525.Az

Sözün qədrini bilən şair


 

Sözün qədrini bilən şair<b style="color:red"></b>

Söz İlahidən gələn ilkin və əbədi varlıqdır. Sözün xiridarı isə şairlərdir. Şairlər sözü həm göylərə qaldıra bilər, həm də yerə endirib cılızlaşdıra bilərlər. Ona görə Sözə ehtiyatla yanaşmaq, onunla hörmətlə davranmaq  gərəkdir.

Poeziya kəhkəşanın zirvəsində söz yox ki, əsl söz sahibləri, hər misrada böyük hikmətlər yaradan dahilər dayanır. Şübhəsiz ki, klassik yazıçılarımız, xalqın sevimlisinə çevrilmiş ustad nasirlərimiz də onlarla bir sıradadır. Səmimi olaraq etiraf etməliyik ki, belə dahilərimizlə yanaşı, ədəbi aləmdə şəhərdə yazıb-yaradanlarla bərabər bölgələrdə də yetərincə istedadlı şair və yazıçılarımız da vardır. Cəlilabad rayonunun Alar kəndində yaşayan, yazıb-yaradan belə şairlərdən biri də Ələddin Əzimlidir. Onun poeziyamızın müxtəlif janr və üslubunda yazdığı şeirləri həyatımızın bütün sahələrini əhatə edir. Şairin qələmə aldığı şeirlərin əsas mövzusunu vətənpərvərlik, el-obaya, doğma torpağa bağlılıq, vətən təəssübkeşliyi, ata-ana məhəbbəti, dostluq, sevgi və sədaqət, təbiətə vurğunluq, inam və etibar təşkil edir.

Ələddin müəllimin bu yaxınlarda "UniPrint" nəşriyyatı tərəfindən "Sən" adlı şeirlər toplusu kitabı işıq üzü görüb. Şairin ilk şeirlər kitabı  "Yarımçıq yuxular" 2004-cü ildə nəşr olunub. Bu kitabda şairin  "Pəncərə arxasında düşüncələr", "Günəş və torpaq", "Gecə, düşüncələr...", "Yarpaq ölümü", "Yağışlı, küləkli günlərdə", "Kəhər at", "Qəriblik", "Yaşantı", "Uzun qış gecələrində", "Mavi dəniz", "Şəhidlərin ruhuna", "Yaşıl ada", "Bağışlayın günahımızı" və s. şeirləri yer almışdır. Mən şair dostumun hər iki kitabı barədə nə vaxtsa  fikir və düşüncələrimi oxucularla paylaşmaq qərarındaydım.  Düzü, indiki zamanda söz adamı haqqında yazmaq insandan cəsarət tələb edir. Bu baxımdan mən bu yazımı şair dostum haqqında bir tənqidçi kimi deyil, bir oxucu kimi qələmə aldım. Çünki inamla deyə bilərəm ki,bu gün həm ədəbiyyatımız, həm də ədəbi tənqidimiz günü-gündən zənginləşir, inkişaf edir. Amma bəzən, "bu gün əsl ədəbiyyat yoxdur" deyənlər də tapılır. Mən isə bu fikirlə razılaşmıram. Bu gün respublikamızda yetərincə həm gənc nəsil, həm orta nəsil, həm də yaşlı nəsil yazıb-yaratdığı əsərlərində günün tələblərinə layiqincə cavab verə bilən ədəbiyyat nümunələrini ortaya qoya bilmişlər. İnciklik olmasın deyə, burada kimlərinsə adlarını sadalamaq istəmirəm. Sadəcə, demək istədiyim odur ki, bu günün ədəbi mühitinə, ədəbi yaradıcılığına qısqanclıqla yanaşmaq lazım deyil.

Şair Ələddin Əzimli böyük Sözə həmişə önəm, dəyər verir, onun qədrini bilir. Bir dəfə şair dostumla söhbətində o, dedi: "Qardaş, bəzən mən sözün əsiri oluram, ondan heç bir yana qaça bilmirəm. Bəzən də SÖZ məni ağrı-acılardan, yorğunluqdan, yersiz düşüncələrdən xilas edir". O, sözə ehtiyatla yanaşır, gözəl sözlərin naşı ağızlara düşməsini, onun aşağılanmasını istəmir, söz bazarında SÖZün dəyərini uca tutmağa çalışır. "Söz" şeirində dediyi kimi:

Bu söz
Hardan düşüb
Yol üstünə?
Tuş olacaq
Hər yetənin daşına.


Şair eyni zamanda SÖZün şəklini, tablosunu çəkmək istəyərək ona necə dəyər verdiyini göstərməyə çalışır:

Sözdən şəkil çəkmək istəyirəm
Üzümdəm şərab çəkilən kimi...


Şair nakam sevginin ürək çırpıntılarını, yuxusuz gecələrdə, qaranlıq küçələrdə axtarır. Həsrət dolu sevginin heç olmazsa yuxularına gəlməsini istəyir. "Yarımçıq yuxular"da olduğu kimi:
 
Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmirəm qulaqlarıma...

...Yuxular yarımçıq, sevgi yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma.   

