525.Az

“Məqsədimiz daha çox gənci əhatə etmək, ideyalarımızı evlərinə qədər daşımaqdır”


 

MÜSAHİBİMİZ GƏNCLƏR ÜÇÜN TƏHSİL MƏRKƏZİNİN GƏNCƏ REGİONAL OFİSİNİN RƏHBƏRİ AYGÜN HƏSƏNZADƏDİR

“Məqsədimiz daha çox gənci əhatə etmək, ideyalarımızı evlərinə qədər daşımaqdır”<b style="color:red"></b>

- Aygün xanım, Gənclər üçün Təhsil Mərkəzinə gəlişiniz barədə bir qədər məlumat verərdiz.

- Gənclər üçün Təhsil Mərkəzi ilə qiyabi tanışlığım 10 ildən artıqdır. O vaxt Mərkəzə rəhbərlik edən şəxslərlə işgüzar münasibətlərimiz formalaşırdı. Mərkəzin fəallığı mənim xüsusi marağımda idi. Düşünürdüm ki, dəvət olarsa, bu Mərkəzdə aparıcı vəzifə tutmaq istəyərəm. Daha sonra elə alındı ki, Gəncə şəhərində  qadın təşkilatlarının birində beynəlxalq bir layihədə koordinator vəzifəsində çalışmağa başladım. Eyni zamanda Samux rayonunda gənclərin təşəbbüs qrupunun təsisçisi oldum. Bunları və qərb regionunda ictimai fəal gənc olduğumu nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi məni əməkdaşlığa dəvət etdi. Beləcə qısa müddət ərzində Mərkəzin Gəncə Regional Ofisinin rəhbəri vəzifəsinə təyin olundum. Bu mənim üçün böyük etimad və şəxsi inkişafım üçün əvəzedilməz fürsət idi. Mən də artıq ölkəmizdə xüsusi dəsti-xətti olan təşkilatın - GTM ailəsinin bir üzvü olmaqdan yalnız  fəxr edirəm. Bir aydan sonra Gəncə Regional Ofisinin rəhbəri olmağımdan 2 il müddət ötəcək.

- Regionda işləmək və bu işə cavabdeh olmaq çətin deyil?

- İlk növbədə gərək öz məsuliyyətini dərk edəsən. Əgər məsuliyyətli, sadiq, işgüzar və öyrənməyə meylli insansa sənin üçün heç bir çətinlik olmayacaq. Sənə göstərilən doğru yolla hərəkət etmək lazımdır.

- Ötən il Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyətə başlamasının 15 ili tamam oldu. Sizin rəhbərlik etdiyiniz Ofisin bu təşkilatın uğurlarında nə kimi payı oldu?

- Mərkəz sözün əsl mənasında 15 il şərəfli bir yol keçdi. Bu illər ərzində Mərkəz gənclərdə Vətənə məhəbbət hissi, elmə, təhsilə, yaradıcılığa maraq oyatdı, gənclərin istəklərinə cavab olaraq, çoxlu  sayda proqram və layihələr reallaşdırdı.

Təbii ki, Gəncə Regional Ofisinin də Mərkəzin uğurlarında rolu az deyildir. Məndən öncə bu Ofisə rəhbərlik edən insanların da ciddi xidmətləri olub və bunlar danılmazdır. Həmin ənənəyə sadiq qalaraq, yenilənmiş komanda ilə biz artıq 2 ildir ki, gənclərə xidmət edirik. Gənclərin maraqlarını özündə ehtiva edən layihələr reallaşdırırıq.

Bu gün Mərkəzin regional ofisləri çoxdur və onların hər birinin fəaliyyət göstərdiyi ərazilərin özünəməxsus xüsusiyyətləri var. Bizim fəaliyyət göstərdiyimiz ərazilərdəki gənclərin marağında olan layihə digər ofislərin əhatə etdiyi gənclərin marağında olmaya bilər. Buna görə biz ilk növbədə gənclərimizin istəklərini öyrənməyə, onların təşəbbüslərinin gerçəkləşməsinə çalışırıq. Elə bu səbəbdən də ətrafımıza xeyli gənc toplaya bilmişik.

