525.Az

Elmlər doktorunun dərs vəsaitinin təqdimatı keçirilib


 

Elmlər doktorunun dərs vəsaitinin təqdimatı keçirilib<b style="color:red"></b>

İdrak liseyində pedaqoji elmlər doktoru, liseyin təsisçisi, professor Mönsüm Alışovun yenicə çapdan çıxmış "Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

Tədbirdə tanınmış elm xadimləri, təhsil ekspertləri, məktəb direktorları və ümumtəhsil məktəblərinin müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov kitabın üstün xüsusiyyətlərindən bəhs edərək, liseyin təhsil sahəsində qazandığı uğurlardan, buradakı təhsilin səviyyəsindən söz açıb. Onun bu yaxınlarda işıq üzü görmüş "Tədris prosesində elektron lövhə və elektron laborator proqramlarından istifadə" adlı dərs vəsaiti interaktiv lövhə ilə işləyən müəllimlər üçün yazılan və yazılacaq vəsaitlərin pioneri adlandırıb. Professor qeyd edib ki, sürətli informasiya əsrində yaşadığımızdan yeni nəslin öyrətmə imkanları günü-gündən genişlənir və bu sahədə bələdçilik məktəbin, müəllimin öhdəsinə düşür.

Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev, təhsil eksperti Nadir İsrafilov, 126 nömrəli tam orta məktəbin direktoru Şəmsi Qocayev, kitabın redaktoru, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov M.Alışovun bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək vəsaitin məktəb və müəllimlər üçün əhəmiyyətini qeyd ediblər.

Sonda liseyin müəllimləri ümumtəhsil məktəblərinin fizika, kimya, biologiya, riyaziyyat fənləri üzrə laboratoriya mövzularını virtual şəkildə, interaktiv lövhədə nümayiş etdirib, dərs prosesində lövhədən istifadənin geniş imkanlarından danışıblar.

Vəfa MƏMMƏDLİ

 





15.03.2016    çap et  çap et