525.Az

Türkiyə və Azərbaycan şahinləri birgə təlimlərdə


 

"TURAZ ŞAHİNİ" TƏLİMLƏRİ İKİ ÖLKƏ ARASINDA HƏRBİ SAHƏDƏ TƏCRÜBƏ MÜBADİLƏSİNƏ BÖYÜK KÖMƏK OLUR"

Türkiyə və Azərbaycan şahinləri birgə təlimlərdə<b style="color:red"></b>

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu "TURAZ Şahini-2016" birgə taktiki-uçuş təlimləri başlayıb.
 
Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.

İki ölkənin Hərbi Hava Qüvvələri arasında keçirilən "TURAZ Şahini-2016" hərbi təlimləri ilə bağlı fikirlərini bildirən hərbi-siyasi icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli hesab edir ki, Türkiyə ilə Azərbaycanın Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi artıq ənənə halını alıb:

"İlk belə taktiki təlim 2014-cü ildə Yevlaxda keçirilib. Türkiyənin Konya şəhərində start götürən "TURAZ Şahini - 2016" isə sayca 4-cü təlimdir. Bu ilk növbədə iki ölkənin hərbi qurumlarının daha geniş şəkildə fəaliyyət göstərməsinə təkan olur".

R.Məmmədli bildirib ki, bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələri üçün böyük imkanlar açır:

"Bizim pilotlar NATO ölkələrində istifadə olunan təyyarə və helikopterlərdə uçaraq öz peşəkarlıqlarını artırırlar.

Bundan başqa Azərbaycan Hərbi Hava Qüvvələri Sovet hərbi aviasiyası haqda geniş bilgiyə və təcrübəyə malikdir. Türkiyəli pilotlar isə NATO hərbi aviasiyası barədə bilgiləri var. "TURAZ Şahini" təlimləri bu iki fərqli təcrübənin mübadiləsinə böyük kömək olur".

Hərbi-siyasi icmalçı iki ölkənin keçirdiyi birgə təlimlərin birmənalı olaraq qənaətbəxş hesab etməyin düzgün olmadığını deyib.
 
Onun sözlərinə görə, lakin hazırkı situasiya - bölgədəki siyasi vəziyyəti nəzərə aldıqda Türkiyə ilə Azərbaycanın hərbi əməkdaşlığını müsbət xarakterizə etmək lazımdır:
 
"Etiraf edilməlidir ki, bu gün Silahlı Qüvvələrimiz bütün qoşun növlərində Türkiyənin analoji qurumları ilə əməkdaşlıq edir. Bu münasibətlər də yüksələn xətt üzrə gedir. Lakin daha çox iş görülməlidir. Bu, həm də hər iki ölkənin hərbi qüdrətinin daha da artmasına gətirib çıxara biləcək amildir".

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, Türkiyə ilə Azərbaycanı dərin siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir: 

"Hərbi sahədə mövcud əlaqələrimiz daha da möhkəmləndirilir. Müstəqil Azərbaycanın ordusunun yaranması və formalaşmasında, kadr hazırlığında Türkiyənin oynadığı rol əvəzsizdir. NATO-nun sülhyaratma prosesində bizim bir tağımımız Türkiyənin tağımı ilə Kosovada və Əfqanıstanda bir yerdə iştirak edib.

Regionda sülh və təhlükəsizliyin təmin olunmasında da Türkiyə və Azərbaycanın böyük rolu var. Buraya neft və qaz kəmərlərinin, nəqliyyat yollarının təhlükəsizliyinin qorunması, anti-terror əməliyyatlarının həyata keçirilməsini aid etmək olar. İstər hava, istər quru sərhədlərinin qorunmasında, səfərbərlik və hərbi xidmətə çağırış sisteminin formalaşmasında Türkiyə ilə hərbi əməkdaşlığımız dərinləşir və get-gedə inkişaf edir".

Azərbaycanın qüdrətli ordusu olduğunu xatırladan hərbi ekspert Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin günü-gündən daha da yaxşılaşdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ermənistan əsgərindən fərqli olaraq bizim əsgərimiz mənəvi-psixoloji baxımdan hazırlıqlı olduğu üçün ayıq-sayıq xidmət aparır:

"Azərbaycan ordusunda ciddi nizam-intizam var. Yüksək səviyyədə maddi-texniki baza ilə təmin olunub. Əsgərimizə xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu onu deməyə əsas verir ki, Ermənistanın istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq və onlar daha dərin psixoloji sarsıntı keçirməyə məcbur olacaqlar".

Azərbaycanın müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini deyən hərbi ekspert hazırda güclü, peşəkar hazırlıqlı orduya malik olduğumuzu bildirib.

O bildirib ki, Silahlı Qüvvələrimiz qarşısında duran bir nömrəli tapşırıq torpaqlarımızın düşmən tapdağından azad edilməsidır:

"Ordumuz düşmənə layiqli cavab verməyə tam hazırdır. Ermənistanın təkcə hərbi hazırlıq, maddi-texniki baza baxımından deyil, eyni zamanda daxili problemlər sarıdan acınacaqlı vəziyyətdədir. Bu rejim Rusiyanın təsiri altındadır.

Rəsmi Moskvanın dünya siyasi arenasında kifayət qədər problemləri olması, sanksiyalara məruz qalması, iqtisadiyyatının çökməsi heç cür Ermənistanın işinə yarıya bilməz. Buna görə də, Ermənistan hakimiyyəti ölkədə siyasi, iqtisadi böhrandan narazı kütləni sakitləşdirmək üçün tez-tez təmas xəttində gərginlik yaradır.

Cəmiyyətdə elə fikir formalaşdırırlar ki, ölkə müharibə vəziyyətindədir, hər an səfərbərlik elan oluna bilər. Bütün günahları isə Azərbaycanın üzərinə yıxmağa çalışırlar. Hər kəs bilməlidir ki, Ermənistan işğalçı dövlət olmaqla bərabər beynəlxalq diasporadan, Rusiyadan və başqa dövlətlərdən asılı vəziyyətdədir.

Xaricdən maddi yardımlar gəlməsə bu ölkə heç cür dolana bilməz. Bu yardımları da əldə etmək üçün Ermənistan hakimiyyəti uydurduqları bu tip yalanlardan istifadə edirlər. Müharibə şəraitində olduqlarını, Azərbaycanın onlara təzyiq etdiyini, blokada şəraitində saxladığını bildirirlər. Rəsmi Bakının isə bir istəyi var. O da, işğal olunan torpaqların geri qaytarılmasıdır. Azərbaycanın bu istəyi beynəlxalq hüquq normalarına tam uyğundur. Əgər Ermənistan bu torpaqları qısa müddət ərzində boşaltmasa, ölkə kimi varlığı şübhə altında olacaq".

Qeyd edək ki, təlimlər martın 25-dək davam edəcək.

Ceyhun ABASOV

 





10.03.2016    çap et  çap et