525.Az

"İzahlı saz-söz lüğəti": sənətlə bağlı yeni bilgi mənbəyi


 

"İzahlı saz-söz lüğəti": <b style="color:red">sənətlə bağlı yeni bilgi mənbəyi</b>

Azərbaycan xalq ədəbiyyatının ən qədim abidəsi sayılan "Kitabi Dədə Qorqud" (XI - XII əsr.) əsrlərdən bəri Azərbaycanın və bütün türk dünyasının əzəmətli, möhtəşəm tarixi yaddaş abidəsi sayılır.

Vətən sevgisini, qəhrəmanlığı, şücaəti, adət-ənənələri özündə ehtiva edən epos türk xalqının tarixi salnaməsi və bədii söz xəzinəsidir. İgidliyi tərənnüm edən dastanın əsas süjet xətti müqəddəs torpağı qorumaq uğrunda mübarizə aparan, mərdlik və cəsurluq nümayiş etdirən oğuzların həyat tərzini, xalq mənəviyyatını əks etdirir. "Kitabi-Dədə Qorqud" etnoqrafiyanı, tarixi coğrafiyanı, dil və düşüncə tərzini, dünyagörüşü və sosial-siyasi, mənəvi görüşləri bir araya toplayan və bununla da Azərbaycan xalqının yüksək mədəniyyətini qabardan əvəzsiz mənbədir.

Dastan ilk dəfə olaraq 1815-ci ildə görkəmli alman şərqşünası Fridrix fon Dits tərəfindən tərcümə edilib və elmə təqdim olunub. Bu gün də Almaniyanın Drezden kitabxanasında qorunub saxlanan əlyazma yüzlərcə elmi araşdırmaların müxtəlif obrazlar baxımından mövzusu kimi əsas götürülür.

XX əsrin ortalarından "Kitabi Dədə-Qorqud" un tədqiqi və təbliği istiqamətində aparılan nəzəri-praktiki işlər Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq siyasətinin önəmli sahələrindən biridir. Xalqımızın mədəniyyətini qoruyub saxlamaq naminə aparılan işləri dövlət siyasətinə paralel olaraq inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il iyulun 25-də imzaladığı Sərəncam "Kitabi-Dədə Qorqud"un tərcüməsinin və nəşrinin  200 illiyi ilə bağlı misilsiz sənəd oldu. İl ərzində aparılan işlər, keçirilən çoxsaylı tədbirlər, elmi simpoziumlar, aşıq müsabiqələri, nəşr olunan yeni kitablar, monoqrafiyalar bu sənədə əsasən uğurla gerçəkləşdirildi.

Nəşrlər sırasında diqqəti çəkən, saz-söz sənətini terminoloji tərəfdən təqdim edən və bununla da həm musiqişünaslıq, həm də folklorşünaslıq baxımından lakonik elmi bazaya çevrilən "İzahlı saz-söz lüğəti" xüsusilə əhəmiyyətlidir.

Bir-birini tamamlayan və vəhdət təşkil edən saz-söz sənəti əsrlərdən bəri eşq-məhəbbəti, qəhrəmanlığı tərənnüm etməklə bu günümüzdə də inkişafdadır, bu sənət bütün dünyaya tanıdılır. Azərbaycan dövlətinin, xüsusilə də YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, o cümlədən, aşıq sənətinin dünyada layiqli təbliği istiqamətində göstərdiyi bir çox mühüm cəhdlər uğurla nəticələnib. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri-maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında Hökumətlərarası Komitənin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti bu qurumun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bununla da aşıq sənəti Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi öz layiqli təsdiqini tapdı.

Tədqiqi XX əsrin əvvəllərindən başlayan aşıq sənəti elmi aktuallığını müasir dövrdə də qoruyub saxlaya bilib. Dinamik şəkildə inkişaf edən, daim yenilənən və dəyişən bu sənət sahəsi elmin bir çox sahələrində mütəxəssislərin diqqətini cəlb edib. Lakin aşıq sənətinin tədqiq olunmasında əsas yük folklorşünas və musiqişünas alimlərin payına düşüb.

Musiqişünaslıq elmində bu sənətin tədqiqi sahəsində böyük uğurlar əldə edilib. Əminə Eldarova, Tariyel Məmmədov, İradə Köçərli, Səadət Seyidova və başqa tanınmış alimlər böyük bəstəkar və musiqişünas alim Üzeyir Hacıbəylinin aşıq sənəti ilə bağlı söylədiyi dəyərli fikirləri əsas tutaraq, sanballı əsərlərilə bu sahəni daha da zənginləşdiriblər.

