525.Az

Ankara terrorunun arxasında hansı qüvvələr dayanıb?


 

"SON BEŞ AY ƏRZİNDƏ PAYTAXT ANKARADA ÜÇ TERROR AKTININ TÖRƏDİLMƏSİ BUNUN SİYASİ MESAJ XARAKTERİ DAŞIDIĞI EHTİMALINI YARADIR"

Ankara terrorunun arxasında hansı qüvvələr dayanıb?<b style="color:red"></b>

Martın 13-ü Ankaranın "Kızılay" meydanı yaxınlığında törədilən terror aktı Azərbaycan ictimaiyyətində də böyük sarsıntıya səbəb olub. 34 nəfərin öldüyü, 125 nəfərin isə yaralandığı bu ağır faciə, dəhşətli terror aktı son 5 ay ərzində Ankarada törədilən üçüncü belə hadisədir.
 
Əksər yerli ekspertlər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakıya rəsmi səfərə hazırlaşdığını nəzərə alaraq bu terror aktının hansı terror şəbəkəsinin üzvləri tərəfindən törədilməsindən asılı olmayaraq hadisənin sifarişini iki qardaş ölkənin birgə düşmənlərinin verdiyi qənaətindədirlər. Xatırladaq ki, bundan əvvəlki terror aktı da Türkiyə dövlət başçısının Bakıya nəzərdə tutulan səfəri ərəfəsində baş vermişdi ki, buna görə də, R.T.Ərdoğan ölkəmizə səfərini təxirə salmışdı.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, cinayətin siyasi mesaj xarakterli olduğu ehtimalı var: "Yaxın tarixdə terror aksiyaları adətən İstanbulda, Diyarbəkirdə və digər bu kimi ərazilərdə gerçəkləşdirilirdi. Paytaxt Ankaranın, xüsusilə də dövlət qurumlarının yerləşdiyi ərazilərin hədəf seçilməsini təsadüfi saymıram. Bu aksiyalar bölgədə geosiyasi maraqları uğrunda mübarizə aparan güclərdən birinin sifarişi ilə həyata keçirilə və Türkiyənin siyasi hakimiyyətinə mesaj xarakteri daşıya bilər. Yaxud aksiyanı gerçəkləşdirən terror təşkilatı köhnə-yeni dəstəkçilərindən daha çox maliyyə və silah yardımı almaq üçün siyasi yükü çox olan aksiyalara əl ata bilər. Və ya terror təşkilatı hansısa qüvvənin sifarişi ilə başqa bir qüvvənin sifarişçi kimi görünməsi mənzərəsini yarada bilər. Hər halda bu və digər yanaşmaların araşdırılacağını düşünürəm".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ankaradakı son terror aksiyasında Rusiyanın adı çox hallanır: "Ankara Rusiyanı sınamalıdır. Bunun üçün Moskvadan tələb olunmalıdır ki, Rusiya hakimiyyəti PKK-nı terrorçu təşkilat kimi tanısın. Rusiya Xarici İşlər Nazirliyi heç olmasa sözdə PKK-nın terrorçu təşkilat olduğunu bəyan etməlidir. Məsələn, Kreml və onun mediası Türkiyəni İŞİD-lə əlaqədə ittiham edir. Halbuki, Türkiyə İŞİD-i terrorçu təşkilat kimi tanıyır. Əgər Ankaranın istəyinin əksinə olaraq Moskva PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edərsə, "Ankaradakı terror partlayışlarının arxasında hansı dövlət dayanıb" sualı açıq qalacaq".

Politoloq deyib ki, Ankaradakı partlayışı Rusiyadakı bəlli xidmətlərin təlimatıyla həyata keçirdiyini iddia etmir, ancaq hesab edir ki, Rusiyanın həmin xidmətlərinin PKK və Suriyadakı silahlı kürdlərə dəstəyi artıb: "Onlar bunu gizlətmirlər. Rusiya mediası silahlı və terrora əl atan kürdləri qəhrəman kimi qələmə verir, Türkiyəni aşağılamaq və zəiflətmək üçün bütün imkanlarını səfərbər edir. Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir".

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki,  Türkiyədəki dəhşətli terror hadisə Azərbaycanda hər kəsi sarsıdıb. O xatırladıb ki, terror aktı bundan əvvəlki faciədə olduğu kimi Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verib: "Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır və qardaşlığa kədər toxumları səpməyə çalışır".

A.Mirzəzadə qeyd edib ki, Türkiyədə aramsız dəhşətli terrorun törədilməsində əsas məqsəd bu dövləti zəiflətmək, onu diz üstə çökdürməkdir: "Bu nəhəng və möhtəşəm dövlətin müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir. "Terrorun olması kimə sərf edir ?" sualını vermək kifayətdir ki, sifarişçiləri ortaya çıxarasan.

Terrorun Türkiyə rəhbərinin Azərbaycana səfəri ərəfəsində baş verməsi iki qardaş dövlətin daha da yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaq məqsədi daşıyır".

Deputat hesab edir ki, Prezident Rəcəb Təyyub Ərdoğan bu dəfə Azərbaycana mütləq gəlməlidir, dostluğumuza kölgə salanlara cavab verməlidir: "Bura da Türkiyədir, burda da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz birlikdə güclüyük, biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik".

