525.Az

Ölkəmizin gələcəyinin uğurları bol olsun


 

AZƏRBAYCAN TƏHSİLİ BÜTÜN DÖVRLƏRDƏ DÖVLƏTİN DİQQƏT VƏ QAYĞISINI ÖZ ÜZƏRİNDƏ HİSS EDİB

Ölkəmizin gələcəyinin uğurları bol olsun<b style="color:red"></b>

Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını öz üzərində hiss edib.

Son illərdə də ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Çünki bu sahənin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Ölkədə təhsil müəssisələrinin təmiri, yenidən qurulması ilə bağlı bir neçə Dövlət Proqramı qəbul olunub. Artıq Azərbaycanda yeni tikilən, əlavə korpusları inşa edilən, əsaslı təmir olunan, kommunikasiya sistemləri yenilənən məktəblərin sayı 2 mini keçib.

Mən Xətai rayonu 24 saylı tam orta məktəbin informatika müəllimi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, bizim məktəbiz də ölkə rəhbəri  İlham Əliyevin sərəncamı ilə təmir olunub, kommunikasiya sistemi yenilənib, müasir standartlara cavab verən texnika və avadanlıqlarla, elektron lövhələrlə təchiz olunub. Məktəbimizdə informatika və digər fənlərin müasir texnologiya ilə tədrisi yüksək səviyyədə həyata keçirilir. Şagirdlərin informasiya alma bacarıqlarının inkişaf etdirilməsi üçün əlavə vəsaitlər, o cümlədən, didaktik materiallar hazırlanır.

"Promethean" lövhə ilə  işləmək "Activlincpire" proqramında hazırlanan dərs və tapşırıqlar, proqramın  geniş funksiyaları  ilə şagirdlərin dərsə olan marağını daha da artırmağa imkan verir. Dərsin gedişi zamanı tapşırıqların elektron poçt vasitəsilə müəllimə göndərilməsi, lövhədə qrup işlərinin və təqdimatların müzakirəsi, hər dərsə uyğun resursların aid olduğu əlfəcinlərinin "Activlincpire"nin  yaddaşında  saxlanılması  və digər bu kimi texnoloji yeniliklər müəllim-şagird işini asanlaşdırır, dərsi şagirdlərə daha maraqlı, yaddaqalan edir. Bütün bunlar məni bir müəllim olaraq sevindirməyə bilməz. Çünki biz bir neçə il əvvəl təbaşir, markerlə çalışır, dərs zamanı zəif kompüterlərdən istifadə edirdik. Heç şübhəsiz, bütün bunlar dərsin keyfiyyətini azaldırdı. Bu gün isə biz bütün bu problemlərdən uzağıq.

Təhsilimizin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər görüldükcə, müəllimin öyrətməyə, şagirdlərin isə öyrənməyə həvəsi artır. Lakin müasir təlim metodları və İKT -dən  istifadə bacarığının yüksək olması tədrisin keyfiyyətinə tam zəmanət vermir. Çünki müəllim nə qədər çətin, mürəkkəb mülahizələrlə, qarışıq suallarla fikir mübadiləsi aparırsa, mövzu bir o qədər şagirdlərə qaranlıq qalır. Ona görə də, vaxtdan və resurslardan səmərəli istifadə edərək mövzunu şagirdlərə daha anlaşıqlı dildə izah etmək, onları əyani materiallarla tanış, praktiki işlə təmin etmək əsas şərtdir.

Dərs prosesində və evdə icra edilən tapşırıqlar zamanı "informatika.edu.az", "code.orq", "techonokids.com", "coocebra", "maple", "matlab", "mathematice" saytlarından istifadə bizə çox faydalı olur. Şagirdlərimin "code.orq" saytında alqoritm icra etmək, alploqo tipli fiqurlar çəkmək, məntiqi yarışlarda iştirak edib beynəlxalq sertifikat əldə etmələri onlardan çox məni sevindirir. Çünki biz - müəllimlər şagirdlərlə daim təmasdayıq. Onların qazandığı hər kiçik uğur belə müəllimləri olaraq bizə fərəh hissi yaşadır. Ona görə də, müasir dövrün müəllimi zamanın tələbləri ilə uyğunlaşmalı və öz şagirdlərini bu istiqamətdə yönləndirməlidir ki, ölkəmizin gələcəyinin uğurları bol olsun.

Bu mənada, qeyd edim ki, keçən ilin dekabrın 10-da şagirdlərimiz "Bebras" (Qunduz) beynəlxalq müsabiqəsində iştirak ediblər. 21 şagirdimiz elektron müsabiqəni qalibiyyət sertifikatı ilə başa vurub. Bu müsabiqə Rusiya, Gürcüstan və Ukraynada daha populyardır. Həmin ölkələrdən bu yarışa qatılan şagirdlər kifayət qədər qızıl medal qazanıblar. Sevindirici haldır ki, son iki ilin nəticələrinə görə ölkəmiz bu yarışlarda beş gümüş, üç bürünc medal əldə edib. Mən inanıram ki, şagirdlərimiz yaxın bir neçə il ərzində böyük məntiq tələb edən bu tipli müsabiqələrdə daha çox uğur əldə edəcəklər.

Aytac RZAYEVA
Xətai rayonundakı 24 saylı tam orta məktəbin İnformatika müəllimi

 





08.03.2016    çap et  çap et