Aşıq sənətinin tədqiqində yeni mərhələ Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun yaradıcılığı ilə başlayıb. XX əsrin 80-ci illərindən elmi fəaliyyətə başlayan alimin, demək olar ki, bütün elmi tədqiqatları Azərbaycan aşıq sənətinin öyrənilməsinə həsr olunub. Onun "Koroğlu dastanında epik havalar" mövzusunda  namizədlik dissertasiyası, "Azərbaycan aşıqlarının ənənəvi havaları" mövzulu doktorluq dissertasiyası, bu tədqiqatlar əsasında yaranmış nəşrlər, eləcə də alimin müxtəlif illərdə işıq üzü görmüş əsərləri - "Azərbaycan şifahi ənənəli xalq professional musiqisi: aşıq sənəti", "Azərbaycan klassik aşıq havaları", "Azərbaycan aşıq yaradıcılığı" kitabları bu sənətin tədqiqində mühüm elmi nailiyyətlərdir. Adıçəkilən əsərlərdə yer alan çoxlu sayda aşıq havalarının not yazıları isə musiqişünaslıq elmi üçün dəyərli töhfədir. Tanınmış musiqişünas alim Tariyel Məmmədov elmi yaradıcılıqdan başqa bir sıra ictimai vəzifələr də aparır. Xüsusilə Azərbaycan musiqi mədəniyyətində nüfuzlu elmi nəşrlərdən biri kimi tanınmış beynəlxalq elmi-pedaqoji, tənqidi-publisist, mədəni-maarrifçilik yönümlü "Musiqi dünyası" jurnalının naşiri və baş redaktoru kimi tanınan Tariyel Məmmədov həm də gənc alimlər yetişdirən təcrübəli pedaqoqdur. 

Aşıq havalarının müasir elmi tələblər səviyyəsində yazıya alınması, yeni metod və konsepsiyalarla təhlili onun əsərlərinin əsas məziyyətlərindən biridir. Aşıq sənətinin öyrənilməsində çoxcəhətli və müxtəlif istiqamətli elmi araşdırmalar aparan alimin gördüyü işlər bununla bitmir. Bugünlərdə işıq üzü görən "İzahlı saz-söz lüğəti" T.Məmmədovun musiqi terminologiyası sahəsində apardığı əhəmiyyətli işin daha bir uğurlu bəhrəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə çap olunmuş bu lüğət musiqi mədəniyyətinin inkişafında bir neçə istiqamətdə aparılan gərgin əməyin parlaq nəticəsi hesab oluna bilər.

Musiqi terminologiyası məsələsi musiqişünaslıqda az inkişaf etmiş sahələrdən biridir. Görkəmli musiqişünas alim Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndən sonra uzun illər bu sahədə əsaslı tədqiqatlar qeydə alınmayıb. Aşıq sənəti ilə bağlı isə yalnız müəyyən məqalələrdə və kitabların hər hansı hissələrində qısa informasiya verilib. Elmi fəaliyyətinin bir hissəsini də terminologiya məsələlərinə yönəldən alimin  "İzahlı muğam terminləri" kitabı musiqi ictimaiyyətinin rəğbətini qazanıb. Xalq musiqisinin müxtəlif problemlərini öz elmi fəaliyyətində daim işıqlandıran alimin yeni "İzahlı saz-söz lüğəti" onun bu yöndəki faydalı işlərinin məntiqi davamıdır.

Kitabda aşıq saz-söz lüğəti, sözlük, eləcə də Azərbaycanın görkəmli aşıqlarının foto-şəkilləri, "Koroğlu aşıq havaları"nın not yazıları və iki CD yer alıb. Aşıq saz-söz lüğəti bölməsində alim aşıq sənəti ilə bağlı mövcud bütün anlayışlara aydınlıq gətirmişdir. Bu bölmənin ən yüksək məziyyəti isə aşıq havalarının kökü, şeir forması, müəllifləri haqqında informasiyanın verilməsidir. Qeyd etmək lazımdır ki, bundan öncə belə məlumatlar ancaq təsadüfi məqamlarda işıqlandırılırdı. Kitabın nəşrində yaxından iştirak etmiş AMEA-nın Folklor İnstitutunun alim və mütəxəssisləri - Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov ilə əməkdaşlıq şəraitində hazırlanan lüğətdə verilən hər bir informasiya gənc aşıqşünaslar üçün dəyərli elmi mənbədir. Aşıq sənətinin şifahilik prinsipləri əsasında inkişaf etməsi faktını nəzərə alsaq, bu işin nə qədər çətin və məsuliyyətli olduğunu söyləmək artıqdır. Görkəmli alimlərimiz Muxtar İmanov və Məhərrəm Qasımlının lüğətə verdikləri rəydə kitabın Azərbaycan şifahi xalq musiqisinin bir qolunu təşkil edən aşıq musiqisinin üslub və janrlarını əks etdirməsi və sənətin özünəməxsus özəlliklərini lüğət çərçivəsində  əhatə olunması xüsusi vurğulanıb.

Kitabda verilmiş fotoşəkillər görkəmli aşıqların gələcək nəsillərə tanıtdırılması baxımından önəmlidir və bu, kitabın əsas missiyalarından biri kimi səciyyələnir. Növbəti bölmədə müəllif "Koroğlu aşıq havaları"nın not yazılarını təqdim edib. Bu havalardan bir qismi CD-lərdən birində də verilib. Digər CD-də isə klassik aşıq havaları yer alır.

Lüğətin ingilis dilində işıq üzü görməsi milli musiqimizin, xüsusilə də aşıq musiqisinə aid olan nəzəri aspektlərin öyrənilməsində dünya musiqişünasları üçün örnək vasitədir. UNESKO-nun xətti ilə dünyanın aparıcı səhnələrində ulu sazın "Cəngi Koroğlu"su, "Baş saritel"i, "Baş divani"si, "Urfani"si Azərbaycanın tarixini, mədəniyyətini təcəssüm etdirir.

Nailə RƏHİMBƏYLİ 
Sənətşünaslıq elmləri doktoru, AMEA Folklor İnstitutunun "Musiqi folkloru" şöbəsinin müdiri 

 





11.03.2016    çap et  çap et