Deputat Adil Əliyev isə deyib ki, bu, dəhşətli hadisənin baş verməsi təsadüfi deyil. Onun sözlərinə görə, son günlər Türkiyə dövləti terrorçuların təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində uğurlu addımlar atır: "Terrorçular niyyətlərinin puç olduğunun fərqindədirlər və onlar dinc insanları öldürməklə öz varlıqlarını göstərməyə çalışırlar. Terrorla hansısa hədəfə çatmaq mümkün olmayacaq. Türkiyə böyük dövlətdir".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, Türkiyənin paytaxtında baş verən son terror hadisəsi də eyni ssenari üzrə əvvəlkilərin təkrarıdır və əsas hədəf ölkədə qorxu mühitinin yaradılmasıdır: "Əminəm ki, terrorizmə qarşı, onların dəstəkçilərinə qarşı türk millətinin birliyi bu məkrli planları pozacaq, Türkiyəmiz və türk millətimiz bu ağır sınaqlardan daha qətiyyətlə çıxacaq".

Milli Məclisin deputatı Fərəc Quliyev isə qeyd edib ki, Ankara terrorunun baş verməsi təkcə Türkiyəyə deyil, bütün türk dünyasına mesajdır. O "SİA"ya bildirib ki, bu terror hadisəsi düşmən qüvvələrin Türkiyə və Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına mane olmaq istəyini ortaya qoyub: "Düşünürəm ki, əsas təşkilatçılar Rusiya-Ermənistan birliyidir və Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşmasına əngəl törətməyə çalışırlar. Rusiya açıq şəkildə PKK və PYD-yə hərbi dəstək verir, türkmənlərin mövqelərini bombalayır, Türkiyə dövlətinə təhqirlər yağdırır. For-post olan Ermənistan da bu işdə Rusiyanın qulluğundadır".

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə Xəzər dəhlizini açması və hətta, qiymətlərdə də endirim etməsi Rusiyanı ciddi narahat edir: "Eyni zamanda, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və hər zaman bir-birinin taleyinə sahib çıxıblar. Bu məqam düşmən qüvvələri ciddi narahat edir. Xəzər dəhlizi üzərindən yüklərin daşınması ilə bağlı Azərbaycanın Türkiyəyə yaratdığı imkan təkcə bu iki dövlətin deyil, bütün türk dünyasının iqtisadi, siyasi, hərbi əlaqələrinin güclənməsinə töhfə oldu".

Millət vəkili xüsusilə vurğulayıb ki, Ərdoğanın səfəri ərəfəsində bir daha belə bir terror aktının baş verməsi Türkiyə və Azərbaycan arasında baş tutacaq yüksək səviyyəli görüşü gecikdirə bilər, amma bu görüş mütləq baş tutacaq: "Türkiyə və Azərbaycan "bir millət, iki dövlət" klassik deyiminə uyğun hərəkət edərək bir-birinə hər zaman dəstək olub və inanıram ki, bundan sonra da olacaqlar. Birliyimizə mane olmağa çalışan qüvvələr isə məğlub olmağa düçardırlar".

Politoloq Fərhad Mehdiyev isə hesab edir ki, bu, terror hadisəsi sıradan bir faciə olaraq qiymətləndirilə bilməz. O "SİA"ya bildirib ki, Türkiyə birbaşa öz paytaxtında vurulur: "Bu işi kim törədib" sualı aktual olmaqla bərabər, olduqca spekulativdir. Çünki ehtimal olaraq bunun arxasında PKK ola biləcəyi kimi FSB yaxud CİA də ola bilər. Ona görə ki, hər üçünün motivləri mövcuddur.

Politoloq hadisə ilə bağlı istintaq aparan şəxslərin əldə edəcəyi sübutlara görə daha dəqiq qərar verəcəklərini qeyd edərək bildirib ki, hadisənin kim tərəfindən törədilməsindən asılı olmayaraq ortada bir fakt var ki, həm türk polisi, həm bə MİT öz işini yerinə yetirə bilmir: "11 martda ABŞ səfirliyi öz vətəndaşlarını internetdə xəbərdar edir ki, Ankarada hökumət dairələrinə yaxın getməsinlər, amma türk istihbaratı terror aktının qabağını ala bilmir. Türkiyədə hal-hazırda ciddi təhlükəsizlik problemi var və istənilən terror hadisəsi asanlıqla həyata keçirilə bilir. Birincisi ona görə ki, ölkədə 2 milyondan çox nəzarətsiz kütlə var. İkincisi isə küçələri və insanları tanıyan polis Türkiyədə yoxdur. "Paralel yapını" çökərtmə adı ilə, şübhəli görülən 20.000-dən çox polis ya işdən çıxarıldı ya da passiv vəzifələrə göndərildi, yerlərinə isə sözün həqiqi mənasında qeyri-peşəkar insanları siyasi motivlərlə yerləşdirdilər. Polisin özünün kəşfiyyat xidməti vardı, amma 17-25 dekabr hadisələrində onlar da buraxıldı".

Fərhad Mehdiyev əlavə edib ki, Türkiyə hökuməti dərhal hadisə haqqında yayın yasağı gətirdi: "Əslində hadisə olub-bitəndən sonra belə bir qadağa absurd görsənir. Bununla hökumət insanların hadisə haqqında fikir yürütməsini istəmir. Çünki hüquq-mühafizə orqanlarının ehmalkarlığı ortadadır. Hadisənin kimin tərəfindən törədilməsinə dair bunları yenə də qeyd edə bilərik. PKK burada əsas şübhəli olaraq görülə bilər, hər halda təhlükəsizlik kameraları, DNA testləri ilə müəyyən ipucları tapmaq mümkündür. İndiki mərhələdə təhlükəsizlik tədbirlərini gücləndirməkdən başqa çarə yoxdur. Hökumət Güneydoğuda apardığı təmizləmə əməliyyatlarına davam etməlidir. Lakin Suriya məsələsində də Əsədlə danışığa getməyin zərurətini anlamalıdır".

Ceyhun ABASOV

 





15.03.2016    çap et  çap et