525.Az

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq


 

“Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq<b style="color:red"></b>

Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni İşçi Qrup yaradılıb.

Bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin matın 14-də keçirilən iclasında bildirilib.

Sözügedən komitənin sədri, akademik İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Məktəbəqədər təhsilin dövlət standartları və proqramı” və Təhsil Nazirliyi tərəfindən hazırlanan, həmçinin, hökumət tərəfindən təsdiqlənən “Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi” adlı sənədlər ilə tənzimlənir.
 
Onun sözlərinə görə, yeni layihəyə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək.
 
İ.Həbibbəyli qeyd edib ki, “Təhsil haqqında” qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib:

"Lakin “Təhsil haqqında” qanun çərçivə qanun olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və sair  öz əksini tapıb".

Komitə sədri əlavə edib ki, “Təhsil haqqında” qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.  

Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələrinin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib.

Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır: 

“Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də MM-in müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədə təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik.

Məktəbəqədər təhsil müəssisələrinin idarəedilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik”

. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan İ.Həbibbəyli deyib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri-görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var.
 
İ.Həbibbəyli bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin tabeciliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi bu qanunun predmeti deyil.

Sözügedən komitənin sədr müavini Bəxtiyar Əliyev də belə bir qanun layihəsinin hazırlanmasının və qəbulunun vacib olduğunu söyləyib.

B. Əliyevin qeyd etdiyinə görə, bu məsələ bütövlükdə dövləti və cəmiyyəti geniş şəkildə düşündürür:

"Ona görə bu yöndə qanunun hazırlanması və qəbulu olduqca əhəmiyyətlidir".

Komitə sədrinin müavini həmçinin, Azərbaycan iqtisadiyyatının 85 faizinin özəl sektorun payına düşdüyünü deyərək, özəl sektoru məktəbəqədər təhsil müəssisələrinin yaradılması və təminatı məsələsinə diqqət göstərməyə çağırış edib:

"Bu məsələni təkcə dövlətin üzərinə də atmaq düzgün deyil.  Özəl sektor da bu məsələdə fəal olmalı, addımlar atmalı, prosesə töhfə verməlidir".


Komitənin digər  üzvü Sona Əliyeva da öz növbəsində belə bir sənədin hazırlanması və qəbulunu müsbət addım kimi dəyərləndirib.
 
Bununla yanaşı, millət vəkili dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda məktəbəqədər təhsilin, xüsusilə, baxça təhsilinin 3 yaşdan deyil, daha tez başlanmasının məqsədəuyğunluğnu ifadə edib.

"Məsələn, Finlandiyada məktəbəqədər təhsilə 9 aylığından başlanır. Bizdə də gələcəkdə bu məsələyə baxmaq və onu nəzərə almaq olar. Həmçinin, bu ölkədə məktəbəqədər təhsilə cəlbolunma 60 faizdir, Azərbaycanda isə bu göstərici xeyli aşağıdır.

Eyni zamanda, orada 5 yaşdan 6 yaşa kimi məktəbəqədər hazırlığa cəlbolunma faizi 98 fiazidir. Yəni, orada uşaq baxçalarına cəlbolunma ilə bağlı icbarilik tələb olunmasa da, amma məktəbəqədər təhsilə hazırlığa cəlbolunma icbari xarakter daşıyır. Bizdə də bu praktikadan istifadə oluna bilər. İnsanları narahat edən bir məsələ də var. Bizdə belədir ki, 6 yaş tam olan kimi uşaq məktəbəqədər təhsil müəssisəsindən kənarlaşdırır və xüsusilə, işləyən, əmək qabiliyyətli valideynlər çətinlik qarşısında qalır.
 
Elə bilirəm ki, bu məsələnin də həlli tapılmalıdır, uşaqlar sonacan, orta məktəbə gedənəcən məktəbəqədər təhsil müəssisələrində qalmalıdır. Bununla yanaşı, insanlarımızın bir çoxu gecə növbələrində işləyir və bu zaman uşaqların təlim-tərbiyəsi məsələsində problemlər yaranır. Odur ki, gecə növbələri ilə də bağlı məktəbəqədər təhsil müəssisələrinin yaradılması haqqında düşünülməlidir"- deyə, S. Əliyeva fikirlərini tamamlayıb.

"Azərbaycanda uşaqların məktəbə hazırlıq təhsilinə cəlb göstəricisi 2020-ci ilə qədər 90 faizə çatdırılmalıdır".

Bunu isə Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov  deyib.

Onun sözlərinə görə, hazırda ölkədə uşaqların məkətəbəqədər təhsilə cəlb faizi digər ölkələrə nisbətən aşağıdır.

Nazirlik rəsmisi qeyd edib ki, təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əlçatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbə hazırlıq təhsilinin əhəmiyyəti müstəsnalıq kəsb edir:

"Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır. Uzun müddət məktəqədər təhsili eyni format əsasında qurmuşuq, başqa növlərə ciddi diqqət yetirilməyib. Bölgələrdə və ucqar kəndlərdə məktəqədər təhsil müəssisələrinin hazırlığı lazım olan səviyyədə təşkil edilə bilmir.

Bu baxımdan, qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və buna maddi vəsait ayırmaq ehtiyac da yoxdur”.

A.Əhmədov həmçinin deyib ki, özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik:
 
“Buna rəvac verməliyik. Çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraitinin olması lazım deyil.  Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Amma ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır..."

Kamil HƏMZƏOĞLU

 





14.03.2016    çap et  çap et