) dilində çıxan “İctihad” dəfələrlə bağlanmasına baxmayaraq nəşrini müxtəlif adlarla davam etdirdi və qurucusunun ölümünə qədər yaşadı. Təkcə Osmanlı imperiyasının deyil, yeni Türkiyənin mədəni-ictimai həyatına da təsirini göstərdi. Nəşrin diqqət çəkən özəlliklərindən biri onun “gənc türklər” hərəkatı daxilində siyasətdən daha çox mədəniyyətə və xalqı maarifləndirməyə xüsusi diqqət yetirməsi idi.

İsveçrədə Abdullah Cövdət yeni qalmaqalın qəhrəmanı, daha dəqiq desək, qurbanı oldu. Saray xəfiyyələrindən Əbdülhəlim Hikmətin Sultan Əbdülhəmidi və hökumət mənsublarını təhqiramiz şəkildə aşağılayan “Bir röya” adlı səviyyəsiz broşürünün redaktoru olduğu “Osmanlı” qəzetinin kitabxanası seriyasından çapına görə Babi-Ali sarayı çox qətiyyətli bir şəkildə  İsveçrədən onu  ölkədən çıxarmağı tələb etdi. Abdullah Cövdət məcmuənin nəşrini İttihad və Tərəqqi hərəkatından yaxşı tanıdığı Hüseyn Tosun bəyə tapşırıb Misirə köçmək, siyasi və naşirlik fəaliyyətini burada davam etdirmək qərarına gəldi.

Təxminən on ilə yaxın heç bir xəbər tuta bilmədiyi, yaxud buna can atmadığı dostu Əli bəy Hüseynzadə ilə də həyatının məhz həmin böhranlı, sarsıntılı məqamında yenidən əlaqə yaratmış və mütəmadi məktublaşmağa başlamışdı.

Osmanlı imperiyasını çalxalayan on il Əli bəy üçün də asan olmamışdı. O, bir müddət  Heydərpaşa Nümunə xəstəxanasında çalışmışdı. 1897-ci ildə hərbi həkim kimi səfərbərliyə alınıb Tessaliya əyalətinə (Dəmətköy), Osmanlı imperiyası ilə Yunanıstan arasında başlanan müharibəyə göndərilmişdi. İşin mahiyyətinə baxanda Əli bəy Hüseynzadənin yiyələndiyi tibbi ixtisas (“əmrazi-firəngi”, yəni dəri-zöhrəvi xəstəlikləri) cəbhədə bir qədər lüzumsuz görünürdü. Səfərbərliyin pərdə arxası barədə düşünəndə burada üç fərqli qənaətə meydan açılır: ya Əli bəy həqiqətən də universal həkim idi, ya Osmanlı dövləti ixtisasından asılı olmayaraq tibbi personala ciddi ehtiyac duyurdu, ya da savaşı bəhanə edib onu paytaxtdan uzaqlaşdırmaq istəmişdilər. Üçüncü ehtimal həqiqətə daha yaxındır.

Doğrudur, hərb meydanından qayıtdıqdan sonra o, müsabiqə yolu ilə məzunu olduğu Məktəbi-Tibbiyyədə müdərris müavini (indiki anlayışla təxminən dosent) vəzifəsini qazanır. Burada məşhur türk dermotoloqu, Fransada əsaslı tibb məktəbi keçmiş professor Cəlaləddin Muxtarla (1865-1947) birlikdə çalışır. Qısa müddətdə onun ən bacarıqlı davamçılarından biri kimi tanınır. Məktəbi-Tibbiyyə ilə yanaşı 1902-ci ildən müəlliminin qurduğu müasir klinikanın da aparıcı həkimlərindən olur. Lakin bir il sonra qarşısında açılan parlaq perspektivdən imtina edib gizli yollarla heç vaxt yaşamadığı Bakıya qayıdır.

Səbəb? Görünür, İttihad və Tərəqqinin qurucularından biri kimi, dövrün türk gəncliyinə yenilikçi ideyalar aşılayan cəsarətli müəllim və ictimai xadim kimi onun fəaliyyəti sultan sarayını qane etməmişdi. Təqiblərə məruz qalmış, hətta bir müddət yuxarıda adı çəkilən Əhməd Cəlaləddin Paşanın mülkündə gizlənmək məcburiyyəti qarşısında qalmışdı. Sonda dairənin daraldığını görüb “rejimin türlü bəhanələrlə təqibatı üzündən Qafqaziyaya fərara məcbur olmuşdu”.

