525.Az

Albert Eynşteynin doğum günüdür


 

Albert Eynşteynin doğum günüdür<b style="color:red"></b>

Bu gün dünya şöhrətli alim, nəzəriyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, ictimai xadim Albert Eynşteynin doğum günüdür.

Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniyada yəhudi aliəsində doğulub. Eynşteyn 3 yaşına qədər danışa bilməyib, ilk məktəb illərində dərslərdə çox geridə qalıb. Həmişə müəllimləri onun valideynlərinə Albertdən şikayət edib. 9-10-cu siniflərdə isə çox yaxşı oxuyub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalişmağa başlayıb. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.

İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində fəxri doktor dərəcəsini almağa haqq qazandırır.

Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.

Nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin Kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.

1999-cu ildə "Time" jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.

Ulmda dünyaya gələn Albert Enşteyn 1880-cı ildə ailəsi ilə birlikdə Münhenə köçmüşdür. Münhendə atası Herman Enşteyn və əmisi Cakob elektrik şirkəti qurdular. Anası Paulina Enşteyn istedadlı pianoçu idi. Onun özündən yaşca kiçik Maya adında bacısı var idi. Məktəbə getməzdən əvvəl danışmaqda çətinlik çəkdiyinə görə Alberti anası və atası həkimə aparmışdılar.

Dörd yaşında xəstə olarkən atası onu əyləndirmək üçün ona maqnitli kompas verir. Hətta bu yaşda kompasın əqrəbinin hərəkəti onda böyük maraq oyatmışdı.

Herman və Paulina Enşteyn Yəhudi əsilli, lakin dindar olmayan ailə idilər. Dini əməllərdən daha çox uşaqlarının təhsillərini düşünürdülər. Albert beş yaşında olarkən onu daha yaxşı təhsil verdiyini düşündükləri Katolik Xristian məktəbinə yazdırırlar. Bundan sonra Albert buradakı kəskin qanunlardan narahat idi, lakin buna baxmayaraq həmişə yüksək qiymətlər alırdı.

Anası Paulina uşaqlarının kiçik yaşlarından musiqiyə ələd olmasını istəyirdi. Buna görə Alberti skripka, Mayanı isə piano dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başladı, on dörd yaşına qədər davam etdi. Motsartın əsərlərini çox bəyənir və onun sonatalarını çala bilmək üçün çox məşqlər edirdi.

Albert doqquz yaşı olarkən Katolik məktəbindən çıxır və təhsilini Luitpold Gimnaziyasında davam etdirir. Gimnaziya Antik Yunanca və Latıncaya böyük önəm verirdi. O burada Latın dili və riyaziyyat dərslərində ən yüksək qiymətləri alırdı. Gimnaziya orta məktəbdən daha möhkəm qaydalara tabe idi, buna görə Albert tez-tez müəllimlərlə mübahisə edir, müəllimlər isə onun azad və üsyankar xarakterini bəyənmirdilər.

Albertin ailəsi köhnə yəhudi ənənəsi olaraq həftədə bir gün kasıb bir tələbəni şam yeməyinə dəvət edirdilər. Maks Talmud adında yoxsul tələbənin onların evinə ziyarəti Alertin on yaşı olarkən başlamış və beş il davam etmişdi. Albert bu tələbə ilə söhbət etməkdən həzz alırdı, Talmud isə qısa vaxtda onun adi uşaq olmadığını başa düşmüşdü. On üç yaşı olarkən Talmudun gətirdiyi Emanuel Kantın kitabını oxumuş və onu başa düşməkdə qəti çətinlik çəkməmişdi.

On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayır. Bu dövrdə Albert dinə dərin meyl duymağa başlayıb, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirib. Lakin dinə olan marağı uzun çəkməyib. Bir il ərzində oxuduğu elmi kitabların dinlə uyğun olmadığını görüb və bütün dini qaydalara şübhə ilə yanaşmağa başlayıb.

