Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 24 il ötüb.
Bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib.
Daxili işlər naziri Ramil Usubov çıxışında ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin peşə bayramı münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Nazir "Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir" deyən Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar və mobil bir quruma çevrildiyini məmnunluqla xatırladıb.
Ramil Usubov vurğulayıb ki, bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısının, tələb və göstərişlərinin nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir: "Ulu Öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən möhtərəm dövlət başçımızın Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkəmizin rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır".
Bildirilib ki, məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə tam təchiz edilib. 2011-ci ildə Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb yaradılıb. Bu ali diqqət və qayğı isə hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir.
O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyə Jandarm Təşkilatı ilə sıx əməkdaşlıq edir. Bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunlarda xidməti-döyüş fəaliyyəti və kadr hazırlığı işi müasir tələblərə uyğun qurulub. Nazir əldə edilmiş uğurlarda böyük rolu olan türk həmkarlarımızın danılmaz əməyini, təmənnasız yardımlarını xüsusi qeyd edərək, dost və qardaş dövlətin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Daxili işlər naziri Qoşunların özünün ən müqəddəs missiyasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında gördüyünü və bu gün onun bərpası uğrunda hərbi əməliyyatlara tam hazır olduğunu, bu missiyanın uğurla həyata keçirilməsi üçün şəxsi heyətin Silahlı Qüvvələrlə birgə hərbi təlimlərdə mütəmadi iştirak etdiyini diqqətə çatdırıb.
Çıxışının sonunda nazir R.Usubov daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup hərbi qulluqçunu dövlət mükafatları ilə təltif edən prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ölkə başçısını əmin edib ki, "Vətənin əsgəri" adını daim uca tutan Qoşunların şəxsi heyəti bundan sonra da müstəqilliyin və sabitliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək, öz şanlı ənənələrini qoruyub saxlayaraq inkişaf etdirəcək, döyüş hazırlığını daim artıracaq, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Prezidentə sədaqətli xidmətini davam etdirəcək.
Daha sonra Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı, həmçinin, daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri İlham Əliyevə müraciət qəbul olunub.
çap et