525.Az

Onun həyat kredosu - jurnalistika


 

Onun həyat kredosu - jurnalistika <b style="color:red"></b>

Həmin vaxtlar balaca uşaqdım, ibtidai sinfi təzəcə bitirmişdim. Amma o yerləri, doğulduğum və cəmi 10 il yaşadığım yurdu unutmuram, unuda bilmirəm, hər şey sanki canlı bir şəkil kimi gözlərimin qabağındadır.

Yolu da, cığırı da, dağı, təpəsi, dərəsi də... Məktəbimizi divar-divar, kitabxanamızı kitab-kitab, yollarımızı toz-toz əzbər bilirəm. Qonşularımız adam-adam, qəbiristanlığımız məzar-məzar yaddaşımın dərin qatlarında kök salıb.

Unutmadığım həm də kəndimizin mehriban, üzü təbəssüm dolu insanlarıdı. Şənlikləri, toyları bir ayrı aləm olan insanlar... Qış tədarükünü birgə edib, yay işlərini bərabər görən insanlar... Xeyirdə-şərdə bir yerdə olan, bir-biriylə dalaşmayan, bir-birinin xətrinə dəyməyən insanlar... Bir evin işığına həm də o biri evi isidən insanlar...

Tale onları pərən-pərən etsə də ayıra bilmədi, xeyir-şərdə həmişə bir yerdə oldular, bir oldular... Bəlkə də o yerlərin havası, suyu, təbiəti, sadiq qaldıqları adət-ənənələri, toylarının şahı olan Agbaba yallısı,  qayınana-qayınata “güləşməsi”, ən əziz yeməkləri olan xaşıl, əriştə plovu, əvəlik, əppək aşı, halva, hastaları ayırmadı bu insanları. Təbii ki, həm də ziyalıları və ziyalılığı.

Bu gün həmin ziyalılardan biri haqqında bəhs etmək istəyirəm. Buna haqqım çatır, yaxud çatmır, bilmirəm. Amma bircə onu bilirəm ki, o və təmsil etdiyi Alməmmədlilər nəsli ən gözəl sözlərə, ən isti münasibətə layiq insanlardır. Bunu təkcə böyüklərimdən yox, bütün kənd, rayon camaatından eşitmişəm. Onu da eşitmişəm ki, o, gənclərin təhsilə və elmə yiyələnməsi üçün bütün var-qüvvəsini səfərbər etməklə yanaşı, təmsil etdiyi ziyalı nəslinin layiqli davamçısı və ziyalılığın qədrini bilən bir insan kimi adını tarixə və ən əsası ürəklərə yaza bilib. Bəlkə də tarixi silmək, dəyişmək olur, amma ürəyə əl dəymək mümkün deyil. Başqalarının ürəyində yaşamaq, başqalarının ürəyində torpağın qoynuna köçmək necə gözəldir.

Qərbi Azərbaycanın Amasiya rayonunun, Qaraçanta (Əzizbəyov) kəndinin ziyalı və işıqlı insanlarından olan və ömrünün müdriklik çağını yaşayan Əsgər Əsgərov kənddən şəhərə böyük ümidlərlə gəlmişdi, arzusu yalnız təhsil alıb, özünü yetişdirmək yox, yenidən doğma kəndinə qayıdıb gənc nəslin savadlı, yetkin, bitkin, işıqlı və aydın olmasına çalışmaq idi. Gedib-gəldiyi uzaq Amasiya-Bakı yolunda da, Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığı 5 il müddətində də, hətta hər semestrin qısamüddətli səfərlərində də o, bu ali məqsəd barədə düşünürdü.

Gənclərin maariflənməsi, təhsilli olması Əsgər müəllimin ən böyük arzusu olub. Bu arzu ilə o, öz təhsilini başa vurub, rayona qayıdıb. 1960-cı ilin isti yay günlərinə və bir qədər sonra sərin payızına sevinən təkcə Əsgər müəllim deyildi, bütün kənd və Yeniyol camaatı idi. Kəndə daha bir savadlı və intellektli kadr, müəllim - atası Fərhad Əsgərovun yolunu davam etdirən Əsgər müəllim gəlmişdi. Yaşının az olmasına baxmayaraq, bənzətmə və təsvirləri ağır yerişi və təmkinli danışığı qədər şirin idi. Hamının sevgisini qazanmışdı Əsgər müəllim. İllər sonra respublikanın ən tanınmış şəxsləri olan insanlarını yetişdirmişdi. Gəlişi kimi, gedişi də təsirli olmuşdu. Gənc filoloqun müəllim kimi fəaliyyətinə Amasiya rayon qəzeti - “Kolxozçu tribunası” “son qoymuşdu”. Bəlkə də buna son da demək olmazdı, bəlkə də başlanğıc idi. Ölüm başqa bir həyatın başlanğıcı olduğu kimi Əsgər müəllim də başqa bir sahəyə - jurnalistika ilə həyatına və həyatımıza yeni rəng qatdı.

Bir-birindən maraqlı, oxunaqlı yazıların müəllifi olan Əsgər müəllimin filoloji təfəkkür sahibi kimi qələmə aldığı yazılar və çoxlarının qibtə etdiyi jurnalistlik fəaliyyəti hamının yaxşı yadındadır. Bu elə bir başlanğıc idi ki, onu Komsomola katibliyə qədər, oradan da “Sovet Ermənistanı” qəzetində şöbə müdiri və məsul katib vəzifəsinə qədər aparacaqdı. Təbii ki, söhbət sadəcə, vəzifədən getmir, o, Yerevanda yaşadığı 20 il müddətində zaman-zaman yazdığı yazılarda milli kimlik məsələsini də qoyacaqdı. Buna görə cəzasını da alacaqdı, amma öz ağıl və zəkası, filoloq yanaşması, bənzərsiz təfəkkür tərzi ilə ən ağır vəziyyətlərdən çıxacaqdı. Aylar ötüb, illər keçəcək, amma Əsgər müəllim tutduğu yoldan, əqidəsindən dönməyəcəkdi. Bakıya köçdükdən sonra da jurnalistlik fəaliyyətinə ara verməyəcəkdi... Və bütün bunlarla yanaşı, deyərdim ki, ən əsası hamıya əl tutacaq, yaxşılığından qalmayacaqdı.

Ömrünün gənc yaşından heyrətləndirə-heyrətləndirə müdriklik yaşında çatmış, 80 illik ömrün hesabatından alnı açıq, üzü ağ çıxmış, soyadı və nəslinin ənənələrinə həmişə sadiq qalmış, əziz Əsgər müəllim, doğum gününüz mübarək olsun...

Pərvanə YƏHYAQIZI

 





12.03.2016    çap et  çap et