1891-ci ildə əmisi Cakob ona cəbr kitabı gətirmişdi. Həmin il Albert Pifaqor teoreminin alternativ isbatını yaradıb. On altı yaşı olarkən isə öz ağlı sayəsində diferensial və inteqral hesablamalar ilə analitik geometriyanı öyrənib.

1894-cü ildə 14 ildən sonra Albertin atası və əmisinin açdığı şirkət iflasa uğrayıb. Buna görə hər iki ailə İtaliyaya getmək qərarına gəldilər. Ailəsi Albertin Münhendə qalıb təhsilini tamamlamasına qərar veriblər. Albertin gimnaziyanı bitirməsinə hələ üç il qalmışdı, lakin üç ay Münhendə tək qaldıqdan sonra ağır depressiv hal yaşamağa başlayır. Həkimdən sinir sistemində olan gərginlik səbəbi ilə arayış alıb, gimnaziyadan tərk edərək İtaliyaya ailəsinin yanına gedib.

Təhsilini yarıda qoyan Albert ailəsinə Federal Politexnik Məktəbinə daxil olmağa söz verib. Həmin məktəb diplom tələb etmədiyi üçün ondan yalnız imtahandan uğurla keçmək tələb olunurdu. İtaliyada yaşamaq Albert üçün çox rahat idi. O, burada çoxlu muzey, qalereya gəzirdi.

Albert Enşteyn militarizm və məcburi hərbi xidmətə də xoş münasibət bəsləməyib. Atasına alman vətəndaşlıından çıxıb isveçrə vətandaşı olmaq istədiyini bildirib. Atası tərəddüd etsə də lazım olan sənədləri imzaladı. 1896-cı ildə alman vətəndaşlığından çıxması haqqında sənədi əldə etsədə, 1901-ci ilə kimi isveçrə vətəndaşı da ola bilmədi və beş il müddətində heç bir yerə aid olmadan yaşayıb.

1895-ci ildə Politexnikə imtahan verdi. Bura imtahan vermək üçün on səkkiz yaşından böyük olmalı idi, lakin on altı yaşında olduğuna görə imtahan verə bilmək üçün xüsusi icazə sənədi alıb. Enşteyn atasının tövsiyyəsinə uyun olaraq mühəndislik bölümünə imtahan vermişdi. Riyaziyyat və fizikadan yüksək qiymətlər almasına baxmayaraq digər fənnlərdən yaxşı nəticə əldə etməmişdi. Politexnikin müdiri onun potensialını görüb İsveçrə məktəblərindən diplom alıb yenidən imtahan verməsini tövsiyyə etmişdi. Ailəsi bu tövsiyyəni qiymətləndirərək onu İsveçrə məkətblərindən birinə göndərirlər. Məktəbdəki təhsil mühiti onun xarakterinə çox uyğun idi, bütün imtahanları uğurla verərək 1896-cı ildə məktəbi bitirib.

Məzun Enşteyn lazım olan yaşdan altı yaş kiçik olmasına baxmayaraq Politexnikə qəbul olunub. Gələcək həyat yoldaşı, serbiya əsilli Mileva Maric ilə də burada tanış olur. Mileva bir il əczaçılıq oxuduqdan sonra fizika bölümündə təhsil almağa başlamışdı. Aralarında məhəbbət münasibəti yaranan bu gənclər təhsillərinin son ilində evlənməyə qərar verirlər. Onlar çox vaxt birlikdə fizika, kitablar haqqında söhbətlər edirdilər.

Enşteyn təhsilinin üçüncü ilində professor Henrik Veberin elektortexnika laborotoriyası dərsini alır. Burada o həm də özünün icad etdiyi yenilikləri də sınaqdan keçirirdi. Veberə qarşı olan dikbaşlığının nəticəsi olaraq müəllimi məzuniyyətdən sonra onun universitetdə akademik pozisiyaya keçməsinə mane olmuşdu.

1899-cı ildə Albert universitetdən fizika diplomu ilə məzun oldu. Elmi fəaliyyətini davam etdirmək üçün universitetdə iş tapmaq istəsə də, təhsil müddəti ərzində üsyankar xarakterinə görə müəllimləri tərəfindən sevilməyən Enşteyn heç bir nəticə əldə edə bilməyib. On səkkiz ay axtarışdan sonra Marsel Qrossmanın köməyi ilə patent ofisində işləməyə başlayıb.

