525.Az

Çerkas Milli Universitetinin rektoru BSU-da


 

Çerkas Milli Universitetinin rektoru BSU-da<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Ukraynanın Boqdan Xmelniçski adına Çerkas Milli Universitetinin rektoru, professor Aleksandr Çerevkonı qəbul edib.

BSU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən regionda unikal slavyanşünaslığın mərkəzi kimi yaradılmış BSU-da slavyan ölkələri, o cümlədən Ukraynaşünaslıq üzrə mütəxəssis hazırlanır.

Rektor qeyd edib ki, BSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir.

Universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə söz açan Asif Hacıyev vurğulayıb ki, BSU tərəfindən Moskva Dövlət Linqvistik və Kiyev Linqvistik universitetləri, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Ural Federal Universitetində və başqa universitetlərdə Azərbaycan tədris və mədəniyyət mərkəzləri yaradılıb və fəaliyyət göstərir.

Asif Hacıyev xüsusən vurğulayıb ki, Bakı Slavyan Universitetinin Çerkas Milli Universiteti ilə sıx əməkdaşlığı mövcuddur.

Belə ki, BSU-nun ukraynaşünas tələbələri ənənəvi olaraq həmin universitetdə dil təcrübəsi keçirlər. Rektor BSU-nun təşkilatçılığı ilə Çerkas Milli Universitetində də Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.

Bakı Slavyan Universitetində olmaqdan məmnunluğunu dilə gətirən professor Aleksandr Çerevko bu universitetlə əlaqələri genişləndirməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirib.
 
Çerkas Milli Universitetinin fəaliyyətindən danışan qonaq qeyd edib ki, bir sıra ixtisaslarla yanaşı universitetdə rus, ingilis, polyak, alman dilləri də tədris edilir, çin və fransız dilləri üzrə tərcüməçilər hazırlanır.

A. Çerevko BSU-da Ukrayna tədris və mədəniyyət mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bu mərkəzin nəzdində fəaliyyət göstərən Ukrayna bazar günü məktəbinin əhəmiyyətini vurğulayıb. Çerkas Milli Universitetində Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini müsbət qarşılayıb.

Sonra Aleksandr Çerevko BSU-nun Ukrayna tədris və mədəniyyət mərkəzində ukraynaşünas tələbələrlə görüşüb, azərbaycanlı gənclərin Ukrayna dilini mükəmməl mənimsəməsinin təqdirəlayiq olduğunu bildirib.

Rektor tələbələrin Çerkas Milli Universitetində magistratura təhsili almaları üçün lazımi dəstək gösətərəcəyini deyib.

Görüş çərçivəsində BSU və Çerkas Milli Universiteti arasında yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.

 





14.03.2016    çap et  çap et