Ələddin Əzimlinin "Sən" adlı kitabında isə şairin son dövrlərdə qələmə aldığı şeirlər toplanıb. Şeirlərin əsas qayəsini Vətən, sevgi, xeyirxahlıq, vətənpərvərlik, insan səmimiyyəti, təbiətə vurğunluq, insan idealına sədaqət təşkil edir. O,  vətəni sevməyin poetik ifadəsinin ən yüksək  bədii inikasını təcəssüm edən şairdir.

Bu gün hamımızın ağrılı yeri olan Qarabağ dərdi də şairi bir vətəndaş kimi narahat edir, dərindən düşündürür. O, babalarımızın bizlərə əmanət etdikləri və miras  qoyduqları torpaqlara sahib çıxa bilmədiyimizi, yağı düşmən tərəfindən işğal olunmasını özünə heç cür bağışlaya bilmir. Bu ağır dərd şairi için-için göynədir, yandırıb-yaxır. Və qələmini silaha çevirib Vətən övladlarını düşmən üzərində zəfər yürüşünə səsləyir:

...Gedər düşmən bu yerlərdən əbədi,
Qarabağım bu gün qiblə, Kəbədi.
Yüksələcək igidlərin məbədi,
Axan qanı saxlamağa gəlmişəm.

Şair dostumun iç dünyası sevgiylə, eşqlə, məhəbbətlə doludur. O, sevginin əsiri olduğunu da  "Sevgi" adlı şeirində gizlətmir:

Seçib məni bu sevgi,
Ürəyimdən çəkilmir.
Odur bolluq, bərəkət
Çörəyimdən çəkilmir.

Şairin qəlbi genişdir, xeyirxahdır, səmimidir. O, başqaları kimi, nə insanlardan, nə də həyatdan heç zaman küsmür. Əksinə, ruhdan düşdüyü anlarda, qəlbi haqsız yerə incidildiyi hallarda  qələmə sarılaraq Sözün ecazkar qüdrətinə güvənərək ona sığınır.

Ələddin müəllimin elə sətirləri var ki, onları həyəcansız oxumaq olmur. Sözlərin təsirindən içində sanki bir ocaq qalanır və sən bu ocağın istisinə qızınırsan.

Yarpaqlar yandırar məni
Kül olmuş ocaqlar kimi.
Budaqdan üzüləndə,
Torpağa düzüləndə.

Şair dostumun həzin notlar üzərində  qələmə aldığı, ürəkləri oxşayan, qəlblərə nüfuz edən məhəbbət motivli şeirləri gənclik duyğuları ilə yaşayan insanlarda kövrək hisslər aşılayır və xatirəyə dönmüş günləri "Sənsizlik" şeirində yenidən yada salır.

Sosial qayğılardan xilas olmağa çalışan şair bəzən, "maddiyyat  mənəvi ehtiyacları üstələyəndə mən sıxılıram, mənən sarsılıram, əbədiyaşar SÖZün dəyərdən düşdüyünü zənn edirəm. Məni ən çox da üzən SÖZü ucuz tutan, onun qədrini və dəyərini bilməyən insanlarla eyni cəmiyyətdə çiyin-çiyinə yaşamağımdır" deyə bədbinliyə qapanır. Amma onun yaşadığı cəmiyyətdə həmişə sosial ədalətsizliyə qarşı mübariz olması onu bu bədbinlikdən xilas edir.

Şair SÖZün ölümünü ağır faciə kimi qarşılayır. "Sözün ölümü" şeirindəki dediyi kimi:

Bu sözü
Diriykən öldürdülər
Qəbrini qazdırdılar,
Adi qaydada
basdırdılar.
Soruşan olmadı
Səbəbini.
Sonra da
Ziyarətgaha çevirdilər qəbrini.


Ələddin Əzimli həm də elini-obasını, dədə-baba yurdunu dərin bir məhəbbətlə sevən şairdir. O, babalarının ilk məskən saldığı Yardımlının Şahnişin yaylağını dilə gətirərək bir daha babalarının xatirəsini hörmət və ehtiramla yad edir. "Şahnişinli Alı babam" şeirindəki kimi:

Babam Alı yurd salıb
Bu dağların döşündə.
Ömrünü başa vurub
Şah verən Şahnişində...

Nəsil artıb, törəyib
Aşanda yurd səddini.
Babalarım saldılar
Burda Alar kən dini...

Ələddin müəllim hər hansı bir şeirini yazıb tamamladıqdan sonra rahatlanır və özündə qeyri-adi məmnunluq hissi yaşayır. Bundan sonra o, dərindən köks ötürərək, "ah, təbiət necə də gözəldir. Bu təbiəti gözəlləşdirən hələ insanları demirəm!.." deyən şairin qəlbinin necə geniş olduğunu, qəlbində kimsəyə qarşı qətiyyən kin-küdurət olmadığının bariz nümunəsini göstərir.

SÖZü daim uca tutan, ona dəyər verən, qədir-qiymətini bilən və ona hər zaman hörmətlə yanaşan şair qardaşım  Ələddin Əzimliyə bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Camal ZEYNALOĞLU

 





15.03.2016    çap et  çap et