525.Az

"Corciya ştatının qərarı ABŞ-ın özünə hörmətsizlikdir"


 

"Corciya ştatının qərarı ABŞ-ın özünə hörmətsizlikdir"<b style="color:red"></b>

"ABŞ-ın Corciya ştatının mart ayının 2-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanıması haqqında qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası yoxdur".

Bu barədə politoloq Vasif Əfəndiyev qeyd edilən məsələyə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin ştatların qanunvericilik məclislərinin Dağlıq Qarabağla bağlı hərəkətlərinin icbari qüvvəyə malik olmaması bəyanatı ilə çıxış etməsi bu ölkənin qəbul olunan qətnamə ilə bağlı narahatlığının ifadəsidir:

"Amma onu da qeyd etmək vacibdir ki, Corciya ştatının nümayəndələr palatası daha öncə Xocalı soyqırımın tanıyan qətnamə qəbul edib. Bu qətnamənin özəlliyi isə ondan ibarətdir ki, ABŞ qanunvericilik tarixində ilk dəfə olaraq bu qətnamədə Ermənistan prezidenti Serj Sarkisyanın adı qətliamla bağlı çəkilir. Qətnamədə Ermənistan prezidenti Serj Sarkisyanın törədilmiş cinayətə haqq qazandırması vurğulanır. Bundan başqa ABŞ-ın 20-dən artıq ştatı da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər". Onun sözlərinə görə, Corciya ştatı nümayəndələr palatasının qəbul etdiyi bu qərar ABŞ-Azərbaycan münasibətlərinə təsir etməyəcək: "ABŞ-ın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyün tanımaq və işğal olunmuş ərazilərin tezliklə boşaldılması üçün sülh danışıqlarının davam etdirilməsindən ibarətdir. Hesab edirəm ki, münaqişənin həlli istiqamətində ABŞ-ın mövqeyi kifayət qədər aydın və birmənalıdır. Problemin kökündə Rusiya və Fransa dayanır. Fransanın Ermənistana olan diqqəti və marağı tarixi köklər və diaspora faktorundan asılıdır.Rusiya isə de-fakto işğalçı tərəfdir. Minsk qrupunun bu tərkibdə fəaliyyəti artıq mümkünsüz həddə çatıb. Minsk qrupunun tərkibinin dəyişdirilməsi ya da genişləndirilməsi xarici siyasətimizin prioritet məsələlərindən ən önəmlisi olmalıdır. Hesab edirəm ki, Türkiyə ilə Almaniya münaqişənin ədalətli nizamlanması üçün Minsk qrupunun fəaliyyətində Fransa və Rusiyanı uğurla əvəz edə bilərlər".

Politoloq Arzu Nağıyev isə hesab edir ki, ABŞ-ın hər hansı ştatının belə qərarları dövlətin mövqeyi demək deyil və heç bir qanuni qüvvəsi yoxdur.  Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb, beynəlxalq qanunlarla tənzimlənir: "BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri və deyərdim ki, ən mühümü ABŞ-dır.  Deməli, Corciya ştatının verdiyi qərar ilk növbədə, öz dövlətlərinə, hüquq normalarına hörmətsizlik əlamətidir. İkinci növbədə isə beynəlxalq norma və prinsiplərə ziddir. Bu haqda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olan Ceyms Uorlik də öz sosial şəbəkədəki səhifəsində yazıb".  Düşünürəm ki, bu qərarın və ya bəyanatın verilməsində ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir edəcək qüvvə olan erməni lobbisinin danılmaz rolu var və cəfəngiyyatdan başqa bir şey deyil".

Qeyd edək ki, Azərbaycan XİN-in bununla bağlı açıqlamasında qeyd edilib ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının nümayəndələr palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa bir qətnamə qəbul edilib: "Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir. Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status-kvonu saxlamağa çalışır".

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə bəyan edib ki, ştat qanunvericiləri tərəfindən Dağlıq Qarabağla bağlı qəbul olunan qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir.

PƏRVANƏ

 





08.03.2016    çap et  çap et