525.Az

IV Qlobal Bakı Forumu - Azərbaycan dünyəvi məsələlərin müzakirə meydanı


 

"AZƏRBAYCAN ÜZƏRİNƏ BÖYÜK MİSSİYA GÖTÜRƏRƏK DÜNYADA SÜLHƏ HESABLANMIŞ FƏALİYYƏTİNİ LAYİQLİ ŞƏKİLDƏ DAVAM ETDİRİR"

IV Qlobal Bakı Forumu - <b style="color:red">Azərbaycan dünyəvi məsələlərin müzakirə meydanı</b>

Martın 10-u Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAaction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu öz işinə başlayıb.

Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentinin qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də olub.

"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, artıq Bakı qlobal problemlərin həllində vacib bir məkana çevrilib.
 
Onun sözlərinə görə, IV Qlobal Bakı Forumla yanaşı, bir sıra dünyəvi məsələlərin müzakirə olunduğu tədbirlərə ev sahibliyi edən Bakı bundan sonra da bu ənənəsinə sadiq qalacaq:

"Xüsusilə bu il Bakıda Qlobal Forumun keçirilməsinin önəmi daha artıq ölçülməlidir. Dünyada nə qədər Azərbaycanla bağlı siyasi və iqtisadi problemlər yaratmağa çalışanlar olsa da, dövlətimiz və onun başçısı dünyaya verdiyi töhfələri davam etdirmək niyyətindədir. Bu dövlətimiz və Prezident İlham Əliyevin nümayiş etdirdiyi böyük siyasi iradə, dünyaya verdiyi dostluq mesajıdır".

M.Əhmədoğlu qeyd edib ki, hazırda bir dəstə erməni səs-küy salıb ki, neftin dünya bazarında qiyməti kəskin aşağı düşdüyü üçün  guya Azərbaycanı sosial-iqtisadi problemlər bürüyüb və ölkə rəhbərliyi bu məsələlərin həllində acizdir. O bildirib ki, belə bir vəziyyətdə Bakıda Qlobal Forumun keçirilməsi ilə anti-Azərbaycan qüvvələrin apardığı əks-təbliğat tamamilə sıradan çıxıb.

Politoloq deyib ki, bu forumda iştirak etmək üçün Bakıya gələn xarici qonaqlar dünyanın taleyinin müəyyənləşdirilməsində iştirak edən şəxslərdir:

"Əgər dünyanın bir çox tanınmış dövlət və hökumət başçıları, siyasətçilər gəlib bu forumda iştirak edirlərsə, demək ki, onlar Azərbaycanın gördüyü işi faydalı hesab edirlər".

M.Əhmədoğlu bütün parametrlərdə bu forumun faydalı olduğunu, mühüm nəticələr verəcəyini bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, artıq Bakı Qlobal Forumu dünyada özünü təsdiqləyib:

"Bu forum beynəlxalq miqyasda əhəmiyyətli toplantıya çevrilib. Çoxsaylı dövlət və hökumət başçılarının foruma qatılması, eləcə də dünyanın aparıcı media qurumlarının forumun işini işıqlandırması Qlobal Bakı Forumunun nə qədər önəmli olduğunu sübut edir".

E.Mirzəbəyli qeyd edib ki, forumun açılış mərasimində edilən çıxışlar və müzakirələr zamanı səsləndirilən fikirlər sübuta yetirir ki, Qlobal Bakı Forumu dünyada sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Bu, forum çox önəmli dialoq formatıdır. Çünki bu gün dünyanın bir çox ölkələrində yaranmış münaqişələr əsasən dialoqun olmaması ucbatından daha da dərinləşməkdədir. Bu mənada, Azərbaycan üzərinə böyük missiya götürərək dünyada sülhə hesablanmış fəaliyyətini layiqli şəkildə davam etdirir".

Politoloq xatırladıb ki, bu il Azərbaycanda multikulturalizm ili elan edildiyi üçün belə bir foruma ölkəmizin ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır: "IV Qlobal Bakı Forumunun uğurla həyata keçməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına gətirib çıxaracaq. Azərbaycanın dünyaya verdiyi böyük töhfə kimi yadda qalacaq".