Yalnız həyatlarında müəyyən ardıcıllıq və oxşarlıqla baş verən silsiləvi dramatik məqamlardan sonra iki köhnə dost, iki əqidə yoldaşı bir-birlərini axtarıb tapmışdılar. Həm də anlaşılan qədər ilk təşəbbüs Əli bəydən gəlmişdi. Çünki Abdullah Cövdət zaman baxımından hələlik əlimizdə birinci olan və Fransanın kiçik Annamase şəhərindən göndərilən 9 mart 1905-ci il tarixli məktubunu  dostundan alınan kağıza cavab şəklində yazılmışdı.

Əlaqə qurduqları dövrdə həyat və fəaliyyətləri üçün səciyyəvi olan başqa bir ümumi cəhət isə ikisinin də həkimlik peşəsindən uzaqlaşmaları idi. Əslində, Osmanlı Məktəbi-Tibbiyyəsinin diplomu ilə Bakıya dönən Əli bəy tezliklə burada müalicəxana, xəstəxana açıb daha çox qazana, daha yaxşı yaşaya bilərdi. Lakin o, ayrı-ayrı fərdlərin deyil, toplumun əqli-mənəvi müalicəsi və gələcəyi haqda düşündüyündən jurnalistliyi, bütünlükdə millətin ehtiyac və çıxarlarına yönəlmiş ictimai fəaliyyəti həkimliyə tərcih etmişdi. Hələlik ana dilində mətbuat olmadığından “Kaspi” qəzetində çalışırdı. “İctihad” məcmuəsinin nəşrinə başlayan Abdullah Cövdət də xilas yolunu siyasi maarifçilikdə görürdü.

Onun azərbaycanlı dostuna məktubları bir qayda olaraq “Ya Əli!” müraciəti ilə başlanır. Doğrudur,  “Qardaşım”, “Qardaşım sevgili Əli”, “İki gözüm Əli”, “Gözlərimin işığı Əli”, “Gözlərimin nuru Əli”, “Şahi-mərdanım Əli” kimi fərqli və lakin hamısı eyni dərəcədə münasibətlərinin son dərəcə yaxınlığına dəlalət edən digər müraciət formalarına da rast gəlinir. Hər ikisi islam müqəddəslərinin adlarını daşısa da, dindən kifayət qədər uzaq, azad ruhlu insanlar idilər. Bununla belə “Ya Əli”, yaxud “Şahi-mərdanım Əli”  deyimlərində bəlli bir dini müstika nişanələrinin  göz önündə olduğunu da inkar etmək mümkün deyil. Şübhəsiz, islamın sünni təriqətinə mənsub olan Abdullah Cövdət Qafqazdakı şiə müsəlmanların Əli aşiqliyindən, “Xülafayi-Rəşidin dövrünün” sonuncu ədalətli xəlifəsi Həzrəti Əliyə heyranlığından xəbərsiz deyildi. Özü də eyni adı daşıyan dostuna oxşar münasibət bəsləyirdi. “Ah, ya Əli, bütün müqəddəslərə and içirəm ki, səni qollarım arasında sıxmaq nəzərimdə bəlkə də dünya nemətlərinin ən böyüyüdür!” - sözləri də həmin gizlədilməyən pərəstiş və heyranlığın  ifadəsi idi. 

Uzun illərin nigarançılıq və məlumatsızlığından sonra dostunun sağ-salamat olduğunu, üstəlik də “Türkiyəyə nisbətdə cənnəti-əla sayılacaq Rusiyada bulunduğunu” öyrənən Abdullah Cövdət ilk məktubunda yuxarıda toxunduğum həyat tarixçəsindən söz açmışdı. Həmin vaxta qədərki ömür yolunun çox da ürəkaçıcı olmadığına işarə edərək yazırdı: “Mənim on sənəyə yaxın həyatımın macəra və keşməkeşləri cildlər dolduracaq qədər uzundur. Hər zaman bu zəif qollarımla istibdad şərini yerlə-yeksan etmək xülyası ilə məstü pərişan yaşadın və indi də yaşamaqdayam. Ah, ya Əli, sən məni mənim özümdən yaxşı tanıyırsan. Əskidən bildiyim Abdullaham. İndi ürəyimdə daha çox atəş var!”

(Ardı var)

 





07.03.2016    çap et  çap et