1908-ci ildə Albert Enşteyn artıq məşhur alim olaraq tanınırdı və Bern Universitetində müəllim kimi işləyirdi. Ondan sonrakı ildə isə patent ofisindəki işindən və müəllimlikdən çıxaraq Sürix Universitetində fizika dosentliyinə başlayıb. 1911-ci ildə Praqada Karl-Ferdinand Universitetində professor adını alıb. 1914-cü ildə Almaniyaya qayıdıb, Kaiser Vilhelm Fizika İnstitunda idarəçi, Berlin Humbolt Universitetində isə professor olub. Bu işlərindəki müqavilələrdə onun müəllimlik fəaliyyətini məhdudlaşdıran çoxlu sayda maddələr var idi. 1921-ci ildə Nobel Fizika Mükafatına layiq görülüb. Mükafat fotoelektrik təsirin izah olunması səbəbi ilə verilmişdi.

1933-cü ildə Amerikada universitetləri ziyarət edərkən Alman hökümətinin yəhudiləri müəllimlik daxil olmaqla bütün rəsmi mövqelərdən məhrum etdiyini öyrənib. Bir ay sonra nasistlər kitab yandırma kampaniyasına başladılar və Enşteynin də kitabları onların arasında idi. Bu səfərdə Enşteyn artıq Almaniyaya geri qayıtmayacağını açıqlayıb. 1933-cü ilin mart ayında Avropaya qayıdarkən bir neçə ay Belçikada qalıb. Daha sonra müvəqqəti olaraq İngiltərəyə səfər edib. Həmin il ABŞ-a köçmək qərarına gəlib. Burada müxtəlif nüfuzlu universitetlərdə öz fəaliyyətini davam etdirib. 1955-ci ilə kimi, yəni ölümünə qədər burada yaşayıb.

1939-cu ildə fizik olan macar elm xadimi Leo Slizardın da daxil olduğu qrup nasistlərin atom bombası araşdırması aparması haqqında Vaşinqtona xəbərdarlıq edib. Lakin qrupun xəbərdarlığına ciddi yanaşılmayıb.
Enşteyn nüfuzundan istifadə edərək bu məsələ ilə bağlı Ruzveltə məktub göndərib. Bu xəbərdarlıq ABŞ-a nüvə silahını inkişaf etdirməsi üçün təkanverici qüvvə olub. Nəticədə ABŞ nüvə silahı yarada bilən yeganə ölkəyə çevrilib.

1954-cü ildə ölümündən bir il əvvəl Albert Enşteyn dostu Linus Paulinqə belə demişdi: “Həyatımda yalnız bir böyük xəta etdim. Prezident Ruzveltə atom bombası tövsiyyəsini vermək. Amma onun da səbəbi vardı. Almanların bunu daha əvvəl etmək təhlükəsi.”

18 aprel 1955-ci ildə Albert Enşteyn daxili qanaxma keçirib. İsrailin yaranmasının yeddinci ildönümü münasibəti ilə televiziya üçün çıxış mətni hazırlaan alim bu işini tamamlaya bilmədən vəfat edib. Enşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina edib:
 
“İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdır və bunu nəzakətli şəkildə etmək istəyirəm.” 76 yaşında Priston xəstəxanasında vəfat edib.

Enşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi olub. Harvey cəsədi yandırmaq üçün hazırlayıb, beynini isə gizlədərək özü ilə evə aparıb.

Beyni oğurlanan Enşteynin ailəsi şoka düşüb. Hökümət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etməyib. Buna görə onu işdən çıxarıblar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkib. Enşteyinin bədəninin qalan hissəsi isə yandırılaraq külləri yerə səpilib.

Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edilib və belə nəticəyə gəlinib ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Priston xəstəxanasına qaytarılıb və Hervey bundan üç il sonra özü də vəfat edib.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





14.03.2016    çap et  çap et