525.Az

Respublika fənn olimpiadasında 4500-ə yaxın şagird iştirak edəcək


 

Respublika fənn olimpiadasında 4500-ə yaxın şagird iştirak edəcək<b style="color:red"></b> Sabah Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, olimpiadanın yarımfinal turu ölkənin 11 müxtəlif bölgəsində - Naxçıvan MR, Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, Şəki, Lənkəran, Xaçmaz, Şirvan, Şamaxı və Bakı şəhərlərində keçiriləcək. Bu mərhələdə 4500-ə yaxın şagird öz bilik və bacarıqlarını nümayiş etdirəcək.
 
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir.

Bununla yanaşı, olimpiadanın əvvəlki mərhələlərindən uğurla keçən beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin məşğələlərində iştirak edən VII və VIII sinif şagirdləri, habelə xüsusi istedada malik aşağı sinif şagirdləri də yarımfinal turuna vəsiqə qazanıblar. Respublika mərhələsinin yarımfinal turunda da şagirdlərə tapşırıqlar qapalı test formasında təqdim ediləcək. Bu mərhələnin nəticələrinə əsasən, hər fəndən ən çoxu 60 şagird Respublika fənn olimpiadasının final mərhələsinə vəsiqə qazanacaq. Respublika fənn olimpiadalarının final mərhələsinin aprel ayında keçirilməsi planlaşdırırlır.
 
Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Bu mərhələdə  27 500-dən çox şagird iştirak edib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanıb.
 





12.03.2016    çap et  çap et