Biz uğurumuzu və Mərkəzdəki payımızı layihələrimizin keyfiyyətində, ətrafımızda olan gənclərin fəallığında, təşəbbüskarlığında, sadiqliyində, fəaliyyət göstərdiyimiz ərazilərdə tanınmağımızda, oradakı dövlət və özəl qurumlarla sıx əməkdaşlığın qurulmasında, uzunmüddətli layihələrimizin mövcudluğunda  və s. görürük. Amma bunların heç biri bizə əsas vermir ki, görülən işlərlə kifayətlənək. Biz daha çox gənci əhatə etmək, onların hər birinin kəndinə, məhəlləsinə, hətta evlərinə qədər öz ideyalarımızı daşımaq istəyirik. Bizim qarşımıza qoyulan vəzifə budur.

- Bugünkü gənclərin gələcəyə baxışı necədir?

- Gənclər təşkilatlarına fəal gənclərdən əlavə cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkən, nitq qabiliyyəti zəif olan, öz bilik və bacarığını tam ifadə edə bilməyən  gənclər də qoşulur. İlk başda, onlar fəal olmağa tərəddüd edirlər. Ancaq təşkilatın peşəkar nümayənədləri, təlimçiləri bu gəncləri fəallaşdırmaq üçün onlarla fərdi inkişaf, nitq mədəniyyəti, liderlik və  digər mövzularda təlimlər təşkil edirlər. Beləliklə, gənclər tədricən yeni bacarıqlar əldə edir, maariflənir və cəmiyyətə öz töhvələrini verirlər. Eyni zamanda təşkilatın fəal simalarına çevrilirlər.  Gənclərlə hər gün təmasdayam. Onların problemləri, arzuları ilə yaxından tanışam.  Gənclər daha çox fəallıq nümayiş etdirmək üçün hər zaman  səmimi bir aura, imkan və şərait görmək istəyirlər. Təkcə ölkəmizdə deyil, xarici   tədbirlərdə iştirak etmək, ölkəmizi paytaxt gəncləri kimi layiqincə təmsil etmək istəyirlər.

- Benefisiarlarınız Gənclər üçün Təhsil Mərkəzindən nə kimi xeyir əldə edirlər?

- Biz ölkənin bir çox regionunda uğurlu fəaliyyət göstəririk. Biz peşəkar kadrlar hazırlayırıq, minlərlə fəal gənc yetişdiririk. Verdiyimiz rəylərlə kadrlarımız müxtəlif dövlət və qeyri dövlət təşkilatlarında işə götürülürlər.

Hər il yüzlərlə yaradıcı gənci tapıb, üzə çıxarırıq. Onları cəmiyyətə tanıdırıq. Xeyli sayda gənc üçün müxtəlif təlimlər təşkil edilir, biliklər verilir. Yüzlərlə gənc peşə bacarıqlarına yiyələnir və s.GTM bir imicdir.Bizimlə əməkdaşlıq, tədbirlərimizdə iştirak benefisiarlarımızın qazandığı faydadır.

- Son olaraq, rəhbərlik etdiyiniz qurumun gələcək planları haqqında danışardız.

- Bilirsiniz, Gəncə “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilib. Buna görə biz bu il daha çox gücümüzü bu işə səfərbər edəcəyik. Çünki Gəncə Avropa gənclərinin diqqət mərkəzində olacaqdır. Bu isə Gəncənin timsalında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas olan multikulturalizm ənənələrinin,  ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına əlverişli imkan yaradacaqdır. Hər bir təşkilat kimi biz də bu işdə öz töhfəmizi əsirgəməməliyik.

Təbii ki, göstərilənlərlə yanaşı digər istiqamətlərdə də fəaliyyətlərimizi davam etdirəcəyik. Paralel olaraq, əhatə etdiyimiz digər rayon və şəhərlərin gəncləri ilə ardıcıl işlər aparılacaqdır.  Hədəfimiz fəaliyyət göstərmədiyimiz regionlarda yeni ofislər açmaq, inkişaf etmiş, təhsilli gənclər ordusunun sayını artırmaq, vətənimizə, dövlətimizə layiqli gənclər yetişdirməkdir.

Samirə QULİYEVA

 





12.03.2016    çap et  çap et