525.Az

Yenidən diriliş...


 

Yenidən diriliş...<b style="color:red"></b>

Gənclik, cəmiyyət ağacının bahar tumurcuğudur. Çiçəkdə gizlənən toxum meyvənin içindəki çəyirdək kimidir. Gənclik duyğu, hərəkət, qüvvət və səy olaraq, bir cəmiyyətin ən dinamik elementi, gələcəyi inşa edəcək ən əhəmiyyətli dəyəridir. Sülh və qardaşlığın hökm sürdüyü bir dünya yalnız o toxumdan əmələ gələ bilər. Gənclik diriliş deməkdir. Onlarsız bir millətin sabahı qaranlığa bürünər. Çünki heç bir cəmiyyət gəncliyi olmadan ayaqda qala bilməz.

Milli dəyərlərin nəsillərdən nəsillərə ötürülməsi vacib bir vəzifə kimi qəbul edilsə, o vəzifənin müqəddəs icraçısı, sözsüz, gənclikdir. Elə isə bir millətin gəncliyi hər yönüylə sağlam olmalıdır. Ürəyi cəsarət dolu, əxlaqı pak, ağlı bilik dolu, aydın və işıqlı olmalıdır. Görün ulu öndər Heydər Əliyev bu barədə nə deyir: “Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik”. Biz eyni zamanda gəncliyi çox yaxşı anlamalıyıq. Bu mövzuda Corc Mak Donald: “Gəncliyi anlamırıqsa, deməli, dünyadakı işimiz bitmişdir” – deyir.

Demək ki, gənclik aydınlanma gözləyən bir məchul, açılması lazım olan gələcək qapısının şifrəsidir.

Gəncləri millətin aydın fərdləri olaraq görmək istəyiriksə, onların üzünü milli-mənəvi dəyərlərin işıqlı çöhrəsinə çevirməliyik. Bu barədə Snelmanın sözünü xatırlayaq: “Gəncliyin ruhunu şumlanmayan bir tarla kimi öz halına buraxsanız, orada gicitkənlər, tikanlar yetişər”.

Demək ki, onların ruh dünyasına bir bağban kimi baxıb, hiss və düşüncələrini bir fidan kimi həssaslıqla qoruyub saxlamaq lazımdır.

Pis vərdiş və asılılıqlar onları səfil və avara edər. Peyami Safanın sözü ilə desək: “Gəncliyi yaşamayan cəmiyyətin həyatı yataraq keçər”. Milli və mənəvi dəyərlərlə yanaşı, adət və ənənələrini bilməyən gənclərin əxlaqdan, ədəbdən, həyadan, dəyərdən məhrum, iffətsiz, hörmətsiz, inancsız bir həyat yaşamaları cəmiyyətin batması və ölkələrin yox olması deməkdir. Milli-mənəvi dəyərlərini itirən gənclik içindəki boşluğu boş və lazımsız istəklərlə doldurar. Susuzluğunu aradan qaldırmaq üçün gəncliyə təqdim edilən kef və əyləncələr, səhrada qalmış bir yolçuya dəniz suyu təqdim etmək qədər gülüncdür. Bu onun susuzluğunu azaltmamaqla yanaşı, su istəyini daha da artırar. Gəncliyi pis vərdişlərdən asılı hala düşmüş bir cəmiyyət, barıtın atəşə yaxınlaşması kimidir. Demək ki, əxlaq pozğunluğu və səhv yola düşmək gəncliyi məhv etdiyi kimi, bir millətin gələcəyini də məhvə sürükləyər.

Elm, mədəniyyət, fəzilət və bilik ilə bəzənmiş xarakterli, əxlaqlı və şəxsiyyətli bir gəncliyin yetişməsi üçün ən əhəmiyyətli element, əlbəttə ki, təhsildir. Təhsil milli dəyərlərlə əxlaqi dəyərləri özündə birləşdirmirsə, onun qucağında yetişən gənclik də qeyri-sağlam olar.

Cəmiyyət həyatının elektrik düyməsinə toxunan adam, əvvəla, gəncliyin könül, beyin lampalarını işıqlandırmalıdır. Çünki, bu nurun və işığın zamanla bütün müəssisələrə o güclü, dinamik beyinlər tərəfindən ötürüləcəyini Prezident İlham Əliyevin: “Mülayim, bilikli gənclər, gələcəkdə Azərbaycanı idarə edəcəklər”, – sözləri bir daha təsdiqləyir.

Gənclik bir cəmiyyətin ümid işığıdır. İstismar edilsə sönər, doğru yönləndirilməzsə, həyatı darmadağın olar. Güclü bir gəncliyi, idealist şəxsiyyətləri ancaq güclü cəmiyyətlər yetişdirə bilər. M. Abdülfəttah Şahin bu barədə: “Gənclik olduğu qabın rəngini alan bir maye kimidir”, – demişdir.

Gəncliyə bir ana mərhəmətiylə qucaq açıb, dirildici nəfəslə, gəncliyi ümid və əzm dünyasına yönəltmək hər bir pedaqoqun ən böyük vəzifəsidir. Demək ki, gələcəklə bağlı ümidlərimiz, gənclərlə davranış şəklindən və onları necə yetişdirməyimizdən asılıdır. Gənclər bizim üçün ən böyük dəyər, güc və ümid mənbəyidir. Bizlər üçün ən böyük zənginlik, neft, təbii qaz, silah, pul, gümüş, qızıl deyil, inanclı, əxlaqlı, hörmətli, mədəni və məsuliyyətli bir gənclikdir.

1997-ci ildə 2 fevralın Gənclər günü təyin olunması, 9 aprel 2002-ci ildə gənclər siyasəti qanunu və 25 avqust 2005-ci ildə Azərbaycan gəncliyi Dövlət Proqramının təsdiq edilməsi qarşıdakı illərin Azərbaycan gəncliyi üçün qızıl illər olacağını göstərir. Bunun üçün hər kəs əlindən gələni etməli, səy göstərməlidir ki, xəyalımızdakı nəsil yetişsin və dünya bir daha onların əlindən qurtuluş suyunu içsin.

Gənclik yenidən dirilişdir...

 





02.02.2013    çap et  çap et