525.Az

Böyük əməliyyat qarşısında


 

Kəşfiyyatçının xatirələri

Böyük əməliyyat qarşısında<b style="color:red"></b>

III yazı

Tapşırığı yerinə yetirə bilməyən kəşfiyyatçının yeganə bəraəti ölümdür.
Kəşfiyyatın yazılmamış qanunlarından 

Dekabrın 30-u tapşırıq alanda səhər saat 9 olardı.

Qarşıda dayanan düşmən qüvvələrinin dislokasiyası və Füzulinin Cəbrayıla qədər işğal olunmuş ərazilərində operativ durumun öyrənilməsi, eləcə də Horadiz-Şükürbəyli ərazisinin detallı araşdırılması tapşırığını alanda bunun icrası mənə heç də fantastik görünmədi. Bu iş üçün inandığım, seçilib təlim görmüş adamlarım və “yaşıl cığır”ımız var idi. Amma bu işi bacarmaq üçün bir kəşfiyyat qrupu və bir-iki günlük müddət kifayət etmirdi. Anladığım qədər bizim bu səfərimiz qeyri-adi bir əməliyyat olmalıydı. Həqiqətən elə də oldu. Məlum oldu ki, komandir könüllülər arasından erməni dilini öz ana dili kimi bilən üç döyüşçü gətirib. Komandir o döyüşçüləri bu səfərə aparmağı məsləhət gördü. Tapşırığın xarakterini nəzərə alıb həmin üç nəfəri özümlə aparmağa razılıq verdim. Onları bölüyə gətirdim və təlimatlandırılması barədə lazımi göstərişləri verdim.

Yardımçım Oruc Quliyevlə birlikdə artilleriya rəisinin Dilağarda kəndində yerləşən səyyar komanda məntəqəsinə gəldim. Hamının “Drakon” ləqəbiylə tanıdığı Nizami Mirzəməmmədovla çoxdan tanış idik. Məlum oldu ki, belə geniş bir ərazidən Daşburun qəsəbəsində yerləşən komanda məntəqəsinə birbaşa məlumat vermək üçün uyğun radiorabitə cihazları yoxdur. “Drakon”la məsləhətləşdikdən sonra qərara gəldik ki, cəbhə xəttindən təxminən 10 kilometr dərinlikdə gizli radiorabitəçi qrupu yerləşdirib Horadiz ətrafından məlumatı həmin qrupa çatdırmaq daha düzgün olar.

Axşam 42 nəfərlik kəşfiyyat dəstəsi cəbhə xəttini keçmək üçün hazır idi. Ümumiyyətlə, düşmən arxasında fəaliyyətin insanın psixologiyasına və davranışına çox böyük təsiri olduğunu hamı bilir. Burada özünə və yanındakı yoldaşına inamdan başqa heç nəyə güvənmədən yaşanan saatlar və günlər insanı bütöv bir ömür qədər səfərbər edir. Çünki bizim üz tutduğumuz  ərazilər cəbhə xəttinin 30-35 km dərinliyində olduğundan hansısa əlavə dəstək barədə düşünməkdən söhbət gedə bilməzdi. Ona görə də əvvəlcədən 20 nəfərlik silahlanmış dəstək qrupu təşkil etdik. Amma təbii ki, belə böyük bir dəstənin cəbhə xəttini keçməsi və ərazidə hərəkəti riski artırırdı. Buna baxmayaraq, sonradan fəaliyyət zamanı bu seçimin doğruluğuna əmin olduq.

Cəbhə xəttini uğurla keçib qamışlıq arasındakı cığırlarla “ox” şəklində hərəkət edirdik. Kərimbəyli kəndinin yaxınlığına çatdıq. Yolun haçalandığı nöqtədə dozorlar Amil Quliyev və Namiq İbayev “dur” işarəsi verdilər. İrəlinin öyrənilməsi üçün gedənlərin dönməsinə qədər hamı cığır kənarında dinləmə və müdafiə mövqeyi aldı. “Yaşıl işıq” işarəsi alıb hərəkəti davam etdirmək işarəsi verdim. Sonra hərəkətin davam etməsiylə birgə “arxadan sayma” işarəsini verdim – 41 nəfər! Bir nəfər çatmırdı. Qamışlıq arasındakı uyğun sahə seçib yoxa çıxmış kəşfiyyatçının hansı qrupdan olduğunu müəyyən etməyə başladıq. Yoxa çıxmış adamın tərcüməçilərdən biri olduğu aydınlaşdı. Adamın yol ayrıcından sonra görünmədiyi məlum idi. Təcili geriyə – həmin əraziyə axtarış qrupu göndərib gözləməyə başladıq. Axtarış qrupunun əliboş qayıtması bütün planları alt-üst elədi. Kəşfiyyatın bütün yazılmış və yazılmamış qanunları yaranmış durumdan çıxış yolu kimi əməliyyatı yarımçıq qoyub geriyə qayıtmağı tələb edirdi. Amma artıq hava işıqlanmaq üzrə idi, gündüz vaxtı ərazidə hərəkət imkanlarımız məhdudlaşırdı. Yaxınlıqdakı cəngəlliyi düşərgə yeri seçib 1993-cü ilin son gününü – 31 dekabrı burada keçirməyi qət etdik. Hamıyla məsləhətləşdikdən sonra qaranlıq düşəndə yola çıxdıq.

Beş gün çəkən bu səfər zamanı Kərimbəyli, Babı, Arataylı, Aşağı və Yuxarı Mollaməhərrəmli, Horadiz, Şükürbəyli və Aşağı Əbdürrəhmanlı kimi yaşayış məntəqələrinin ərazilərindəki əsas, ehtiyat və yardımçı düşmən qüvvələri axtarış və müşahidə metodlarıyla öyrənilmiş və Daşburunda yerləşən briqada qərargahına birbaşa məlumat verilmişdi. Bunun üçün əvvəlcədən planlaşdırdığımız kimi hər dörd saatdan bir radiorabitəsi yaradırdıq. Rabitə zəncirinin çatışmayan həlqəsini səfərin birinci günü Kərimbəyli yaxınlığında gizlətdiyimiz Təbriz İmanovun rabitə qrupu əvəz edirdi.

Yanvarın 4-ü səhər işıqlananda bizim rabitəçilər müdafiə zolağını xəbərdar edib dəstənin öz ərazimizə keçməsini təmin etdilər. Sağ-salamat, bir patron belə işlətmədən dəyərli məlumatlarla geri qayıtmaq sevindirici olsa da, yoxa çıxmış kəşfiyyatçı hamının qanını qaraltmışdı. Amma həmin adamın azaraq Araz ayını keçdiyini, İran ərazisində jandarmalar tərəfindən həbs olunduğunu və sərhəddə Azərbaycana təhvil verildiyini eşitdik (Onu da deyim ki, həmin adamın başına gələnlərdən elə bir ayrıca kitab yazmaq olardı. Bizim xüsusi idarənin araşdırıb yoxladığı həmin şəxs bəraət aldıqdan sonra yaralanıb tərxis olundu).

Komandirə və qərargah rəisinə verdiyim şifahi və yazılı raportlardan sonra kəşfiyyatın gizliliyi tələblərinə nə qədər əməl etməyimizə baxmayaraq, artıq xəbərlər yayılmışdı. Əməliyyata 24 saatdan az vaxt qalırdı.

 





04.02.2013    çap et  çap et