525.Az

Devid Harris ADU-nun fəxri doktoru adına layiq görüldü


 

Devid Harris ADU-nun fəxri doktoru adına layiq görüldü<b style="color:red"></b> Martın 14-də Amerika Birləşmiş Ştatlarının aparıcı yəhudi təşkilatlarından biri olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee/AJC) icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.
 
Universitetdən verilən məlumata görə, görüşdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonağı universitetdə görməkdən məmnunluğunu bildirib və belə görüşlərin ölkələrimiz arasında olan təhsil əlaqələrin inkişafına töhvə verəcəyinə əminliyini ifadə edib. Dillər Universitetinin yaranması, tarixi və beynəlxalq əlaqələri haqqında geniş məlumat verən professor D.Yunusov universitetdə 22 dilin tədris olunduğunu, eyni zamanda müxtəlif fakültələrin fəaliyyət göstərdiyini sözlərinə əlavə edib.

Universitetin beynəlxalq əlaqələrindən danışan D.Yunusov ADU-da 17 ölkənin dil və mədəniyyət mərkəzlərinin, o cümlədən Yaxın Şərq və İsrail Araşdırmaları mərkəzinin mövcud olduğunu vurğulayıb. Yaxın Şərq və İsrail Araşdırmaları mərkəzinin tarixi, fəaliyyəti haqqında ətraflı məlumat verən professor Dünyamin Yunusov adıçəkilən mərkəzin təşkilatçılığı ilə bir sıra yəhudi bayramlarının, o cümlədən bu yaxınlarda “Xanuka”nın universitetdə geniş şəkildə qeyd olunduğunu bildirib.

O, ADU-nun dünyanın müxtəlif ölkələrinin, o cümlədən Avstriya, Belçika, Fransa, İtaliya, Hindistan, İsrail, İspaniya, Russiya, ABŞ-ın ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyib. Bundan əlavə universitetin Avropa Birliyinin bir sıra layihələrində, o cümlədən TEMPUS və ERASMUS MUNDUS layihələrində iştirak etdiyini sözlərinə əlavə edib. D.Yunusov amerikalı tələbələrin ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak etdiyini nümayəndə heyətinin diqqətinə çatdırıb, eyni zamanda universitetdə müxtəlif dil kurslarının fəaliyyət göstərməsindən söz açıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ADU-da olmaqdan şad olduğunu bildirib. Başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim edən qonaq Azərbaycan və ABŞ arasındakı əlaqələrdən, həmçinin Azərbaycan və yəhudi xalqları arasında mövcud olan münasibətlərin dərinləşməsindən söhbət açıb. Azərbaycanın tolerant ölkə olduğunu bildirərək digər dinlərə hörmətlə yanaşdığını söyləyib. Bundan əlavə o, təhsil əlaqələrinin genişləndirilməsi fonunda öz fikirlərini bölüşüb.

Sonra universitetin İnformasiya Resurs Resurs Komplesində Devid Harris universitetin Elmi Şurasının qərarı ilə ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə ADU-nun fəxri doktoru adına layiq görülüb. Professor Dünyamin Yunusov ADU-nun fəxri doktoru diplomunu qonağa təqdim edib və universitetin fəxri doktorları sırasında Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İsrailin sabiq prezidenti Şimon Peres və Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypolun da olduğunu söyləyib.

Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ADU-nun fəxri doktoru diplomuna layiq görülməsindən çox məmnun olduğunu bildirib.

Sonda qonaq universitetin xatirə dəftərinə öz ürək sözlərini yazıb.

Görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksi, eyni zamanda İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi ilə yaxından tanış olub.

Qeyd edək ki, Devid Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında “Dostluq ordeni” ilə təltif olunub. O, eyni zamanda Davosda Dünya İqtisadi Forumu daxil olmaqla ən prestijli forumlarda iştirak edib, transatlantik partnyorluqda müvəffəqiyyəti və insan hüquqlarının müdafiəsində beynəlxalq cəhdlərinə görə Azərbaycan, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Latviya, Polşa, İspaniya və Ukrayna dövlətləri tərəfindən təltif olunub.

Vəfa MƏMMƏDLİ
 





14.03.2016    çap et  çap et