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev qeyd edib ki, belə bir forum artıq 4-cü dəfədir ölkəmizdə təşkil olunur. Onun sözlərinə görə, bu da onun göstəricisidir ki, Azərbaycan sülhsevər, dinlərin və mədəniyyətlərin qovuşduğu və bərqərar olduğu bir məkandır:

"Bu forumda iştirak edən siyasətçilər də təsdiqləyir ki, Azərbaycan dünyaya nümunə ola biləcək bir ölkədir.

Forumda çıxış edən prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər, yəni, BMT-nin Təhlükəsizlik Şurasının bu münaqişəyə dair çıxardığı qətnamələr öz həllini tapmayana qədər regionda istədiyimiz sülhə nail ola bilməyəcəyik. Əlbəttə ki, Prezidentin bildirdiyi kimi regionda sülhə nail olmaq istəyiriksə, ilk olaraq Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və bir milyon qaçqın və məcburi köçkün öz tarixi torpaqlarına qaytarılmalıdır".

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Bakı şəhəri çoxsaylı iqtisadi-mədəni, idman və intellektual tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. O "SİA"ya bildirib ki, bunların sırasında artıq dördüncü dəfə keçirilən IV Qlobal Bakı Forumunun xüsusi yeri var.

H. Babaoğlu deyib ki, qlobal iqtisadi müstəvidə Davos Forumu, qlobal təhlükəsizlik müstəvisində Münhen Konfransı dünya üçün hansı əhəmiyyətə malikdirsə, Qlobal Bakı Forumu da hazırkı mərhələdə beynəlxalq münasibətlər sisitemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından eyni əhəmiyyətə malikdir:

"Müzakirə olunacaq məsələlər isə həm iqtisadi, həm siyasi, mədəni, həm də enerji və ekoloji təhlükəsizlik məsələlərini əhatə edən çoxsaylı bloklardan ibarətdir. Xüsusi qeyd etmək lazımdır ki, hazırkı məqamda dünya siyasətində ən aktual məsələlərdən biri hesab olunan qlobal idarəetmədə yaşanan böhran və qlobal etimadsızlıq mühitinin olması məsələləri də müzakirə obyekti olacaq. Eyni zamanda dinlərarası dialoq mühitinin yaxşılaşdırılması, multikultural dəyərlərin qlobal dəyər kimi əhəmiyyəti də Bakı Forumunun əsas mövzularından biri olacaq.

Ən əhəmiyyətlisi isə odur ki, rəsmi Bakı bütün sadalanan istiqamətlər üzrə əldə etdiyi uğurları unikal nümunə kimi dünyanı idarə etmiş və hazırda idarə edən auditoriyaya təqdim edəcək. Dolayısıyla Azərbaycanın özünəməxsus inkişaf modelini nümayiş etdirəcək, bir daha Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğal edildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla işğal faktının Avropanın da təhlükəsizliyini təhdid etdiyini bildirəcək. Beləliklə açıq fikir mübadiləsi çərçivəsində mövcud problemlerin həlli ilə bağlı ən yeni fikirlər səsləndiriləcək bir növ beyin fırtınası effekti yaratmaqla problemlərin həlli yolları axtarılacaq".

Deputat belə bir əhəmiyyətli forumun keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinin təsadüfi hal olmadığını da diqqətə çatdırıb. O qeyd edib ki, belə mötəbər tədbirin Bakıda keçirilməsi bir daha ölkəmizin dialoq və əməkdaşlıq məkanı olduğunu göstərir.

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır.

İlk forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin 5-8 may tarixində 29 ölkədən 142 nümayəndənin iştirakı ilə "Müştərək cəmiyyətlər və qadın azadlıqları" mövzusunda təşkil olunub. İkinci forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il 27-29 aprel tarixində "Post 2015 gündəliyi və müştərək cəmiyyətlər" mövzusunda keçirilib. İkinci forumda 42 ölkədən 165 nümayəndə iştirak edib.

2015-ci ilin 28-29 aprel tarixində keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə "Yeni dünya düzənində etimadın bərpa edilməsi" olub və bu toplantıya dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb.

Ceyhun ABASOV

 





11.03.2016    çap et  çap et