525.Az

Anardan aldığım məktublar


 

Anardan aldığım məktublar<b style="color:red"></b>

Yazıçı Anar Şuşada yaradıcılığa başlayanda, ilk hekayələrini yazanda 1952 -ci il idi və mən yenicə doğulmuşdum.

Onun “Keçən ilin son gecəsi”, “Bayram  həsrətində”, “Gürcü familiyası” hekayələrini, “Ağ liman”, “Molla Nəsrəddin - 66” kitablarını oxuyanda isə yeniyetmə idim, cəmi on beş  yaşım var idi. Şamaxı ədəbi mühitinə qaynayıb qarışmışdım, hətta tez-tez “Gənc Sabirçilər” ədəbi məclisinə gələn Rəsul Rza, Əzizə Cəfərzadə,  Məsud Əlioğlu, Tofiq Bayram kimi ustadların qarşısında ilk qələm  təcrübələrimi oxumağa da cəsarətim çatırdı.
 
Görkəmli yazıçılarımız çox idi, amma elə bir dövr idi ki, hamı Anarın yazdıqlarını oxuyur, hamı Anardan danışırdı. Qürbət Əziz, Güləli Rəsul, Məmmədəli Nasir, Etibar  Etibarlı, Süleyman Zərbəliyev, Tahir Taisoğlu, Heybət Hörmət, Tahir  Ələkbərli, Əmir Rüstəmoğlu, Sədi Fətəlizadə, Nadir Mərzəngəli... boş vaxt  tapan kimi M.Ə.Sabir adına mərkəzi kitabxanaya, Mədəniyyət sarayına, “Yeni Şirvan” qəzetinin redaksiyasına, yaxud şəhər mərkəzindəki bağın çayxanasına yığılar, Anardan danışardıq.

Ədəbiyyatımızda Anar dövrü  başlanmışdı. Yeni doğulan oğlan uşaqlarına Anar adı qoyurdular... Anar isə yazırdı: “Asılqanda işləyən qadının söhbəti”,  “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Yaxşı padşahın nağılı”... Bütün  oxucular xoşbəxt idilər. Mən isə ikiqat xobəxt idim, çünki Anar təkcə  gözəl əsərlər yazmırdı, həm də mənə... məktublar yazırdı. Əyalətdə yaşayan, orta məktəbi yenicə bitirən, yaradıcılığa meyl göstərən bir gənc üçün bundan böyük xoşbəxtlik ola bilərdimi?!

Bu günlərdə  Anarın 45 il əvvəl mənə yazdığı məktubları bir də oxudum. Bəzisi qısadır, iki-üç cümlə ilə hansısa sualıma cavab verib. Bəzisi  genişdir, yaradıcılığımın ilk cücərtiləri haqqında fikir söyləyib. Hər  cümləsi səmimidir, hər sözü adama ümid verir, ruhlandırır...

Bu  gün Anar dünya şöhrətli yazıçıdır, görkəmli ictimai-siyasi xadimdir,  hər birimizin fəxr elədiyimiz şəxsiyyətdir. Mən də Anardan məktublar  alan yeniyetmə Məzahir deyiləm, 140 illik mətbuat tariximizdə iki milyon tirajla qəzet buraxan yeganə redaktoram, çoxlu kitabım nəşr olunub.  Əgər bunlar uğur sayılırsa, bu uğur öz başlanğıcını Anarın  məktublarından, məsləhətlərindən götürüb...

Məzahir SÜLEYMANZADƏ

 





14.03.2016    çap et  çap et