525.Az

Dillər Universiteti ilə Tsukuba Universiteti arasında müqavilə


 

Dillər Universiteti ilə Tsukuba Universiteti arasında müqavilə<b style="color:red"></b> Azərbaycan Dillər Universitetinin (ADU) tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Yaponiyanın Tsukuba Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti Sey Matsuşitanı qəbul edib.

Universitetdən verilən məlumata görə, onu universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov adından salamlayıb.

ADU-nun beynəlxalq əlaqələrindən danışan Ələddin Əliyev ali təhsil müəssisəsinin dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini sözlərinə əlavə edib.

ADU-da mövcud olan dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumat verən Ələddin Əliyev imzalanacaq müqavilənin hər iki universitet arasında tələbə-müəllim mübadiləsinin uğurla aparılacağına xidmət edəcəyinə əminliyini ifadə edib.

Prorektor Ələddin Əliyev ölkə Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan-Yaponiya əlaqələrin dinamik inkişaf etdiyini söyləyib.

Bu mənada o, dövlətlərarası qarşılıqlı əlaqələrin inkişaf etməsinin təhsil sahəsinə də öz töhvəsini verəcəyini qeyd edib. Həmçinin tələbələr arasında yaranan ünsiyyətin daha intensiv olacağını, elm sahəsində yaranan əlaqələrin inkişafı nəticəsində dövlətlərimizə layiqincə xidmət edə biləcəyimizi vurğulayıb.

Səmimi qəbula görə öz minnətdarlığını ifadə edən S.Matsuşita ADU-da olmaqdan şad olduğunu bildirib .

O, təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Yaponiya arasında mədəni əlaqələri daha da möhkəmlədəcəyinə inandığını qeyd edib.

S.Matsuşita Tsukuba universitetinin Rusiya universitetləri başda olmaqla bir çox ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini qeyd edib. O, Azərbaycan universitetləri arasında ilk dəfə məhz ADU ilə müqavilə imzalanacağını vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.

Görüşdən sonra Azərbaycan Dillər Universiteti və Yaponiyanın Tsukuba Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanan müqavilədə iki universitet arasında müəllim, tələbə və elmi əməkdaşların mübadiləsi, birgə tədqiqat, elmi konfranslar və görüşlərin təşkili, informasiya mübadiləsi nəzərdə tutulub.

Qeyd edək ki, görüşdən öncə Yaponiyanın Tsukuba Universitetinin Humanitar və sosial elmlər kafedrasının dosenti Sey Matsuşita ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasında təhsil alan tələbələrə seminar keçib.

Vəfa MƏMMƏDLİ
 





10.03.2016    çap et  çap et